Accessibility links

Apellyasiya məhkəməsi bloger Ömər Məmmədovu həbsdə saxlayıb


Ömər Məmmədov (Foto Ülvi Həsənlinindir)

Ömər Məmmədov (Foto Ülvi Həsənlinindir)

Məhkəmə onun apellyasiya şikayətinin təmin etməyib

Dekabrın 22-də Bakı Apellyasiya Məhkəməsində NİDA Vətəndaş Hərəkatının və Vətəndaş Həmrəyliyi Partiyasının üzvü, bloger Ömər Məmmədovun Ağır Cinayətlər Məhkəməsinin qərarından verdiyi şikayətə baxılıb.

Məhkəmədən Amerikanın Səsinə verilən məlumata görə məhkəmə şikayəti təmin etməyib.

Apellyasiya şikayətində Ağır Cinayətlər Məhkəməsinin qərarının ləğv olunmasını, hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılması göstərilib.

Ömər Məmmədov 2014-cü il yanvarın 24-də Bakıda narkotik ittihamı ilə tutulub. İyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsi Ömər Məmmədovu 5 il azadlıqdan məhrum edib.

19 yaşlı Ömər Məmmədov “Axın” Gənclər Hərəkatının rəhbəri və Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. Həbsindən sonra o, NİDA Hərəkatına qayıdıb.

Məmmədov fəal bloger və facebookda Azərbaycan hakimiyyətinin nöqsanlarını ələ salan karikaturalar, kollajlar və şərhlər yerləşdirilən “AzTV-dən seçmələr” səhifəsinin administratorlarından biri idi.

Bu ilin oktyabrında isə Penitensiar Xidmətin yaydığı məlumatda deyilib ki, NİDA Vətəndaş Hərəkatının və Vətəndaş Həmrəyliyi Partiyasının üzvü, 3 saylı istintaq təcridxanasında saxlanılan gənc bloger Ömər Məmmədov prezident İlham Əliyev, Mətbuat Şurası və Vətəndaş Həmrəyliyi Partiyasının rəhbərliyinə müraciət ünvanlayıb.

O, prezidentə yazdığı müraciətdə əfv olunmasını istəyib. Həmçinin VHP rəhbərliyindən xahiş edərək, üzv olduğu partiyadan çıxarılmasını istəyib.

XS
SM
MD
LG