Accessibility links

Azərbaycan, Rusiya, İran xarici işlər nazirləri Bakıda görüşüb [Video]


Görüşün yekunu olaraq kommunike qəbul edilib, Dağlıq Qarabağ məsələsi diqqət mərkəzində olub

Bakida Azərbaycan, Rusiya, İran xarici işlər nazirlərinin ilk üçtərəfli görüşü olub.

Regional əməkdaşlığın möhkəmləndirilməsi üçün yeni format kimi üçtərəfli görüş bir neçə ay öncə Azərbaycan tərəfindən təklif edilib.

Azərbaycan, Rusiya, İran xarici işlər nazirləri görüşüb

Azərbaycan, Rusiya, İran xarici işlər nazirləri görüşüb

Görüşdən öncə Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Məhəmməd Cavad Zərif ayrı-ayrılıqda prezident İlham Əliyevlə görüşüb. Görüş zamanı tərəflər Dağlıq Qarabağ problemin siyasi yolla həllinə sadiq olduqlarını bəyan edib.

Nazirlərin görüşünün nəticəsi olaraq qəbul olunana kommunikedə deyilir ki, tərəflər bir-birinin daxili işinə qarışmamaq prinispi əsasında gələcəkdə əməkdaşlığı davam etdirmək barədə razılığa gəlib.

Tərəflər BMT-nin nizamnaməsində əks olunmuş beynəlxalq hüququn prinsip və normalarına əməl edilməsinə sadiqliklərini təsdiq edib.

Azərbaycan, Rusiya, İran xarici işlər nazirləri regionun sabitliyinə və təhlükəsizliyinə təhlükə törədən yeni çağırışlara qarşı mübarizənin gücləndirilməsini qeyd edib.

Tərəflər həmçinin iqtisadiyyat, energetika, nəqliyyat, mədəniyyət və turizm məsələlərində üçtərəfli formatda əməkdaşlığın inkişafına sadiqliklərini təsdiq edib.

Görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvonu uzun müddət saxlamaq olmaz.

“Dağlıq Qarabağ münaqişəsi məsələsi Rusiya və İranla da müzakirə olunub. Konkret təkliflər var, biz ideya və düşüncələrimizi bölüşdük. Bunu tez həll etmək lazımdır, çünki insanlar ölür. Münaqişənin həllilə birbaşa məşğul olmaq lazımdır və hərbçilər kazarmalara qayıtmalıdır".

Məmmədyarov hesab edir ki, qoşunların təmas xəttində son hadisələr Qarabağ probleminə “dondurulmuş münaqişə” anlayışının tətbiq edilməsinin qeyri-mümkün olduğunu göstərib.

Onun fikrincə, “tezliklə həllini tələb edən münaqişə” anlayışından istifadə daha yerinə düşərdi.

Məmmədyarov ötən lin ortalarında Lavrovun münaqişənin tənzimlənməsi üzrə irəli sürdüyü təkliflər üzərində işin davam etdirildiyini bildirib.

“Biz Sergey Lavrovun ötən ilin ortalarında irəli sürdüyü təkliflər üzərində işləyirik. Kimlərsə bunu dondurulmuş münaqişə adlandırır. Amma bu, ən qısa zamanda həllini tələb edən münaqişədir”, Məmmədyarov bildirib.

Məmmədyarov erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tənzimlənmənin dəyişməz şərti hesab edir.

“Bundan sonra təhlükəsizliyin təmin edilməsi və digər məsələlərə baxıla bilər”, o qeyd edib.

Sergey Lavrov

Sergey Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya sülh barədə razılaşmanın əldə edilməsini məmnunluqla qarşılayır.

“Dağlıq Qarabağ münaqişəsinin həlinin tapılması məsələsində rahatlaşmamalıyıq və Rusiya nizamlanma üzrə təşəbbüslərini irəlilətmək üçün hər şey edəcək. Biz bu günkü danışıqlardan razıyıq”.

Lavrovun sözlərinə görə, Moskva və tərəflər arasında təmaslar bütün səviyyələrdə həyata keçirilir.

"Biz dostlarımıza kömək etməyə çalışdıq və ümid edirik ki, atəşkəs rejimi qorunacaq. Vəziyyət təmas xəttində etimad tədbirlərinin görülməsini tələb edir".

Onun sözlərinə görə, görüşdə regionda təhlükəsizliyin, narkotik trafiki ilə mübarizənin əlaqələndirilməsi məsələlərinə diqqət ayrılıb.

Nazir diqqətə çatdırıb ki, Dağlıq Qarabağ üzrə razılaşmanın bütün komponentləri artıq masa üzərindədir və yalnız formulları tapmaq qalıb.

"Biz artıq yaxınıq. Bu münaqişənin nizamlanmasında digərlərindən daha çox maraqlıyıq", Lavrov qeyd edib.

Məhəmməd Cavad Zərif

Məhəmməd Cavad Zərif

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə, beynəlxalq hüquq prinsipləri əsasında nizamlanmalıdır. Onun sözlərinə görə, İran prezidenti Həsən Ruhani Azərbaycan və Ermənistan prezidentlərilə danışıqlar aparıb.

"Fikrimcə, bundan sonra ciddi qərarların qəbul edilməsi üçün müzakirələr gedəcək", o qeyd edib.

Nazir həmçinin bildirib ki, Bakıda İran, Azərbaycan və Rusiya dövlət başçılarının üçtərəfli görüşünün keçirilməsi barədə iş gedir.

Bununla yanaşı, Azərbaycan, Rusiya, İran "Şimal-Cənub" dəmir yol nəqliyyat dəhlizinin yaradılması layihəsinin reallaşdırılması məsələsinin bu ölkələrin müvafiq qurumları tərəfindən kompleks öyrənilməsində razılığa gəlib.

Aprelin 20-də Azərbaycan və İran arasındakı sərhəddə dəmir yolu körpüsünün tikintisinin başlama mərasimi baş tutacaq.

Azərbaycan xarici işlər naziri suallara cavabda nazirlərin terrorla, narkotika ticarəti və qaçaqmalçılıqla mübarizə məsələlərini diqqətdə saxladığını bildirib.

"Xəzərin statusunun müəyyənləşdirilməsi məsələsi də müzakirə olundu", o qeyd edib.

Nazir Azərbaycan və İranın yaxın vaxtlarda sadələşdirilmiş viza rejimini tətbiq edə biləcəyini də qüeyd edib.

"Bu məsələ Bakıda İran tərəfilə ikitərəfli danışıqlarda müzakirə olunub və biz hazırda nəticəyə yaxınıq. Tezliklə Azərbaycan və İran arasında sadələşdirilmiş vizanı tətbiq edəcəyik", o qeyd edib.

XS
SM
MD
LG