Accessibility links

Apellyasiya Məhkəməsi jurnalistin şikayətlərini təmin etməyib


Elçin İsmayıllı

Martın 13-də Bakı Apellyasiya Məhkəməsində məhkəməyə qədər həbs edilmiş jurnalist Elçin İsmayıllının iki şkayətinə baxılıb. Bu haqda onun vəkilləri bildirib.

Jurnalistin vəkilləri E.İsmayıllının barəsində həbs qətimkan tədbirinin uzadılması və ev dustaqlığına buraxılmasından imtinanı qanunsuz saydıqlarından Apellyasiya Məhkəməsinə şikayət ediblər.

Vəkil Elçin Sadıqov E.İsmayıllının həbsdə saxlanmasını qanunsuz sayır: “Qanunvericilik hüquq pozuntusu törədilməsində şübhəli bilinən şəxsin ibtidai həbs müddətinin uzadılmasını mümkün edən 4 səbəbi aydın şəkildə göstərib. Həbs müddətini artırmaq üçün şəxsin gizlənmə, iş üzrə həqiqətin aşkara çıxarılması prosesinə mane olma təhlükəsi real olmalıdır. Elçin İsmayıllının işində həbs müddətini artırmaq üçün zəruri olan bu əsasların heç biri mövcud deyil”, vəkil bildirib.

Amma məhkəmə E.İsmayıllının barəsində həbs qətimkan tədbirini qüvvədə saxlayıb.

Bakı Apellyasiya Məhkəməsində həmçinin E.İsmayıllının barəsində həbs qətiimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasından imtina edilməsi barədə qərardan verilən şikayətə də baxılıb.

Vəkil Nəsimi Rayon Məhkəməsinin E.İsmayıllını ev dustaqlığına buraxmaqdan imtinasını cinayət-prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması adlandırıb.

Məhkəmə bu işdə də E.İsmayıllının ev dustaqlığına buraxılmasından imtina edib.

Vəkil hər iki qərarın əsassız olduğunu deyrək ən yaxın günlərdə Avropa Məhkəməsinə şikayət edəcəklərini bildirib.

İsmayıllıda yaşayan müstəqil jurnalist E.İsmayıllı fevralın 17-də saxlanıb. Nəsimi məhkəməsi fevralın 18-də onun haqqında 24 günlük həbs qətimkan tədbiri seçib, martın 3-də həbs müddəti iyun ayınadək artırılıb.

Jurnalistin barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

E.İsmayıllı isə bu işi qurama adlandırır.

XS
SM
MD
LG