Accessibility links

Avropa Məhkəməsi İntiqam Əliyevin işi ilə bağlı kommunikasiyaya başlayıb


Intiqam Əliyev ( Foto Aynur İmranovanın facebook shifəsindən götürülüb)

Intiqam Əliyev ( Foto Aynur İmranovanın facebook shifəsindən götürülüb)

Hökumətə 28 maya qədər qeydlərini təqdim etmək üçün vaxt verilib

Avropa İnsan Haqları Məhkəməsi həbsdə olan Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, hüquq müdafiəçisi İntiqam Əliyevin işi ilə bağlı Azərbaycan hökuməti ilə kommunikasiyaya başlayıb.

Vəkil Cavad Cavadov Amerikanın Səsinə bildirib ki, Avropa İnsan Haqları Məhkəməsi İntiqam Əliyevin işinə prioritet qaydada baxır.

"Avropa Məhkəməsi İntiqam Əliyevin Avropa İnsan Haqları Konvensiyasının 3-cü maddəsi (işgəncələrin qadağan olunması) ilə bağlı şikayətinin kommunikasiyasına başlayıb və hökumətə 28 maya qədər öz qeydlərini təqdim etmək üçün vaxt verib. Şikayətə prioritet qaydada baxılır", o bildirib.

Vəkil bu maddə ilə bağlı bildirib ki, şikayət əsasən hüquq müdafiəçisinin saxlanma şəraiti, İntiqam Əliyevin məhkəməyə gətirilməsi zamanı səhhətinin pisləşməsi ilə bağlı olub.

Bununla belə vəkil Cavad Cavadov İntiqam Əliyevin Avropa Məhkəməsinin prioritet qaydada daha bir işi üzrə komunikasiya mərhələsinin başlandığını xatırladıb.

Onun sözlərinə görə Avropa Məhkəməsi bundan əvvəl İntiqam Əliyevin Konvensiyanın 5-ci maddəsi ilə (azadlıq və toxunulmazlıq hüququ) bağlı şikayətin kommunikasiya mərhələsi başlayıb.

Hökumətə martın 12-dək vaxt verilib.

Bu şikayət isə hüquq müdafiəçisinin ilkin həbsi ilə bağlıdır.

İntiqam Əliyev avqustun 8-də həbs olunub. O, vergidən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə və qanunsuz sahibkarlıqda ittiham olunur. Sonradan ona qarşı mənimsəmə və vəzifə saxtakarlığı üzrə ittihamlar da irəli sürülüb.

Yanvarın 23-dən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə İntiqam Əliyevin məhkəməsi başlayıb.

İ.Əliyev bütün ittihamları rədd edərək siyasi motivli sayır.

Amnesty İnternational İ.Əliyevi ”vicdan məhbusu” kimi tanıyıb.

XS
SM
MD
LG