Accessibility links

Məhkəmə Zeynal Bağırzadə barədə həbs qətimkan tədbiri seçib

Naxçıvanda Azərbaycan Xalq Çəbhəsi Partiyasının (AXCP) fəalı Zeynal Bağırzadə polisə müqavimət ittihamı (CM-in 315-ci maddəsi) ilə saxlanılıb. Onun barəsində məhkəmə həbs qətiimkan tədbiri seçib. Bu barədə Amerikanın Səsinə onun qardaşı, AXCP regional təşkilatının rəhbəri Yaşar Bağırsoy bildirib.

Yaşar Bağırzadənin sözlərinə görə, ötən şənbə Z.Bağırzadənin Nehrəm kəndindəki evinə Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri gəlib, onlar fonda ödəniş etməyi tələb edib.

“Bağırzadə özü evdə olmayıb və məmurlardan Faiq İsmayılov adlı biri ev sahibi haqqında təhqiredici ifadə işlədib. Həyat yoldaşının etirazına cavabda məmur qadını da təhqir edib. Səs-küyə qonşular gəlib, məmur deyib: “Cəlil Məmmədquluzadə onları doğru olaraq “danabaş” adlandırıb”.

Daha sonra Zeynal Bağırov Sosial Müdafiə Fonduna gəlib, evinə yoxlamaya gəlmələrinin və həyat yoldaşını təhqir etmələrinin səbəbini soruşub. Cavabda İsmayılov Bağırzadəni vurub və iki digər məmurla birlikdə onu döyməyə başlayıb.

Onu, demək olar ki, huşsuz vəziyyətdə küçəyə atıblar və Bağırzadəyə yoldan keçənlər kömək edib.

Özünə gəldikdə Bağırzadə Babək rayon prokurorluğuna şikayət edib. Bazar ertəsi onu prokurorluğa çağırıblar, onu döyən fond əməkdaşları da burada idi”, o qeyd edib.

Bundan sonra Bağırzadə saxlanılıb və bu gün Babək rayon Məhkəməsi barəsində həbs qətimkan tədbiri seçib.

Saxlanılan şəxsin qardaşı qeyd edib ki, Zeynal heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmayıb. Xüsusən, onun malik olduğu torpaq sahəsi becərilmir, çünki kəndə su verilmir.

Bir neçə il əvvəl Bağırzadə kəndə gələn suyun kəsilməsinə etiraz etdiyinə görə həbs edilib və mühakimə olunub. Sonradan həbs cəzası şərti cəza ilə əvəz edilib.

Rəsmi orqanlar Bağırzadənin saxlanması ilə bağlı hələ məlumat yaymayıb.

XS
SM
MD
LG