Accessibility links

Fevralın 2-də Bakı Apellyasiya Məhkəməsi inzibati həbsə məhkum edilmiş Əhsən Nuruzadənin apellyasiya şikayətini təmin etməyib. Bu barədə vəkil Yalçın İmanov Amerikanın Səsinə bildirib.

Apellyasiya şikayəti Ə. Nuruzadənin 10 sutka inzibati həbs olunması barədə Nərimanov Rayon Məhkəməsinin qərarından verilib.

Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən məhkəmədə Əhsən Nuruzadənin özü də iştirak edib.

Vəkil deyib ki, Əhsən Nuruzadə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) qarşısından keçərkən söyüş söyməkdə, onu intizama dəvət edən polis əməkdaşlarına tabe olmamaqda günahlandırılaraq həbs olunub.

“Amma reallıqda belə hadisə olmayıb. Onu üç nəfər mülki geyimli yaşadığı evin yaxınlığında tutub, BMCMİ-yə aparıb, orada altı gün saxlanılıb və vəkilinə hər hansı məlumat verilməyib”.

Onun sözlərinə görə, Nuruzadə Nardaran işi üzrə keçirilən məhkəmənin daimi iştirakçısı olub və Taleh Bağırzadənin tərəfdarıdır.

"Məhkəmə Əhsən Nuruzadənin inzibati həbsi barədə qərar verdikdən sonra, o məntəqəyə yox, yenə də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qaytarılıb. Əhsən Nuruzadə yaşadığı evin yaxınlığından oğurlanıb və sonradan qanunsuz həbs edilib, ona qarşı Azərbaycan Konstitusiyası və Avropa Konvensiyası ilə təminat verilən bir sıra təməl hüquqları pozulub. Ona yaxınları ilə əlaqə saxlamağa imkan verilməyib, vəkil ilə təmin olunmayıb", o qeyd edib.

Hakim xatırladıb ki, Əhsən Nuruzadə özünün yazdığı izahatda BMCMİ-nin qarşısında söyüş söydüyünü etiraf edib.

“İdarədə necə diqtə edilibsə, o cür də yazmışam”, Nuruzadə məhkəmədə deyib.

Vəkil İmanov izahatın mənəvi-psixoloji təzyiqlərin nəticəsi olduğunu deyib.

Qısa müşavirədən sonra hakim qərarın qüvvədə saxlanıldığını elan edib.

"Onsuz da bir günün qalıb, qərar dəyişdirilmir", hakim qeyd edib.

Nuruzadənin işi ilə bağlı Avropa Məhkəməsinə müraciət ediləcək.

Əhsən Nuruzadə yanvarın 24-də həbs olunub. Onun həbs müddəti fevralın 3-də başa çatacaq.

XS
SM
MD
LG