Accessibility links

ABŞ prezidenti və Almaniya kansleri Rusiyaya qarşı birgə cəbhədən hərəkət edəcəklərini bildirib.

Ağ Ev görüşündən sonra təşkil etdikləri birgə mətbuat konfransında Angela Merkel və Barak Obama Ukrayna böhranının diplomatik yolla həllinə dair Rusiyanın lazımi addımlar atmadığı təqdirdə o ölkəyə qarşı əlavə sanksiyaların tətbiq ediləcəyini deyib.

Prezident Obama bildirib ki, Rusiya rəhbərliyi Ukraynanın şərq bölgələrində sabitsizliyi davam etdirsə, ABŞ və Avropa İttifaqı əlavə ölçülərə əl ataraq, Rusiyaya qarşı həm iqtisadi, həm də diplomatik sanksiyalar tətbiq edəcək.

ABŞ dövlət başçısı Ukraynanın öhdəliklərinə əməl etdiyini və Rusiyanın da eyni yolda irəliləməsinin cavibliyini vurğulayıb. O deyib ki, ATƏT müşahidəçilərinin ələ keçirilməsinə heç cür bəraət qazandırıla bilməz. Barak Obama missiyanın azad edilməsi üçün Rusiyanı addımlar atmağa çağırıb.

Kansler Merkel də öz növbəsində deyib ki, Amerika və Almaniya bu kimi ölçülərə əl atmaq istəməzdi, lakin ölçülər qaçılmaz ola bilər.

İki həftə əvvəl Cenevrədə əldə edilən razılığa görə Rusiya Ukraynada vəziyyətin normallaşması sahəsində addımlar atmalı idi. Lakin indiyədək Rusiya separatistlərlə Kiyev hökuməti arasındakı münaiqəşənin həllində heç bir iş görməyib.
XS
SM
MD
LG