Accessibility links

Elman Rüstəmov: Mərkəzi Bank hökumətlə birgə maliyyə sabitliyinin təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirəcək


Elman Rüstəmov
Elman Rüstəmov

2016-cı ildə orta müddətli dövrdə milli iqtisadiyyatın yenidən balanslaşdırılması, özəl investisiyalara və ixraca arxalanan iqtisadi artım modelinə keçidin sürətlənməsi və bu əsasda daha dayanıqlı və şaxələndirilmiş iqtisadi artımın təmin edilməsi iqtisadi siyasətin qarşısında duran strateji çağırışdır. Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin 2015-ci ilin yekunlarına həsr olunmuş geniş iclasda bu qurumun sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə. yuxarıd göstərilən çağırışa uyğun olaraq milli iqtisadiyyatın yeni makroiqtisadi dayanıqlıq müstəvisinə keçirilməsi, bu əsasda iqtisadi siyasətin bütün istiqamətlərinin daha effektiv sinxronlaşdırılması vasitəsilə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində Mərkəzi Bank hökumətlə birlikdə kompleks tədbirlər həyata keçirəcəkdir.

“2016-cı ildə Mərkəzi Bank pul siyasətinin çevikliyinin artırılmasına, milli iqtisadiyyatın maliyyə dayanıqlığının və beynəlxalq rəqabət qabiliyyətinin təmin olunmasına imkan verən siyasət həyata keçirəcəkdir. Məzənnə siyasəti yeni rejimin tələblərinə uyğun olaraq məzənnədə kəskin tərəddüdlərin hamarlanmasına yönələcəkdir. Eyni zamanda hökumətlə birlikdə valyuta bazarının tarazlaşırılmasına yönəlmiş əlavə tədbirlərin də görülməsi nəzərdə tutulur”, o qeyd edib.

Baş bankirin fikrincə, bank sektorunda maliyyə sabitliyinin qorunması da mühüm hədəflərdən biridir.

“Banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bank sektorunun maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər davam etdiriləcəkdir. Maliyyə infrastrukturunun inkişafı, nağdsız hesablaşmaların və elektron ödəniş sistemlərinin genişləndirilməsi istiqamətində fəaliyyət davam etdiriləcəkdir”.

2016-cı ildə Mərkəzi Bank dəyişkən iqtisadi mühitdə bankların risklərə qarşı dayanıqlığının yüksəldilməsi istiqamətində səylərini artıracaqdır.

“Stress-testlər əsasında Mərkəzi Bank müxtəlif iqtisadi şoklara qarşı bank sektorunun vəziyyətini preventiv qaydada simulyasiya etməklə maliyyə sabitliyini qorumaq və effektiv idarə etmək üçün zəruri hallarda sektora müvafiq intervensiyaların həyata keçirilməsini diqqət mərkəzində saxlayacaqdır. İqtisadi artımın dəstəklənməsində bank-maliyyə sektorunun rolunun gücləndirilməsi, iqtisadi subyektlərin kreditə çıxış imkanlarının daha da genişləndirilməsi istiqamətində fəaliyyət davam etdiriləcəkdir”, Rüstəmov bildirib.

Nağdsız ödənişlərin inkişafı, elektron ödəniş xidmətlərinin və innovativ ödəniş texnologiyalarının tətbiqinin genişləndirilməsi növbəti ildə də Mərkəzi Bankın fəaliyyətinin prioritet istiqamətlərindən olacaqdır.

“Yeni çağırışlardan irəli gələn vəzifələrin uğurla icrasında Mərkəzi Bankda insan kapitalının, tədqiqat və analitik bazasının, idarəetmə proseslərinin daha da müasirləşməsi və inkişafı vacib rol oynayacaq” baş bankir qeyd edib.

XS
SM
MD
LG