Accessibility links

Cənubi Koreyada MERS-ə yoluxan iki xəstə dünyasını dəyişib


Dünyada Yaxın Şərq Tənəffüs Sindromu ilə 1000-dən artıq xəstə qeydə alınıb, 400 nəfər vəfat edib

Cənubi Koreyada Yaxın Şərq Tənəffüs Sindromuna (MERS) yoluxan iki xəstə dünyasını dəyişib. Beləliklə bu səbəbdən ölənlərin sayı 25-ə çatmış olur.

Cənubi Koreyanın Səhiyyə Nazirliyi ölənlərin 58 yaşlı bir qadın və 71 yaşlı bir kişi olduğunu bildirib.

Bundan əlavə daha iki nəfərin üçüncü şəxsdən MERS-ə yoluxduğu aşkar edilib. İndiyədək yoluxanların hamısının birbaşa təmas nəticəsində xəstələndiyi qeydə alınıb.

Ən birinci xəstə Bəhreyn, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyində səfərdə olan 68 yaşlı kişi olub.

Cənubi Koreyanın MERS menecment komandasının bildirdiyinə görə, yoluxanlar 16-cı xəstə ilə əlaqədə olub. İki nəfər həmin xəstə ilə eyni xəstəxana palatasını bölüşüb.

800 nəfərin karantinə alındığı və təcrid edildiyi bildirilir.

Yaxın Şərq Tənəffüs Sindromu qızdırma, öskürəklə müşayiət edilir və pnevmaniya və böyrək xəstəliklərinə yol açır. MERS virusuna qarşı hələ ki, heç bir vaksin yoxdur.

Bu virus ilk dəfə 2012-ci ildə Səudiyyə Ərəbistanında qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı virusun insanlara dəvələrdən yayıldığını bildirir. İnsanlar arasında virus öskürək və maye yolu ilə yayılır.

Koreya Universitetinin infeksion xəstəliklər üzrə professoru Kim Uoo-joonun dediyinə görə, xəstəliyin yayılmasına maska taxılması, əllərin tez-tez yuyulması və öskürərkən ağızın bağlanması ilə mane olmaq mümkündür.

Cənubi Koreya xəstəliyin Yaxın Şərqdən xaricində ən çox yayılan ölkədir. Çində yalnız bir xəstə qeydə alınıb. Həmin şəxs koreyalı biznesmendir. Seulda xəstə ilə təmasda olan bu şəxs Çinə və daha sonra Honq Konqa səfər edib.

Hazırda Cənubi Koreya virusa yoluxanlara səyəhət məhdudiyyətlərinin tətbiqi üzərində işləyir.

Karantində olanların 240 nəfərinin siyahısı Ədliyyə Nazirliyinə təqdim edilib. Nazirlik digərlərinin də siyahısını tələb edib.

MERS SARS (Ağır Tənəffüs Sindromu) ilə eyni ailədəndir. Çin və Honq Konqda 8 mindən artıq insan bu virusa yoluxmuş, onların 800-ə yaxını dünyasını dəyişmişdi.

Ümumdünya Səhiyyə Təşkilatı 1000-dən artıq MERS xəstəsinin qeydə alındığını və indiyədək 400 nəfərin bu səbəbdən dünyasını dəyişdiyini bildirir.

XS
SM
MD
LG