Accessibility links

İntiqam Əliyevin məhkəməsində qalmaqal [Video]


Mübahisələrlə əlaqədar hakim iclası təxirə salıb

Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi İntiqam Əliyevin işi üzrə proses davam edib və qalmaqal düşdüyündən proses təxirə salınıb.

İclasın əvvəlində vəkil Fəxrəddin Mehdiyev Əliyev barəsində qətimkan tədbirinin dəyişdirilməsi, onun hüquq müdafiəçiləri və ictimaiyyət nümayəndələrindən ibarət qrupun zaminliyi ilə azadlığa buraxılması haqqında vəsatət qaldırıb.

Onlar məhkəmədən Əliyevin şəxsiyyətini, hüquq müdafiə fəaliyyətini, ölkədə və xaricdə ictimai xadim kimi tanındığını nəzərə almağı xahiş ediblər. Müraciət müəllifləri Əliyevin azadlıqda olarkən məhkəmə iclaslarına gələcəyinə zamin durub.

Lakin prokuror buna qarşı çıxaraq bildirib ki, qətimkan tədbirinin dəyişdirilməsinə “ehtiyac” görmür, hakim Rasim Sadıxov vəsatəti təmin etməyib.

Daha sonra vəkil Şəhla Hümbətova bildirib ki, prokurorluq yenə Hüquq Maarifçiliyi Cəmiyyətinin (HMC) ofisində axtarış zamanı müsadirə edilmiş maliyyə sənədlərinin və avadanlığın qaytarılması haqqında sorğusunu rədd edib.

Hakim Sadıxov bildirib ki, prokurorluq sənədlərin bir hissəsini qaytarıb. Lakin Əliyev özü deyib ki, onun Avropa İnsan Hüquqları Məhkəməsində apardığı işlərin bir hissəsi qaytarılıb. Lakin qaytarılan sənədlər artıq barəsində Avropa Məhkəməsinin qərarı olan köhnə işlərə aiddir.

"Hazırda 2010-cu il parlament seçkilərui ilə bağlı 40 iş kommunikasiya mərhləsindədir. Prokurorluq həmin seçki işl ilə bağlı sənədləri qaytarmır. Halbuki mənim barəmdə istintaq hərəkətləri başa çatıb, işə məhkəmə baxır. Həm də həmin sənədlərin mənimlə bağlı cinayət işinə aidiyyatı yoxdur", o qeyd edib.

Daha sonra vəkil Hümbətova Ədliyyə Nazirliyinin reyestrindən qrantların qeydiyyatı haqqında məlumatları istəmək barədə vəsatət qaldırıb. Çünki bu məlumatlar müdafiə tərəfinə verilmir. Qrantların qeydiyyatı haqqında bildirişləri isə istintaq müsadirə edib. Əliyev məhz qrantları qeydiyyatdan keçirmədən layihələr həyata keçirməkdə təqsirləndirilir.

Vəkil Cavad Cavadov həmçinin Unibank-a zərərçəkmiş Əfsanə Orucovanın – İntiqam Əliyevin rəhəbəri olduğu Hüquq Maarifçiliyi Cəmiyyətinin (HMC) mühasibi Gülşən Orucovanın bacısının hesablarından tam çıxarış istənilməsi haqqında vəsatət qaldırıb.

Vəkil deyib ki, işdə olan çıxarışlar zərərçəkmişin özü tərəfindən təqdim edilib və onların doğruluğu şübhə doğurur. Lakin hakim hər iki vəsatəti təmin etməyib.

Daha sonra Əfsanə Orucova ifadə verib, o, bankda adına hesab açıldığını, oraya pul köçürüldüyünü, daha sonra o pulları Əliyevə verdiyini deyib. Bu zaman o qeyd edib ki, pulu bacısı – MHC-nin mühasibi vasitəsilə verirdi.

Ə.Orucova bu sövdələşmənin şərtlərini qəbul etməsini onunla izah edib ki, o, pensiya fonduna, vergilər və ödəmələr ödəyirdi.

Fərdi vergi ödəyicisinin identifikasiya nömrəsinə malik olub-olmadığı haqqında suala cavabda o, xatırlamadığını deyib.

Ə.Orucova bildirib ki, pullar tərcümə xidmətinin ödənişi kimi tərtib edilirdi.

Müdafiə tərəfin bankın ona hansı əsaslarla pul verdiyi, tərcümə xidmətləri haqqında müqavilə təqdim edib-etmədiyi haqqında sualı, prokurorun israrı ilə ləğv edilib.

Ümumiyyətlə bir çox suallar ya prokurorun təklifi ilə, ya da hakimin özü tərəfindən ləğv edilirdi.

Bu zaman Əliyev məhkəməni tərəflilikdə günahlandırıb və məhkəmə heyətinə etiraz bildirib. Hakim bununla əlaqədar yazılı ərizə yazmağı təklif edib.

Mühasib G.Orucovanın bacısının yerinə sual cavab vermək və sualları cavablandırmaq cəhdi müdafiə tərəfin və zalda iştirak edənlərin qəzəbinə səbəb olub.

Daha sonra o, zalda oturan jurnalistləri təhqir etməyə başlayıb, onları “ermənilərdən pul alan vicdansız, naxələf, şərəfsiz və satqın adlandırıb”.

Bundan sonra G.Orucovanın hüquqi nümayəndəsi, Vəkillər Kollegiyasının üzvü Nemət Heydərov da hakimi təhqirlərə son qoymağa çağıran jurnalistləri təhqir etməyə başlayıb.

Mübahisələrlə əlaqədar hakim iclası dayandırıb, zalı boşaltmağı tələb edib. Sonradan iclasın martın 17-nə təyin edildiyi elan edilib.

Vəkil Heydərovun təhqirlərinə məruz qalmış jurnalistlər və ictimaiyyət nümayəndələri Vəkillər Kollegiyasına şikayət vermək niyyətindədirlər.

Bundan başqa, onlar G.Orucovanı və N.Heydərovu şərəf və ləyaqəti təhqir etdiklərinə görə məsuliyyətə cəlb etməyə hazırlaşırlar.

İntiqam Əliyev 8 avqust 2014-cü ildə qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs edilib. Sonradan o, həmçinin mənimsəmə və vəzifə saxtakarlığında ittiham olunub.

Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı onu “vicdan məhbusu” kimi tanıyıb.

XS
SM
MD
LG