Accessibility links

Avqustun 7-də Arif Yunus qəflətən Bakı İstintaq təcridxanasından MTN-nin istintaq təcridxanasına köçürülüb

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun həyat yoldaşı Arif Yunusun apellyasiya şikayətinə baxılıb.

Vəkil Xalid Bağırovun Amerikanın Səsinə verdiyi məlumata görə, bu gün keçirilən prosesdə A.Yunusun özü də iştirak edib.

Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Avqustun 7-də Arif Yunus qəflətən Bakı İstintaq təcridxanasından MTN-nin istintaq təcridxanasına köçürülüb.

Vəkilin sözlərinə görə Arif Yunus MTN-nin təcridxanasına köçürülən zaman heç bir əsas gətirilməyib.

Avqustun 5-də Nəsimi Rayon Məhkəməsi konfliktoloq Arif Yunusun 3 ay müddətinə həbsi barədə qərar çıxarıb.

İyulun 30-da o, polis nəzarətinə götürülüb, həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus isə həbs olunub. Onlar dövlətə xəyanətdə və digər cinayətləri törətməkdə ittiham olunurlar.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilib ki, A.Yunusun həbsi cinayət-prosessual qanunvericiliyin tələblərini pozması ilə əlaqədardır.

Belə ki, A.Yunus polisin icazəsi olmadan dəfələrlə yaşadığı rayonun ərazisini tərk edib, cinayət təqiblərinə məruz qalan şəxslərlə görüşüb, İnternet yazışması ilə məşğul olub, KİV-ə müsahibə verib və bu müsahibədə birtərəfli, həqiqətə uyğun olmayan məlumatlar verib”, prokurorluğun məlumatında deyilir.

Yunusovlar ittihamları qəbul etmir, həbslərini hökumətin siyasətini tənqid edən fəaliyyətləri ilə əlaqələndirirlər.

XS
SM
MD
LG