Accessibility links

Bloger: “Mehman qayıdacaq” [Video]


Bloger Mehman Hüseynovun apellyasiya şikayətinə baxılır

Aprelin 10-da Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə həbsdə olan bloger Mehman Hüseynovun şikayətinə baxış davam edib.

M.Hüseynov bu il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun çıxardığı hökmlə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onu Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında şikayəti əsasında cəzalandırıblar.

M.Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanılıb. Polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılan bloger bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılıb. Nəsimi Rayon Məhkəməsinin qərarında blogerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun işgəncə ilə bağlı şikayətinin prokurorluqda araşdırılması da əksini tapıb.

M.Hüseynov sərbəst buraxıldıqdan sonra polisdə işgəncələrə məruz qaldığını bildirib. Ancaq Daxili İşlər Nazirliyi blogerin polisdə işgəncəyə məruz qalması ilə bağlı dediklərini inkar edib.

Bakı şəhər Prokurorluğu Mehman Hüseynovun işgəncəyə məruz qalması şikayət ilə bağlı cinayət işi qaldırmaqdan imtina edib.

Ardınca Nəsimi Rayon Polis İdarəsinin rəisi M.Musayev xüsusi ittiham qaydasında blogerdən məhkəməyə şikayət edib. Şikayətdə Mehman Hüseynovun işgəncəyə məruz qalmasını bildirməsi polisə böhtan kimi dəyərləndirilib.

Mehman Hüseynov ölkədə sərt tənqidçi blogerlərdəndir. O hökumətin həyata keçirdiyi bir sıra layihələr, məmurlar, yüksək vəzifəli şəxslər, deputaların bahalı villaları, evləri və ev əşyaları ilə bağlı ifşaedici video reportajların müəllifidir. Onun video reportajları geniş rezonansa səbəb olub, sosial şəbəkələrdə yüz minlərlə insan tərəfindən izlənib. Mehman Hüseynovun facebook səhifələrinin hazırda 400 mindən çox izləyicisi var.

Bu günki prosesdə məhkəmə heyəti onun şəxsiyyəti ilə bağlı məlumatları elan edib. Bu zaman bloger məluimatların düzgün olmadığını deyib.

“Mən bilmirəm kiməm. Çünki bir neçə il qabaq bütün sənədlərim alınıb və geri qaytarılmayıb. Məhkəmə şəxsiyyətimi müəyyən etmək üçün sənədlərimi tələb etməlidir”.

Amma, hakim heyəti blogerin vəsatətinə fikir verməyib.

Vəkili Fuad Ağayev M.Hüseynovun tutulmasının səbəblərini hərtərəfli xarakterizə edərək həbsi əsassız sayıb.

“Mehman Hüseynovun məhkum edilməsi tərzi hətta ədalətin qələbə çala bilmədiyi Azərbaycan hüquq sistemi üçün də analoqu olmayan işdir.

M.Hüseynov sosial şəbəkələrdə yüz minlərlə izləyicisi olan bir şəxsdir, əgər Suraxanı Rayon Məhkəməsi belə bir şəxsi bu şəkildə əsassız olaraq həbs edirsə, görün, sıravi şəxslər necə həbs edilirlər”, Ağayev bildirib.

Vəkil ittihamçı tərəfin M.Hüseynovun saxlanması, polis maşınında aparılması, polisdə dindirilməsi barədə video-görüntülərin məhkəməyə təqdim edilməsi barədə vəsatətlər qaldırıb, ittihamçı tərəfin məhkəməyə gətirilməsini istəyib.

“Bu işləri Suraxanı Rayon Məhkəməsi etməli idi. Amma, etməyib. M.Hüseynovun barəsində məhkəməyə mənbəyi bəlli olmayan materialların surətləri təqdim edilib ki, bunlar sübut sayıla bilməz. O polisə qarşı böhtan atmayıb və hər hansı qərəzi yoxdur. Çünki Hüseynov bundan öncə də dəfələrlə polis tərəfindən saxlanılıb, azad buraxıldıqdan sonra işgəncəyə məruz qaldığını bildirməyib. Odur ki, M.Hüseynovun barəsində məhkəmənin qismən istintaqla aparlıması, cinayət işinin ləğv olunması, M.Hüseynova bəraət verilməsi və Suraxanı Rayon Məhkəməsinin hakimi barədə qərardad çıxarılması barədə vəsatətlər qldlırırıq”, Ağayev qeyd edib.

İttihamçı tərəfin nümayəndəsi Əlirza Həbilov müdafiə tərəfinin vəsatətlərinə etiraz edib. Onun fikrincə, müdafiə tərəfinin vəsatətlərinə bundan öncəki məhkəmələr hüquqi qiymət verib. Prokurorluq Hüseynovun işgəncəyə məruz qalması ilə bağlı şikayətini araşdırıb və cinayət işi qaldırmaqdan imtina edib.

Həbilov bu səbəblərdən vəsatətlərin təmin edilməməsini məhkəmədən xahiş edib. Beləliklə, məhkəmə Mehman Hüseynovun vəkillərinin heç bir vəsatətini təmin etməyib.

Bundan sonra, Mehman Hüseynov və vəkilləri məhkəmə heyətinə etiraz edib. Məhkəmə aprelin 11-i saat 16.00-dək təxirə salınıb.

Mehman Hüseynov məhkəmədə şən görünüb. Şüşə akvariuma salınmış bloger məhkəmə iclasına o qədər də fikir verməyib. İclas boyu əl işarələri ilə zaldakı dostları ilə danışıb, şənlənib.

“Hamıya salam deyin. Mehman qayıdacaq”, bloger məhkəmə zalından konvoyların müşayiəti ilə aprılarakən zala müraciət edib.

Bu günki məhkəmə iclasını Almaniya, Böyük Britaniya, ABŞ, Norveç səfirliklərinin və Avropa İttifaqının nümayəndələri də izləyib.

Hakim icazəsiz çəkiliş apardığını əsas gətirərək fotoreportyor Fərqanə Novruzovanı zaldan çıxarıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG