Accessibility links

Qərardan kassasiya şikayəti veriləcək

Aprelin 12-də Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə həbsdə olan bloger Mehman Hüseynovun apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar çıxarıb.

M.Hüseynov bu il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun çıxardığı hökmlə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onu Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında şikayəti əsasında cəzalandırıblar.

M.Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanılıb. Polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılan bloger bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılıb. Nəsimi Rayon Məhkəməsinin qərarında blogerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun işgəncə ilə bağlı şikayətinin prokurorluqda araşdırılması da əksini tapıb.

M.Hüseynov sərbəst buraxıldıqdan sonra polisdə işgəncələrə məruz qaldığını bildirib. Ancaq Daxili İşlər Nazirliyi blogerin polisdə işgəncəyə məruz qalması ilə bağlı dediklərini inkar edib.

Bakı şəhər Prokurorluğu Mehman Hüseynovun işgəncəyə məruz qalması şikayət ilə bağlı cinayət işi qaldırmaqdan imtina edib.

Ardınca Nəsimi Rayon Polis İdarəsinin rəisi M.Musayev xüsusi ittiham qaydasında blogerdən məhkəməyə şikayət edib. Şikayətdə Mehman Hüseynovun işgəncəyə məruz qalmasını bildirməsi polisə böhtan kimi dəyərləndirilib.

Mehman Hüseynov ölkədə sərt tənqidçi blogerlərdəndir. O hökumətin həyata keçirdiyi bir sıra layihələr, məmurlar, yüksək vəzifəli şəxslər, deputaların bahalı villaları, evləri və ev əşyaları ilə bağlı ifşaedici video reportajların müəllifidir. Onun video reportajları geniş rezonansa səbəb olub, sosial şəbəkələrdə yüz minlərlə insan tərəfindən izlənib. Mehman Hüseynovun facebook səhifələrinin hazırda 400 mindən çox izləyicisi var.

Mehman Hüseynov məhkəmədə şən görünüb, şüşə akvariuma əli qandallı gətirlib. Bloger iclas zalına daxil olarkən qladiatorlar kimi “qandalla oyun” da nümayiş etdirib. Şüşə akvariuma salınan zaman bloger Amerikanın Səsinin səhhəti və saxlanma şəraiti ilə bağlı sualının cavabında deyib ki, ona qarşı münasibət normaldır.

“Səhhətimdə problem yoxdur. Hər şey superdir”, o qeyd edib.

Bu günki məhkəmə iclasını Almaniya, Böyük Britaniya, Norveç səfirliklərinin, Avropa İttifaqının nümayəndələri və AXCP sədri Əli Kərimli də izləyib.

Vəkil Elçin Sadıqov məhkəmənin qəraraını tam qanunsuz hesab edir.

“Bu qərardan kassasiya şikayəti verəcəyik. Tamam əsassız, qanunsuz, heç bir hüquq normalarına sığmayan bir qərardır. Kassasiya şikayətimiz təmin olunmazsa Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi (fikri ifadə etmək azadlığı) ifadə azadlığına görə şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini qadağan edir. Təəssüf ki, Azərbaycan hökuməti son zamanlar Cinayət Məcəlləsinin 147-ci maddəsini (böhtan) jurnalistləri susdurmaq yönümündə istifadə edir”, vəkil qeyd edib.

Blogerin anası Firəngiz Hüseynova da məhkəmənin qərarını qəbuul etmir. O Amerikanın Səsinə bildirib ki, məhkəmədə oturmaq sadəcə vaxt itkisidir.

“Onsuz da Mehmana qarşı olanların hamısı qanunsuzdur, hamısı yalandır. Sadəcə vaxt itiririk. Mən Mehmanı müdafiə edən şəxslərə minnətdaram. Onlardan çox razıyam. Biz ona köklənmişik ki, Mehman cəzanı saatbasaat sonadək çəkəcək. Gözləyək...”

AXCP sədri Əli Kərimli Apellyasiya Məhkəməsinin qərarının ölkədə müstəqil məhkəmənin olmamasını bir daha göstərdiyini bildirib.

“Azərbaycan məhkəmələri ölkədə yaranmış repressiya aparatının tərkib hissəsidir. Mehman Hüseynova qarşı qərəzli hökmü qüvvədə saxlamaqla Apellyasiya Məhkəməsi də bunu sübut etdi. Mehman Hüseynovun qondarma ittihamla məhkum edilməsi korrupsionerlərin qisas almasıdır. Blogerin məhz korrupsiya araşdırmalarına görə cəzalandırılması göstərir ki, Azərbaycan hakimiyyəti korrupsionerləri himayə edir, onların hakimiyyətidir. Xalqın hakimiyyəti deyil. Ona görə də korrupsionerləri ifşa edənləri bu cür cəzalandırır”, o qeyd edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG