Accessibility links

Rəsul Cəfərov məhkəmə qarşısında [Video]


Hüquq müdafiəçisi ikiqatlı dəmir barmaqlıq arxasında oturdulub.

Yanvarın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə hazırlıq iclası keçirilib.

Məhkəmə prosesi böyük maraq doğurduğundan iclas zalı adamla dolu olub. Qərb dövlətlərinin diplomatik korpusları da prosesi izləyib.

Zalda olan insanların Rəsul Cəfərova yaxınlaşa bilməməsi üçün ikiqatlı dəmir barmaqlığın arxasında oturdulub.

Hazırlıq iclasında vəkil Fariz Namazlı R.Cəfərovun "günahının" sübutu olmadığından cinayət icraatının dayandırılması barədə vəsatət qaldırıb.

Bu vəsatətin təmin olunmasından imtina edildiyinə görə müdaiə tərəfi işə R.Cəfərovun günahsız olduğunu təsdiqləyən başqa sənədlərin əlavə olunmasını təklif edib.

Vəkil qeyd edib ki, R.Cəfərov fiziki şəxs kimi qrant müqavilələri imzalayıb və alınan vəsaiti layihələrin reallaşmasına yönəldib. “Bu, istintaq tərəfindən əsassız olaraq qanunsuz sahibkarlıq kimi təqdim olunur”, vəkil bildirib.

R.Cəfərov öz şəxsi gəlirindən vergi ödəyib. Onun hesabına bəzi daxilolmalar düzgün olmayaraq gəlir kimi göstərilib, çünki tədbirlər üçün nəqliyyat xərcləri və digər şəxslərə, xüsusən həbsdə olan NİDA fəalı İlkin Rüstəmzadəyə maddi yardım kimi təqdim edilib.

Bundan əlavə, işə zərərçəkən kimi cəlb olunanların R.Cəfərova qarşı iddiaları yoxdur.

İclasda iki zərərçəkən – Əhməd Heybətov və Anar Cəbiyev bildiriblər ki, onlara R.Cəfərovun fəaliyyətindən heç bir ziyan dəyməyib və ona qarşı iradları yoxdur. Odur ki, vəkil zərərçəkənlərin üzərindən bu statusun götürülməsi barədə vəsatət qaldırıb.

F.Namazlı həmçinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsinə çağırıb, çünki istintaq başa çatıb və müttəhim artıq şahidlərə “təzyiq göstərə” bilməz.

Vəkil məhkəmədən xahiş edib ki, müttəhimin vəkillə yanaşı əyləşməsinə icazə versin.

Bundan əlavə, F.Namazlı R.Cəfərovun fəaliyyətinin yoxlanılması ilə bağlı Maliyyə və Vergilər nazirliklərinin, QHT-lərə Dövlət Dəstəyi Şurasının imzaladığı aktın iş üzrə materialların arasından çıxarılmasını xahiş edib. Çünki həmin şəxslər fiziki şəxsin fəaliyyətini yoxlamaq səlahiyyətinə malik olmayıblar.

Həmçinin müdafiə tərəfi prosesin audio və videoyazısının aparılması barədə vəsatət qaldırıb.

Lakin dövlət ittihamçısı bütün vəsatətlərin əleyhinə olub.

Məhkəmə yalnız iş üzrə materiallara əlavələrin edilməsi barədə vəsatəti təmin edib.

Mahiyyəti üzrə dinləmələr yanvarın 27-nə təyin edilib.

«Demokratiya naminə incəsənət” kampaniyasının koordinatorru Rəsul Cəfərov avqustun 2-də həbs olunub. O, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətindən sui-istifadədə ittiham olunub. Sonradan ona qarşı yeni ittihamlar-vəzifə saxtakarlığı (CM-in 313-cü maddəsi) və mənimsəmə (179.3.2) ittihamları irəli sürülüb.

Amnesty İnternational Rəsul Cəfərovu ”vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG