Accessibility links

AXCP fəalının məhkəməsi davam edib


Yanvarın 29-da Nərimanov rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin işi üzrə növbəti iclas keçirilib. Bu gün iş üzrə sonuncu, üçüncü zərərçəkən çıxış edib.

M.İbrahim ötən il sentyabrın 30-da keçmiş AXCP üzvü Mikayıl Quliyevin şikayəti əsasında həbs olunub və xuliqanlıqda (CM-in 221.1 maddəsi) ittiham edilib. Sonradan bu maddə daha ağır 221.2.2-ci maddəyə tövsif edilib.

Vəkil Yalçın İmanov Amerikanın Səsinə bildirib ki, nəhayət, üçüncü zərərçəkən Məhəmməd Qurbanov məhkəməyə gəlib.

İstintaqın versiyasına görə, M.Qurbanov M.İbrahim və M.Quliyevi aralamaq istərkən müxalifətçi guya onu təhqir edərək sinəsindən vurub.

Lakin müttəhim bildirib ki, M.Qurbanov ümumiyyətlə hadisə yerində olmayıb.

Qeyd edək ki, M.Qurbanovun boyu iki metrdir və öz dediyinə görə, boksçudur. Odur ki, ucaboy olmayan M.İbrahimin ona fiziki zərər yetirməsi real deyil, vəkil bildirib.

M.Qurbanov ibtidai istintaqa zidd ifadələr verib. Belə ki, o qeyd edib ki, M.İbrahim onu söyüb. Halbuki, istintaqda müxalifətçinin onu döydüyünü bildirib.

M.Qurbanov həmçinin deyib ki, insidentdən bir neçə gün sonra o, polisə gedərək ərazə yazıb. Ancaq iş materiallarında onun ərizəsi yoxdur.

Proses zamanı vəkil M.Qurbanovdan məhkumluğunun olub-olmadığını soruşub. O, mənfi cavab verib. Ancaq vəkil DİN-in rəsmi cavabını təqdim edib. Cavabda bildirilib ki, M.Qurbanov 2012-ci ildə CM-in 128-ci maddəsilə (qəsdən bədən xəsarətinin yetirilməsi) cinayət məsuliyyətinə cəlb edilib.

İfşa olunduğunu görən M.Qurbanov vəkilə hədə-qorxu gələrək “sənin kimilərini döydüm” deyib.

DİN-in məktubunun işə əlavə edilməsi və zərərçəkənin yalan ifadə verməsinə münasibət bildirilməsi barədə vəkilin vəsatəti təmin edilməyib.

Xatırladaq ki, digər zərərçəkən M.Quliyev M.İbrahimə qarşı şikayətdən imtina edib.

Başqa bir zərərçəkən Oruc Vəliyev məhkəmədə ifadə verə bilməyib və bunu hadisələri qavramaq qabiliyyətinin olmaması ilə izah edib. Lakin onun psixiatrik ekspertizadan keçirilməsi barədə müdafiə tərəfinin vəsatəti təmin edilməyib.

İş üzrə növbəti iclas fevralın 1-nə təyin edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG