Accessibility links

Azərbaycan məhkəməsi Facebook, qəzetlər və şəxs əleyhinə qərar qəbul edib


facebook thumbnail

facebook thumbnail

Facebook səhifəsi qapadılmalı, qurucu cərimə ödəməli, "Azadlıq" və "Yeni Müsavat" üzr istəyib təkzib verməlidir

Telejurnalist İlham Mirzəyevin www.facebook.com sosial şəbəkəsinə, Bakı şəhər sakini Lyudmila Əliyevaya, “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə qarşı mülki iddiası üzrə məhkəmə prosesi yekunlaşıb. Nərimanov rayon Məhkəməsi martın 12-də “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin əleyhinə qərar qəbul edib. Bu haqda qəzetlərin hüquqlarını müdafiə edən Media Hüququ İnstitutu xəbər yayıb.

Məhkəmə qərarına əsasən hər iki qəzet İlham Mirzəyevin şikayəti əsasında 2013-cü ildə saxlanılmış Bakı şəhər sakini Asif Əliyevin anasının müsahibəsini dərc etdiyinə görə telejurnalistdən üzr istəməli, müsahibədəki fikirləri təkzib etməlidir.

MHİ yada salır ki, iddiaçı İlham Mirzəyev www.facebook.com sosial şəbəkəsini və Lyudmila Əliyevanı (onun oğlu İ.Mirzəyevin şikayəti üzrə sağlamlığa zərər vurma, sağlamlığa ağır zərər vurmaqla hədələmə və xuliqanlıqda ittiham olunur) facebook-da yaradılan “İlham Mirzəyevin yalanları” səhifəsinə görə, “Yeni Müsavat” və “Azadlıq” qəzetlərini isə L.Əliyevanın müsahibəsini dərc etdiyinə görə məhkəməyə vermişdi.

Facebook şəbəkəsində və L.Əliyevanın “Yeni Müsavat” və “Azadlıq” qəzetlərində dərc olunmuş müsahibəsində şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edən İlham Mirzəyev məhkəmədən qəzetlərin təkzib verməsini, ondan üzr istəməsini, L.Əliyevanın 160 000 manat cərimələnməsini, www.facebook.com sosial şəbəkəsinin isə “İlham Mirzəyevin yalanları” səhifəsini ləğv etməsini nəzərdə tutan qərar çıxarılmasını tələb edirdi. Nərimanov rayon Məhkəməsi iddianı qismən təmin edib. Qərara əsasən, “Yeni Müsavat” və “Azadlıq” qəzetləri təkzib verməli və iddiaçıdan üzr istəməlı, L. Əliyeva iddiaçıya 2 000 manat ödəməli, www.facebook.com sosial şəbəkəsi isə “İlham Mirzəyevin yalanları” səhifəsini ləğv etməlidir.

Media Hüququ İnstitutu Nərimanov Məhkəməsinin qərarının əsassız olduğunu, qərardan apellyasiya şikayəti veriləcəyini bildirir.
XS
SM
MD
LG