Accessibility links

“Nardaran işi” üzrə hökmün oxunması təxirə salınıb [Video]


“Nardaran işi” üzrə hökmün oxunması təxirə salınıb
please wait

No media source currently available

0:00 0:02:03 0:00

Müttəhimlərin son sözü başa çatıb

Yanvarın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi” üzrə məhkəmə prosesində təqsirləndirilən şəxslərin çıxışları yekunlaşıb.

Məhkəmənin qarşısına yüzdən çox insan toplaşıb. Onların əksəriyyəti sinələrinə və kürəklərinə “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadənin şəkillərini yapışdırıb. Əraziyə çoxsaylı polis nəzarət edir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı son sözündə deyib ki, onu nardaranlıları dəstəklədiyinə görə həbs ediblər.

Nardaran işi məhkəməsi
Nardaran işi məhkəməsi

“Biz öz ideyalarımza görə buradayıq. İlham Əliyev rejimi onun siyasəti qarşısında boyun əyməyən hər kəsi şəxsi təhlükə görür”, deyə Qəhrəmanlı bildirib.

O xatırladıb ki, əvvəllər də həbslərə məruz qalıb, amma onlar qısamüddətli olub. İndi isə hakimiyyət onu uzun müddətə həbs etməyi qərara alıb. Hakimiyyət belə addımlarla cəmiyyəti qorxutmağa çalışır.

“Qurbanlara hazır olmayan xalq azadlıq əldə edə bilməz”, deyən Qəhrəmanlı əlavə edib ki, onunla birlikdə mühakimə olunan dindarlar terrorçu deyil, hətta prokuror və hakim övladlarının da gələcəyini düşünən humanistlərdir.

Müttəhim Abbas Quliyev son sözlə çıxış edib, təqsirsiz olduğunu və polisdə işgəncələrə məruz qaldığını bildirib.

Onun sözlərinə görə, o, dəfələrlə ədalətsiz təqibə etiraz əlaməti olaraq intihar etmək istəyib: iki dəfə özünü asmaq istəyib, amma imkan verməyiblər. İki dəfə də damarlarını kəsib, amma onu xilas ediblər.

Bundan sonra məhkəmə hökm çıxarmaq üçün müşavirəyə çəkildiyini elan edib.

Amma hökmün nə vaxt açıqlanacağı elan edilməyib.

***

Azadlıq.info saytı AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məhkəmədə son sözünü yayıb. O, Nardaran hadisələrində öz yazıları ilə halimiyyəti ifşa etdiyi üçün həbs olunduğunu bildirib və bəyan edib ki, ölkədə demokratikləşmə naminə nəinki həbsə, ölümə də hazırdır.

"Mən bu hakimiyyətin əməllərində ancaq haramçılıq gördüm. Amma mən öz qanımı bunlara halal eləyirəm. Bacarırsınızsa, məni içəridə öldürün, qanım sizə halaldır. Yetər ki, ölümüm bizim demokratiya, azadlıq ideallarımıza xidmət eləsin", o bildirib.

"HAKİMİYYƏTİN İSTƏYİ ODUR Kİ…"

Azərbaycan hakimiyyətinin Nardaran əməliyyatını məqsədli şəkildə törətdiyini deyən F.Qəhrəmanlının fikrincə, bu əməliyyatın bir neçə məqsədi olub:

"Hakimiyyətin istəyi odur ki, dindar kəsim siyasi proseslərdən kənarda qalsın, ölkədə baş verən ictimai-siyasi hadisələrə biganə olsun. Amma, qəfildən Hacı Taleh meydana çıxdı, inanclı kəsimə çatdırdı ki, dindarlıq təkcə namaz qılmaq deyil, əməlsiz namazın dəyəri yoxdur. İnanclı adam haqsızlıq, zülm qarşısında da susmamalıdır. Hakimiyyət bu qondarma əməliyyatı təşkil elədi ki, həm Hacı Taleh və ətrafındakılara "terrorçu" damğası vurub onları məhv eləsin, həm də Qərbə göstərmək istəyirdi ki, amandır, biz bu gün onları asıb-kəsməsək, sabah radikalları yığışdırmaq mümkün olmayacaq. Həmin o Qərb ölkələrinin səfirlikləri məhkəmədə gördü ki, bu adamlar tamamilə günahsızdır, onlar nə radikaldır, nə də terrorçu. Hamısı günahsızdır. Əslində, bu əməliyyat dövlət səviyyəsində həyata keçirilmiş terrordur".

"BU DA VƏTƏNPƏRVƏRLİKDİR"

F.Qəhrəmanlı deyib ki, özü də daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 18 nəfərin heç biri cinayət törətməyib. Onlar, sadəcə, ölkədə korrupsiyanın, məmur özbaşınalığının dövlət siyasətinə çevrilməsinə, mənəvi deqradasiyaya etiraz etdiklərinə görə cəzalandırılıb. F.Qəhrəmanlının fikrincə, İlham Əliyev ölkədə korrupsioner tiraniya yaradıb:

"Xalq bu hakimiyyətə neyləyib ki, başına bu oyunları açırlar? Bunların sərvət hərisliyini başa düşmək olar, amma bunu xalqla düşmənçilik səviyyəsində eləmək olmaz axı. Bunlar xalqla açıq düşmənçilik aparırlar… Ölkəyə 150 milyard neft pulunun gəlməsinə baxmayaraq, bərbad iqtisadi siyasət nəticəsində bu gün Azərbaycan hətta kartofun da 60 faizini xaricdən alır…"

Bu yerdə prokuror F.Qəhrəmanlının çıxışına etiraz edib. Məhkəmə prosesinə sədrlik edən hakim Əlövsət Abbasov da eyni mövqedən çıxış edib və F.Qəhrəmanlı ilə aralarında belə dialoq olub.

Hakim:

– Bura siyasi tribuna deyil. Mahiyyəti üzrə danışmasanız, son sözünüzü məhdudlaşdıracam.

– Mənə verilən ittihamlar siyasidirsə, mən neyləməliyəm? Məni hakimiyyət əleyhinə çağırışlarda günahlandırırlar. Mən də hakimiyyətin mahiyyətindən, ona niyə etiraz etməyimdən danışıram.

– Kartofun məsələyə nə dəxli var?

– Necə olur, İlham Əliyev yumurtadan danışa bilər, mən kartofdan danışa bilmərəm?

Məhkəməni izləməyə gələnlərə müraciət edən F.Qəhrəmanlı deyib ki, onların həbsdə olmasına görə üzülmək yox, qürur hissi keçirmək lazımdır. Ümidlənmək lazımdır, çünki "bu qədər repressiyalara, mənəviyyatsızlıqlara baxmayaraq, hələ də şərəfli, xalqın azadlığı uğrunda həyatından keçən oğullar yetişir".

F.Qəhrəmanlı çıxışının sonunda bildirib ki, ümumbəşəri ideyaların həyata keçməsi üçün mübarizədə nəinki həbsə, canını verməyə hazırdır: "Biz özümüzü şüurlu şəkildə vətənə fəda demişik. Vətənpərvərlik təkcə torpaq uğrunda ölmək deyil. Bu gün ölkədəki korrupsiyaya, ədalətsizliyə, insanların hüquqsuzluğuna qarşı mübarizə aparırsansa, bu da vətənpərvərlikdir. Çünki korrupsiya ölkəni içəridən dağıdır, ədalətsizlik vətəndaşlarımızı öldürür".

İKİ DƏFƏ İNTİHARA CƏHD EDİB

Ardınca Abbas Quliyev son sözünü deyib. Məhkəmədə vəkillərin verdiyi onlarla vəsatətlərin heç birinin təmin olunmadığını xatırladan A.Quliyev bu səbəbdən məhkəmədən ədalətli qərar gözləmədiyini bildirib.

Həbs olunarkən və ondan sonra məruz qaldıqları işgəncələrdən danışan A.Quliyev deyib ki, bu üzdən iki dəfə intihara cəhd edib - bir dəfə damarlarını kəsib, ikinci dəfə özünü asıb.

"Biz 1 il 2 aydır günahsız yerə həbsdəyik. Mənə prokuror 15 il iş istədi. Elə birdəfəlik ömürlük verin. Onsuz da 15 ildən sonra çıxıb yenə haqsızlıq görəcəm. Bu ölkədə haqq-ədalət yoxdur", A.Quliyev bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG