Accessibility links

BJMK Azərbaycan hakimiyyətinin Mehman Hüseynovu beynəlxalq Gerd Buserius mükafatını qəbul etməsi üçün Norveçə buraxmamasını pisləyən bəyanatla çıxış edib

Mərkəzi qərargahı Nyu Yorkda yerləşən Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi (BJMK) Azərbaycan hakimiyyətinin Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) reportyoru Mehman Hüseynovun ölkədən çıxmasının qadağan etməsini pisləyib.

İyunun 17-də M.Hüseynov Osloya gedərkən Bakı aeroportunda saxlanılıb. O, beynəlxalq Gerd Buserius mükafatının təqdimetmə mərasimində iştirak etməli idi. Lakin jurnalist onun barəsində cinayət işinin olmasına və soyadının “ölkədən xaricə buraxılmayanlar”ın siyahısına daxil edilməsinə görə saxlanılıb.

“M.Hüseynovun jurnalist mükafatı almaq üçün ölkədən çıxmasını qadağan etməklə Azərbaycan hakimiyyəti insan hüquqlarının pozulması və repressiyaların olması barədə yerli və beynəlxalq hüquq-müdafiə strukturlarının hesabatlarının doğruluğunu təsdiqləyir”, - BJMK-nın Avropa və Mərkəzi Asiya üzrə araşdırmaçısı Müzəffər Süleymanov bildirib.

Son iki ildə Azərbaycanda mətbuat azadlığı pisləşib. Prezident seçkiləri ərəfəsində ictimaiyyətin senzurasız xəbərlərə çıxışına təhlükə daha da artıb. Ən azı yeddi müstəqil jurnalist həbsdədir, digərləri qorxudulur, həbsxanalarda hədə-qorxulara məruz qalır.

RATİ bəyanatla çıxış edərək M.Hüseynovun ölkədən çıxmasına qoyulan qadağanın ləğvinə çağırıb.

“Bütün dünyada vətəndaş cəmiyyətinin Mehman Hüseynovun insan hüquqları uğrunda mübarizə sahəsindəki fəaliyyətini qiymətləndirdiyi bir vaxtda Azərbaycan hökuməti onun ölkədən çıxmasını qadağan edir, reportyora təzyiq göstərir”, - RATİ-nin direktoru Emin Hüseynov bildirib.

RATİ həmçinin M.Hüseynova qarşı uydurma cinayət işinə son qoyulmasına çağırıb.
XS
SM
MD
LG