Accessibility links

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Cinayət işi baxılmaq üçün Qaradağ rayon Məhkəməsinə göndərilib. Bu barədə vəkil Toğrul Babayev Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, məhkəmənin vaxtı yaxın günlərdə məlum olacaq.

Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il müddətinə həbs edilib.

2016-cı ilin oktyabrında Əli İnsanovun həbs müddətinin bitməsinə bir neçə gün qalmış ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

2016-cı il oktyabrın 11-də Bakının Qaradağ rayon Məhkəməsi rayon prokurorluğunun təqdimatı əsasında keçmiş nazirin həbs edilməsi haqqında qərar çıxarıb.

İnsanov ittihamları onun həbsdən buraxılmaması məqsədilə irəli sürülmüş “saxta ittihamlar” adlandırıb.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb və Azərbaycan hakimiyyəti hökmü dəyişdirməyib. Avropa Şurası Nazirlər Kabineti dəfələrlə Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Məhkəmə prosesləri zamanı İnsanov Azərbaycan hakimiyyətini və şəxsən prezident İlham Əliyevi kəskin şəkildə tənqid edib.

Hüquq müdafiə təşkilatları İnsanovu "siyasi məhbus" kimi tanıyır.

Əli İnsanov ikinci ittiham üzrə Qaradağ rayon Məhkəməsinin qərarından da Avropa Məhkəməsinə şikayət edib. Şikayət baxış üçün qəbul edilib.

XS
SM
MD
LG