Accessibility links

Mətbuat İcmalı: Dünya mətbuatı Dağlıq Qarabağdan nə yazır?


nagorno-karabakh conflict

nagorno-karabakh conflict

Amerikanın Səsi ABŞ və dünya mətbuatının son iki gündə baş verən hadisələr haqda yazdıqlarından xülasəni təqdim edir.

Aprelin 1-i gecə saatlarından Azərbaycanın Dağlıq Qarabağla cəbhə bölgəsində baş qaldıran intensiv qarşıdurmalar dünya mətbuatında geniş yer alıb. Amerikanın Səsi ABŞ və dünya mətbuatının son iki gündə baş verən hadisələr haqda yazdıqlarından xülasəni təqdim edir.

ABŞ-ın nüfuzlu Vaşinqton Post qəzeti “Azərbaycan: Dağlıq Qarabağa qarşı təktərəfli atəşkəs” başlığı ilə dərc etdiyi məqalədə Azərbaycan Müdafiə Nazirliyinin atəşkəslə bağlı bugünkü bəyanatına geniş yer verib. Daha sonra erməni üsyançı qüvvələrdən sitat gətirən qəzet atəşkəs elan olunmasına baxmayaraq üsyançıların Azərbaycan qüvvərinin atəşlərinə məruz qaldığını dediyi yazır. Qəzet habelə bildirir ki, bu gün səhər Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü Vaqif Dərgahlı gecə saatlarında Azərbaycan mövqelərinin hücuma məruz qaldığını və Azərbaycanın mülki yaşayış ərazilərinə qarşı hücumlar həyata keçirildiyini deyib.

Azərbaycan tərəfinin 12, erməni tərəfinin isə 18 itki verdiyini yazan qəzet son iki gündə baş vermiş hadisələrdən belə sitat gətirir: “Paytaxt Bakıdan 250 kilometr qərbdəki Qapanlı kəndindən video görüntülər bu bölgənin bir neçə Qrad raketi hücumuna məruz qaldığını göstərir. Müstəqilliyini təktərəfli elan etmiş “Dağlıq Qarabağ” rəsmiləri isə atəşkəs elanına skeptik yanaşaraq Azərbaycanın vədinə baxmayaraq Martekert qəsəbəsinin bütün gün ərzində ağır artilleriya hücumlarına məruz qaldığını bildirir. Dağlıq Qarabağ Müdafiə Nazirliyi cəbhə xətti yaxınlığındakı strateji əraziyə nəzarəti bərpa etdiklərinə iddia edib”.

Qəzet yazır ki, üsyançılar Azərbaycan tərəfi ilə atəşkəsi müzakirə etməyə hazır olduqlarını bildiriblər.

CNN də son iki gündə cəbhə xəttində baş verən hadisələrə geniş yer verib. Azərbaycanın dövlət xəbər agentliyi olan AzərTac-a istinadla başlayan məqalədə Azərbaycanın beynəlxalq çağırışları nəzərə alaraq atəşkəs elan etdiyi bildirilir. Bununla belə məqalədə Azərbaycan tərəfinin hər hansı təxribata “düşməni məhv etmək üçün hücum əməliyyatları” ilə cavab verəcəyini bildirdiyi də vurğulanır. CNN ABŞ Dövlət Departamentinin tərəfləri atəşkəsə çağıran bəyanatına da yer verib. “Dövlət Departamenti mülki vətəndaşlar da daxil olmaqla, bir çox itkilərə səbəb olan genişmiqyaslı atəşkəs pozuntusunu qınayıb. “Biz tərəfləri təmkin nümayiş etdirməyə və atəşkəsə əmək etməyə çağırırıq” – deyilən bəyanatda tərəflər danışıqlar prosesinə daxil olmağa çağırılır: “Biz təkrarən bildiririk ki, bu münaqişənin müharibə yolu ilə həlli yoxdur”.”

Məqalədə Ermənistan Müdafiə Nazirliyinin bəyanatına da istinad edilərək hərbi əməliyyatların davam etdiyi bildirilir. CNN erməni tərəfinin Azərbaycan rəsmilərinin hərəkətlərini “düşmən, işğalçı və məsuliyyətsiz” adlandırdığını yazır. “Bunun əksinə olaraq Azərbaycan hökuməti də erməni qüvvələrini işğalçı kimi xarakterizə edir. Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev qarşı tərəfi cəbhə xəttinə yaxın yaşayış ərazilərini bilərəkdən və intensiv şəkildə artilleriya hücumuna məruz qoyduğunu bildirib. “İşğalçı ölkə kimi hazırki vəziyyətə görə Ermənistan məsuliyyət daşıyır” – deyə Haciyev bildirib.”

