Accessibility links

Fevralın 24-də Sumqayıt Apellyasiya Məhkəməsində REAL Hərəkatının fəalı Rahim Şaliyevin inzibati həbsindən verilmiş şikayətə baxılmasına başlanıb. Prosesdə Rahim Şaliyevin iştirakı təmin olunmayıb. Bu səbəbdən onun vəkili Yalçın İmanov prosesin təxirə salınmasını xahiş edib.

Vəkil məhkəməyə bir neçə vəsatət təqdim edib. Hakim Nazim Mövsümov onların bir neçəsini (inzibati protokolu tərtib edən və ittiham aktinı yazan polis əməkdaşlarının prosesə gəlməsi, şahidin dindirilməsi və R.Şaliyevin məhkəmədə iştirakı) təmin edib. Lakin Bakcell mobil operatoruna geopozisiya ilə bağlı sorğunun göndərilməsi, telefon danışıqlarının sübut növü kimi qiymətləndirilməsi kimi vəsatətlər təmin edilməyib.

Yalçın İmanov deyib ki, R.Şaliyevin izahatı təzyiq altında alınıb.

“Sumqayit Şəhər Polis İdarəsində o, işgəncələrə və pis rəftara məruz qalıb. İdarədə ona inzibati xəta protokolunda qeyd olunanlarla bağlı deyil, təmsil olunduğu siyasi təşkilatla bağlı suallar verilib. Sumqayıt Şəhər Məhkəməsi onun barəsində 30 sutka inzibati həbs qərarı çıxararkən heç bir araşdırma aparmayıb. Məhkəmənin qərarında isə R.Şaliyevin ona qarşı irəli sürülən ittihamla razı olduğu yazılıb”, vəkil qeyd edib.

Proses fevralın 27-də saat 12:00-da davam edəcək.

R. Şaliyev REAL Hərəkatının Sumqayıt Məclisinin fəalıdır. O, bloqçudur və bir neçə yerli xəbər portalı ilə əməkdaşlıq edir.

Fevralın 20-də Sumqayıt Şəhər Məhkəməsi Rahim Şaliyevə inzibati qaydada 30 sutka həbs verib. Fəal xırda xuliqanlıqda və polisin qanuni tələbinə tabe olmamaqda günahkar bilinib.

XS
SM
MD
LG