Accessibility links

Rəşadət Axundov tələbəsi olduğu Mərkəzi Avropa Universitetinin qapanması haqda danışır


Çərşənbə axşamı Macarıstan parlamenti xarici universitetlərin fəaliyyətini məhdudlaşdıran qanun layihəsini təsdiq edib. Müşahidəçilər bu qərarın milyarder filantrop Corc Sorosun təsis etdiyi Mərkəzi Avropa Universitetinə qarşı yönəldiyini bildirir. Macarıstan baş naziri Viktor Orban avtokratik tendensiyaları tanınması ilə bərabər, Sorosun təsis etdiyi universiteti özünə rəqib kimi görür.

Hal-hazırda Mərkəzi Avropa Universitetində maliyyə üzə magistr proqramında təhsil alan və ictimai fəaliyyəti ilə Azərbaycanda gənc fəalların tanıdığı Rəşadət Axundov universitetlə bağlı son hadisələr haqqında Amerikanın Səsinə danışıb.

Amerikanın Səsi: Macarıstan parlamenti xarici universitetlərin fəaliyyətini məhdudlaşdıran qanun layihəsi qəbul edib. Universitet icması da öz növbəsində bu qərarın konstitusion olub-olmamasi ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirdi. Universitet icmasında son hadisələrlə bağlı ab-hava necədir?

Rəşadət Axundov: Universitet rəhbərliyi qərarı mübahisələndirmək üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcəyini bildirib. Rektor hazırda ABŞ-dadır və hüquqşünaslarla bütün zəruri addımları müzakirə edir. Ancaq reallıq bundan ibarətdir ki, universitet bu işi ən yaxşı halda Avropa İnsan Hüquqları Məhkəməsinə aparıb, orada sərfəli nəticə əldə edə bilər. Bu halda isə, iş bir neçə il çəkə bilər ki, bu da hazırda qəbul edilmiş qanunun faktiki qüvvədə olması və Mərkəzi Avropa Universitetinin bu illər ərzində fəaliyyətini dondurması mənasına gəlir.

Prezident üç addım ata bilər: Qanun layihəsini imzalamaq, yenidən baxılması üçün parlamentə geri göndərmək, ya da ki, qanun layihəsini mübahisələndirmək üçün Konstitusiya Məhkəməsinə göndərmək.

Digər tərəfdən, parlamentin dünən qəbul etdiyi qanun layihəsi imzalanması üçün prezidentə göndəriləcək. Prezident üç addım ata bilər: Qanun layihəsini imzalamaq, yenidən baxılması üçün parlamentə geri göndərmək, ya da ki, qanun layihəsini mübahisələndirmək və qərarın onlar tərəfindən verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərmək. Beş gün içində hansı variantın seçilməsi aydın olacaq. Yeri gəlmişkən, dünən universitetin ətrafında keçirilən dəstək mitinqində Macarıstan prezidentini sonuncu addımı atmağa çağırışlarları səslənirdi.

Amerikanın Səsi: Hökümətin bu addımının arxasında nə dayanır? Bu qərara nə səbəb olub?

Rəşadət Axundov: Əslində Mərkəzi Avropa Universitetinə qarşı atılan bu addım hökumətin illərdir məqsədyönlü şəkildə vətəndaş cəmiyyəti, azad mətbuat, akademik çevrələrə qarşı apardığı siyasətin növbəti mərhələsidir. Baş nazir Viktor Orban bir neçə il öncə öz çıxışında Macarıstanı “qeyri liberal demokratiya” kimi xarakterizə etmişdi və hazırkı hökumət illərdir bu kontekstdə addımlar atır. Hazırda dünyada populist, sağ siyasi qüvvələrin yüksəlişdə olması, təbii ki, Macarıstanı hökumətinin əl-qolunu daha da açır. Yeri gəlmişkən, bundan sonrakı növbəti addımın İsrail, Rusiya və həmçinin də Azərbaycanın “xaricdən maliyyələşən QHT-lərə qarşı” qəbul etdiyi məhdudlaşdırıcı qanun layihəsinin qəbul edilməsi olacağı artıq hökumət tərəfindən müzakirə edilir və yaxın müddətdə parlamentə oxşar qanun layihəsinin təqdim edilməsi gözlənilir.

Amerikanın Səsi: Tələbələrin, müəlim heyətinin və məzunların bu qərara necə reaksiya verməsini proqnoz etmək çətin deyil. Bəs yerli icma bu qərarı necə qarşıladı? Bu qərara qarşı etiraz genişdirmi, yoxsa daha çox lokal xarakter daşıyır?

Rəşadət Axundov: Mərkəzi Avropa Universitetinə yerli ictimaiyyət tərəfindən verilən dəstəyin miqyası hətta univeritetin müəllim və tələbə heyəti üçün də sürpriz oldu. Bazar günü və dünən tələbə və gənclərin təşəbbüs qrupu tərəfindən təşkil edilən dəstək mitinqlərində 20 mindən artıq insan iştirak etdi. Həmçinin müxtəlif universitetlərin rəhbərliyi, müəllim və tələbələri, tələbə ittifaqları, Macarıstan Elmlər Akademiyası, müxalif partiyalar və QHT-lər həm bu aksiyalarda, həm də müxtəlif petisiyaların imzalanması və digər dəstək kampaniyalarında kifayət qədər fəal iştirak edir. Həmçinin, Macarıstanın Avropa Komissiyasındakı komissarı və eyni zamanda hakim partiyanın nümayəndəsi də hökuməti tənqid edərək, Mərkəzi Avropa Universitetinə dəstək nümayiş etdirdi. Macarıstanın keçmiş prezidenti də qərara etiraz edənlər arasındadır.

Amerikanın Səsi: Xəbərlər yayılıb ki, qonşu ölkələrin bəziləri universiteti öz ölkələrinə köçürmək təklifləri irəli sürüblər. Universitetin növbəti addımları haqqında öz icmasına bir məlumat veribmi? Ümumiyyətlə, universitet qərar qəbulu prosesinə tələbələri cəlb edirmi?

Universitet bəyan edir ki, qəti şəkildə Macarıstanı tərk etmək niyyətində deyil və bunun üçün bütün hüquqi yollara baş vuracaq.

Rəşadət Axundov: Hal-hazırda olan məlumatlara görə, Litva paytaxtı Vilnusun meri və Avstriya Rektorlar Birliyi tərəfindən Mərkəzi Avropa Universitetinin fəaliyyət göstərməsi üçün rəsmi şəkildə bu ölkələrə dəvət olunub. Ancaq universitet bəyan edir ki, qəti şəkildə Macarıstanı tərk etmək niyyətində deyil və bunun üçün bütün hüquqi yollara baş vuracaq. Tələbələrə də email-lər vasitəsilə mütəmadi bildirişlər göndərilir və bu bildirişlərdə də məhz hər zaman növbəti addımlar qeyd olunur. Gələcək üçün hansı addımların atılacağının da şəffaf şəkildə həm tələbələrə və həm də ictimaiyyətə açıqlanacağı qeyd edilir. Hazırkı vəziyyət budur. Nələrin baş verməsini zaman göstərəcək.

XS
SM
MD
LG