Accessibility links

Mehman Hüseynovun şikayəti təmin edilməyib


Mehman Hüseynov

Martın 28-də Bakının Səbael Rayon Məhkəməsi bloger Mehman Hüseynovun işgəncəyə məruz qalması ilə bağlı Bakı şəhər Prokurorluğunda cinayət işi qaldırılmasından imtina edilməsi barədə nəzarət qaydasında verilmiş şikayəti təmin etməyib.

Proses hakim Aytən Əliyevanın sədrliyilə qapalı rejimdə keçirilib.

Bu il yanvarın 10-da M.Hüseynov onun saxlanması işi üzrə məhkəmədən sonra bildirib ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsində işgəncələrə məruz qalıb. Onu mülki geyimli şəxslər yanvarın 9-da saxlayaraq polisə gətirib.

Bununla əlaqədar müdafiə tərəfinin vəsatəti əsasında Nəsimi Rayon Məhkəməsi işgəncə faktının araşdırılması üçün Bakı Şəhər Prokurorluğuna müraciət edib. Lakin prokurorluq cinayət işi qaldırmaqdan imtina edib. Müdafiə tərəfi prokurorluğun bu qərarından məhkəməyə nəzarət qaydasında şikayət verib.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, məhkəmə şikayəti təmin etməyib və müdafiə tərəfi apellyasiya şikayəti vermək niyyətindədir.

İşgəncələr barədə M.Hüseynovun bəyanatı ona qarşı böhtan ittihamı ilə iddia qaldırılmasına səbəb olub. İddiaçı kimi Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev çıxış edib. Məhkəmə həmin iddia əsasında M.Hüseynovu 2 il azadlıqdan məhrum edib.

Bir çox beynəlxalq təşkilatlar M.Hüseynovun barəsində hökmü pisləyib, bunun onun bloger və hüquq-müdafiə fəaliyyəti ilə əlaqəli olduğunu bildirib.

XS
SM
MD
LG