Accessibility links

Malala Yusifzai haqda sənədli film [Video]


“Onlar düşünürdü ki, güllə bizi susduracaq. Amma mən elə həmin Malalayam.”

Deyvis Quqenhaymın yeni “Mənim Adımı Malala Qoydu” adlı sənədli filmi 18 yaşlı Malala Yusifzainin həyatını təsvir edir. Pakistanlı yeniyetmə Malala 2012-ci ildə təhsil almaq hüququnu müdafiə etdiyi üçün Svat Vadisində doğma şəhərində Taliban tərəfindən başından güllə ilə vurulub. Quqenhaym o vaxtdan bəri Malalanın təkcə qəddar zorakılığın qurbanı deyil, həm də bütün dünyada qızların təhsil hüquqlarının müdafiəçisi kimi simvola çevrildiyini göstərir.

Elə bir an gəlir ki, sən susmaq və ya haqqını müdafiə etməyi seçməli olursan

Malala Yusifzai: “Elə bir an gəlir ki, sən susmaq və ya haqqını müdafiə etməyi seçməli olursan.”

2012-ci ilin oktyabrın 9-da Malala Yusifzai Pakistandakı evindən məktəbə getdiyi zaman yolda Taliban tərəfindən başından güllə ilə vurulmuşdu. Onun günahı nə idi? O, Svat Vadisində məktəblər bombalanan zaman təhsil almaq hüququnun olduğuna inanırdı. Onun aldığı xəsarətlər çox ciddi idi.

Amma Malala Yusifzai sağ qaldı və əvvəlkindən daha güclü oldu.

Malala Yusifzai: “Onlar mənim başımın sol hissəsindən vurdular. Onlar düşünürdü ki, güllə bizi susduracaq. Amma mən elə həmin Malalayam.”

Malalanın şəxsiyyəti və daxili gücünü anlamaq üçün Deyvis Quqenhaym onun ailəsində münasibətlərin dinamikasını, xüsusilə də atası ilə münasibətini araşdırır.

Malala Yusifzai atası ilə

Malala Yusifzai atası ilə

Ziyəddin Yusifzai: “O balaca olanda çox sayda dostlarımız bizə gələrdi. Biz siyasət və fundamental hüquqlarımız haqda söhbət edərdik, Malala da bizim yanımızda oturardı.”

Malala Yusifzai: “Balaca olanda mən onu dinləyərdim. Nə dediyinə, necə danışdığına qulaq asardım.”

Deyvis Quqenhaym deyir ki, Malalanın həyatı sanki özü də fəal olan atasının ona 19-cu əsr əfqan folklor qəhrəmanının adını qoyduğu gündən müəyyən olunub.

Deyvis Quqenhaym: “O, adını daşıdığı Mayvandlı Malalaidən, inandığı hər şeyi müdafiə edən qızdan ilham alıb. Malalai britaniyalıları məğlub etmək məqsədilə əfqan qoşunlarını bir araya gətirib.”

Filmdə həmçinin Malala vurulandan sonra atasının onu həyatını riskə atacaq ideyalarla böyütdüyü üçün özünü günahlandırdığı göstərilir. Amma Malala bunun əksini düşünür.

Onlar mənim başımın sol hissəsindən vurdular. Onlar düşünürdü ki, güllə bizi susduracaq. Amma mən elə həmin Malalayam

​Malala Yusifzai: “Mənim atam təkcə mənim adımı Malalai qoyub. Məni Malalai edən o olmayıb.”

Buna baxmayaraq film “Bu günkü Malalanı kim yaradıb?” sualını qaldırır.

Malala Yusifzai: “Bu həyatı mən seçdim.”

Müxbir: “Sən Svat Vadisindən adi bir qız olsa idin, kim olacaqdın?”

Malala Yusifzai: “Mən elə indi də adi bir qızam. Amma mənim adi atam, adi anam və mühafizəkar ailəm olsa idi, indi mənim iki övladım var idi.”

Uzun və ağrılı sağalma prosesindən sonra Malala bütün dünyada qızların təhsil hüquqları uğrunda mübarizə aparmağı özünə məqsəd qoyub. Quqenhaym onu cəsur adlandırır.

Deyvis Quqenhaym: “Malala dünya liderləri ilə danışır. Boko Haram qızları qaçıranda biz Nigeriyada idik və o, prezident Qudlak Conatanla görüşmək üçün israr edirdi. Görüş baş tutanda o, “Siz bu qızlarla bağlı nə edirsiniz? Onları geri qaytarmaq Sizin işinizdir” dedi. Malala prezident Obama ilə də görüşüb və ona dron hücumları barədə sual verib.”

Mənim Adımı Malala Qoydu

Mənim Adımı Malala Qoydu

Onun cəsarəti və mesajı ona 2014-cü ildə Nobel Sülh Mükafatını qazandırdı.

Deyvis Quqenhaym: “Onun dünyaya öyrədəcəkləri var. Ona görə yox ki o, məktəb avtobusunda vurulub və ya onun təhsil haqları müdafiə qrupu var. Ona görə ki o, böyük ürək sahibidir. O, güclü mənəviyyatı olan bir insandır və məncə, o, səsləri olmayan insanların da sözünü deyə bilən güclü səsə malikdir.”

Malala Yusifzai: “Mən öz hekayəmi unikal olduğu üçün danışmıram. Mənim hekayəm bir çox qızın hekayəsidir. Biz qaranlığı görəndə aydınlığın, susdurulanda isə səslərimizin mahiyyətini anlayırıq. Gəlin biz əlimizə kitab və qələmlər alaq. Onlar bizim ən güclü silahlarımızdır.”

XS
SM
MD
LG