Accessibility links

Azərbaycan prezidenti və Almaniya kansleri görüşüb


Almaniya kansleri Angela Merkel Azərbaycan prezidenti İlham Əliyev

Almaniya kansleri Angela Merkel Azərbaycan prezidenti İlham Əliyev

Yanvarın 21-də Almaniya kansleri Angela Merkel və Azərbaycan prezidenti arasında görüş keçirilib. Görüşdən sonra keçirilən brifinqdə Azərbaycan preziden İlham Əliyev bildirib ki, Azərbaycanla Almaniya arasında münasibətlər çox uğurla və geniş şəkildə inkişaf edir. Bu barədə APA agentliyi məlumat yayıb.

Prezident bildirib ki, iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlıq davam edir və bundan sonra da davam edəcək.

“Bu səfərim münasibətlərə daha güclü təkan verəcək. Azərbaycanda çoxsaylı alman şirkətləri fəaliyyət göstərir və biz onların fəaliyyətini dəstəkləyirik. Alman şirkətləri tərəfindən Azərbaycana sərmayə qoyuluşu davam etdirilməlidir”.

O deyib ki, Azərbaycanın Avropanın, həmçinin Almaniyanın enerji təhlükəsizliyində böyük rol oynayır.

"Biz bunu yüksək qiymətləndiririk. Biz Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyirik".

Angela Metkel bildirib ki, Azərbaycan prezidenti ilə bir çox məsələlər ətrafında fikir mübadiləsi aparıblar, geosiyasi vəziyyəti müzakirə ediblər.

"Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışdıq. Avropa Şurasının, Avropa İttifaqının bu məsələdə töhfə verə biləcəyini müzakirə etdik. Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər".

Almaniya kansleri görüşdə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını davam etdirməsi, Şərq Tərəfdaşlığı çərçivəsində münasibətlərin genişləndirilməsi barədə də müzakirələr apardıqlarını qeyd edib.

“Dağlıq Qarabağ münaqişəsinin həlli həm Azərbaycan, həm də bütün region üçün olduqca vacib məsələdir”, deyə prezident Əliyev bildirib.

Prezident qeyd edib ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri 20 ildən artıqdır, Ermənistan tərəfindən işğal edilib, 1 milyondan çox insan doğma yurd-yuvasından didərgin düşüb.

“BMT Təhlükəsizlik Şurasının bununla bağlı qəbul etdiyi 4 qətnamədə Ermənistan Silahlı Qüvvələrinin işğal etdikləri ərazilərdən qeyd-şərtsiz çıxarılması tələb edilir. Ermənistan isə 20 ildən çoxdur, buna məhəl qoymur və mövcud “status-kvo” vəziyyətini saxlamaqda maraqlıdır. Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır, başqalarından da bunu gözləyir. Azərbaycanın ərazi bütövlüyü mütləq təmin edilməlidir”, dövlət başçısı vurğulayıb.

İlham Əliyev həmçinin bildirib ki, Azərbaycan enerji sahəsində öz rolunu oynayır, öz təşəbbüslərini irəli sürür. 2012-ci ildə TANAP layihəsinin, 2013-cü ildə TAP layihəsinin, ötən il isə “Cənub qaz dəhlizi” layihəsinin təməli qoyulub.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan özü bu layihələrin təşəbbüskarıdır və layihələrin maliyyələşdirilməsinin böyük bir hissəsini də üzərinə götürüb.

“Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı davam etdirəcəyik. “Cənub qaz dəhlizi”nin I Məşvərət Şurası gələn ay məhz Azərbaycanda keçiriləcək”, prezident vurğulayıb.

“Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini yaxından izləyir, bu kontekstdə aparılan danışıqları dəstəkləyirik”, Almaniyanın federal kansleri Merkel münaqişənin həlli ilə bağlı danışarkən bildirib.

BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalı ilə bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməməsi və Avropa ölkələrinin bununla bağlı Ermənistana təzyiq etməməsi barədə suallara cavab olaraq A. Merkel onu da bildirib ki, bütün münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır.

Xanım Merkel son vaxtlar Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atəşkəsin tez-tez pozulmasından təəssüfləndiyini bildirib. O, Rusiya və Ermənistanın bəzi məsələləri birgə həyata keçirdiklərini də qeyd edib.

Sullara cavabda Əliyev ölkədə reytiniqnin yüksək olaraq qaldığını deyib.

"Mənim reytinqimdə heç bir problem yoxdur. Azərbaycanda keçirilən sorğulara görə, reytinqim 90 faizə yaxındır. Bu da son illər ərzində Azərbaycanda aparılan islahatlarla bağlıdır".

APA agentliyinin məlumatına görə prezident deyib ki, Azərbaycan son 11 ildə iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkəsi olub.

"İqtisadiyyat 3 dəfədən çox artıb, işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görüb. Belə nəticələrlə, əlbəttə ki, hər bir rəhbəri reytinqi yüksək olmalıdır".

Əliyev qeyd edib ki, Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz və sərbəst toplaşma azadlıqları təmin edilib.

"Azərbaycanda yüzlərlə mətbu orqan var, senzura yoxdur, internetə çıxış sərbəstdir. İnternet istifadəçilərinin sayı 72 faizə yaxındır. Eyni mənzərə sərbəst toplaşma azadlığına da şamil edilə bilər. Müxtəlif siyasi partiyalar mütəmadi olaraq aksiyalar keçirirlər. Bütövlükdə Azərbaycanda son illər demokratiyanın inkişafı istiqamətində böyük addımlar atılıb. Çünki biz inanırıq ki, siyasi islahatlar iqtisadi islahatlar paralel aparılmalıdır. Yalnız o halda bu islahatların dayanıqlılığı təmin oluna bilər".

Prezident deyib ki, Azərbaycanda dini zəmində də heç bir qarşıdurma yoxdur.

"Biz ümumbəşəri dəyərlərə sadiqik və onları qoruyuruq”.

İlham Əliyev sullara cavabda deyib ki, Azərbaycan bütün ölkələrin, o cümlədən Ukraynanın ərazi bütövlüyünü tanıyır.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan BMT Baş Assambleyasında keçirilən səsvermədə də Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyib.

“Biz hesab edirik ki, bu, beynəlxalq hüququn əsas prinsipidir. Ölkələrin ərazi bütövlüyü ölkələrin razılığı olmadan dəyişdirilə bilməz. Əgər pozulubsa, əlbəttə ki, bərpa olunmalıdır”.

İqtisadi münasibətlərdən danışarkən Angela Merkel deyib ki, Azərbaycanla Almaniya arasında 2,5 milyard avro həcmində ticarət dövriyyəsi mövcuddur.

“Almaniya Azərbaycanın infrastruktur layihələrinin həyata keçirilməsində yaxından iştirak edə bilər”, oq eyd edib.

Federal kansler onu da deyib ki, iki ölkə münasibətləri ilə bağlı Azərbaycan prezidenti ilə eyni fikirdədirlər.

“Münasibətlərin və əməkdaşlığın daha da inkişaf etdirilməsi niyyətindəyik”, Merkel qeyd edib.

Meydan televiziyasının video məlumatına görə isə brifinqin sonunda Azərbaycandan mühacirətdə olan tanınmış bloger Həbib Müntəzir hamının eşidəcəyi uca səslə “Prezident Əliyev siyasi məhbusları azad edin!” deyə müraciət edib.

XS
SM
MD
LG