ABC News isə hadisə ilə bağlı xəbərdə əsas diqqəti Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın mövqeyinə yönəldir. “Türkiyə prezidenti: Biz sonadək Azərbaycanın yanındayıq” başlıqlı xəbərdə Ərdoğanın ABŞ səfəri zamanı azərbaycanlı jurnalistə dediyi sözlərə yer verilib: “Biz Azərbaycanı sonadək dəstəkləyəcəyik”. İllərlə davam edən danışıqların hələ də nəticə vermədiyini yazan ABC News son iki gündə atəşkəsin pozulması nəticəsində 30-dan çox insanın həlak olduğu bildirib.

Məqalədə münaqişəyə görə Türkiyənin Ermənistanla sərhədlərini bağlamasından sonra ölkənin ciddi iqtisadi problemlərlə üzləşdiyi də yazılır.

Son iki gündə baş verən hadisələri yaxından izləyən beynəlxalq mətbuat orqanlarından biri də Reuters xəbər agentliyi olub. Agentlik yazır ki, son bir neçə həftə ərzində qeydə alınan kiçik atəşkəs pozuntuları sonda onlarla insanın ölümü ilə nəticələnən genişmiqyaslı silahlı qarşıdurmaya səbəb olub. Məqalədə hər iki tərəfin mülki vətəndaş itkiləri verdiyi də yazılır. Azərbaycan prezidentinin təhlükəsizlik şurasındakı çıxışından sitat gətirilən məqalədə İlham Əliyevin dünənki əməliyyatları “Böyük qələbə” adlandırdığı deyilir: “Ermənistan beynəlxalq qanunları pozub. Biz prinsipial mövqeyimizdən əl çəkməyəcəyik. Ancaq eyni zamanda biz atəşkəsə riayət edəcəyik və daha sonra münaqişəni sülh yolu ilə həll etməyə çalışacağıq” – deyə Reuters İlham Əliyevdən sitat gətirir.

Ermənistanın Müdafiə Nazirliyinin sözçüsü Artsrun Hovsannisyanın Facebook statusuna yer verən agentlik Ermənistanın Azərbaycanın atəşkəs haqda bəyanatını informasiya tələsi adlandırdığını yazır.

“Rusiya xəbər agentlikləri isə Dağlıq Qarabağın şimalındakı Mardakert istiqamətində hər iki tərəfin artilleriya hücumlarını davam etdirdiyini yazır”.

Reuters xəbər agentliyinin regionun strateji mühümlüyünə nəzər salaraq yazır ki, boru xəttləri ilə dolu olan və Qara dənizlə Xəzər dənizi arasında yerləşən Cənubi Qafqazda sabitlik xüsusilə Azərbaycan və regiondakı geniş neft-qaz ixracatçıları üçün mühüm əhəmiyyət kəsb edir.

“Dünyanda birinci neft istehsalçısı olan Rusiyanın Ermənistanın şimalında qoşunlar, hərbi təyyarələr və hücum vertolyorlarından ibarət qarrizonu var. Rusiya həmçinin Dağlıq Qarabağ münaqişəsində əsas vasitəçi olub və şənbə günü tərəfləri atəşkəs pozuntusuna son qoymağa çağırıb.” – deyə məqalədə yazılıb.

Azərbaycan Müdafiə Nazirliyinin Dağlıq Qarabağ regionundakı separatçılara qarşı açıqladığı təktərəfli atəşkəs bəyanatını üsyançıların rədd etdiyini yazan USA Today qəzeti dünənki olayları son 20 ildə ən böyük atəşkəs pozuntusu kimi dəyərləndirib. Son olaylara görə tərəflərin bir-birini günahlandırdığını yazan qəzet Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın strateji müttəfiqi olan Azərbaycanı dəstəkləyəcəyini də bildirib. “Biz dua edirik ki, qardaşlarımız ən az itki ilə bu münaqişənin öhdəsində gəlsin” – deyə qəzet Ərdoğana istinadən bildirib.

Headquarters of the BBC

Headquarters of the BBC

BBC isə hadisələrə dair xəbərini “Dağlıq Qarabağda döyüş: Azərbaycan atəşkəsə çağırır” başlığı ilə paylaşıb. Məqaladə Azərbaycanın bu addımı beynəlxalq çağırışlara əsasən atdığı, ancaq Ermənistanın dəstəklədiyi “Qarabağ qüvvələrinin” bunun həqiqət olmadığını və Azərbaycanın döyüşləri davam etdirdiyini bildirdiyi yazılıb. BCC Azərbaycanın açıqladığı bəyanatda hücuma məruz qalacağı təqdirdə cavab atəşi açacağına dair xəbərdarlığını da xatırladıb. Məqaladə deyilir ki, erməni tərəfi isə Dağlıq Qarabağın şimalındakı Martakertin ağır artilleriya və qrad raketi hücumlarına məruz qaldığını bildirir.

BBC də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycanı dəstəkləyən ifadələrinə yer verib.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG