Accessibility links

Metyu Brayza: Azərbaycanla Amerika təhlükəsizlik, enerji və daxili islahatlar sahəsində ortaq maraqları bölüşür


Metyu Brayza: Azərbaycanla Amerika təhlükəsizlik, enerji və daxili islahatlar sahəsində ortaq maraqları bölüşür

Metyu Brayza: Azərbaycanla Amerika təhlükəsizlik, enerji və daxili islahatlar sahəsində ortaq maraqları bölüşür

Prezident İlham Əliyev Amerikanın Azərbaycana yeni təyin edilmiş səfiri Metyu Brayzanın etimadnaməsini qəbul edib. Səfir Brayza prezidentlə görüşündən bir neçə saat sonra ölkənin aparıcı media rəhbərlərinin qarşısında Amerika-Azərbaycan münasibətləri mövzusunda çıxış edib.

Bu gün prezident İlham Əliyev Amerikanın Azərbaycana yeni təyin edilmiş səfiri Metyu Brayzanın etimadnaməsini qəbul edib.

Səfir Brayza prezidentlə görüşündən bir neçə saat sonra ölkənin aparıcı media rəhbərlərinin qarşısında Amerika-Azərbaycan münasibətləri mövzusunda çıxış edib.

“Mən Azərbaycana gələrkən prezident Barak Obama və dövlət katibi Hillari Klinton bir daha Azərbaycanla dostluq, əməkdaşlıq və tərəfdaşlığın nə dərəcədə mühüm olduğunu qeyd etdilər.

Hesab edirəm ki, prezident Obamanın məni müstəqil şəkildə səfir təyin etməsi, onun Azərbaycanla ABŞ arasındakı münasibətlərə nə dərəcədə önəm verməsini vurğulayır. Prezident Obamanın təlimatlarına əsasən ölkələrimiz arasındakı əməkdaşlığın və tərəfdaşlığın dərinləşdirilməsi və gücləndirilməsinə çalışacam”.

Onun fikrincə, iki ölkəni yaxınlaşdıran çox dərin və geniş strateji məsələlər var. “Bizim bölüşdüyümüz ortaq maraqlar təhlükəsizlik, enerji və daxili islahatlardır. Ancaq, bu sahələrdən heç biri ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməsindən daha önəmli və vacib deyil. Mən Minsk qrupunun amerikalı həmsədri cənab Bradke və digər həmsədrlərə əlimdən gələn bütün köməyi göstərəcəm. Burada əsas məqsəd tərəflər arasında kompromisə əsaslanan ədalətli və uzunmüddətli sülhə nail olunmasından ibarətdir. Hesab edirəm ki, hər bir peşəkar və ciddi diplomat üçün iki ölkə arasında əlaqələrin daha da yaxınlaşdırılması və sülhə nail olunmasından daha ciddi iş ola bilməz. Biz hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli bütün bölgəyə sülh və sabitlik gətirəcək. Münaqişənin sülh yolu ilə həlli bölgədəki rifahı, əmin-amanlığı gücləndirəcək, bölgənin strateji əhəmiyyətini daha da artıracaq” , - deyə o qeyd edib.

Cənab Brayza Azərbaycana terrorizmə qarşı mübarizədə köməyə və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştiraka görə təşəkkür bildirib. “Biz Əfqanıstana Azərbaycan ərazisindən qeyri-hərbi yüklərin daşınmasında əməkdaşlıq edirik. Bunu əməkdaşlığın və tərəfdaşlığın dərinləşdirilməsinə dəlalət edən bir amil hesab edirik”.

O enerji əməkdaşlığından danışarkən bildirib ki, Cənub dəhlizi layihəsinin inkişafına yönələn fəaliyyətlər Avropa ilə münasibətlərin yaxınlaşmasına və dərinləşməsinə xidmət edəcək.

“Ölkələr və şirkətlər danışıqların çox mühüm mərhələsinə qədəm qoyub. Bu fəaliyyətlər Azərbaycanın Cənub dəhlizi vasitəsi ilə Avropaya inteqrasiyasına kömək edəcək. Bu həm də, qaz tədarükü marşrutlarının sonrakı şaxələndirilməsində öz rolunu oynayacaq.

Səfirliyimiz və rəsmi Vaşinqton prosesdə tərəflərə öz güclü dəstəyini davam etdirəcək. Burada məqsəd tərəflərə kommersiya, ticarət baxımından uğurlu və cəlbedici layihələr üzrə razılığa gəlməkdə kömək göstərilməsidir”.

Səfir eyni zamanda, Azərbaycana demokratiya və bazar iqtisadiyyatı sahəsində Amerikanın dəstəyini də vurğulayıb.

“Biz Azərbaycan hökumətinin antikorrupsiya sahəsində son

təşəbbüslərini alqışlayırıq. Təşəbbüsün davam etdirilməsində və daha da dərinləşdirilməsində kömək göstərməyə hazırıq. Bu bizim ümidimizi əks etdirəcək ki, Azərbaycan artıq alternativ ölkə olaraq özünü büruzə verməkdədir. Bu həm də, çox müsbət bir alternativdir. Bu Misirdə baş verən son hadisələrə bir alternativdir. Misirdə əhali və hökumət ekstremizmlə davamlı çətinlik arasında çox çətin seçim etməli oldu. Hesab edirəm ki, Azərbaycan demokratik islahatlar istiqamətində səylərini davam etdirdikcə ümumi müsbət nəticəyə görə nümunəvi uğurlu ölkə olacaq. Bizim birgə görüləsi işlərimiz çoxdur. Amerika hökuməti, səfirlik və media arasındakı əməkdaşlıq mənim bəhs etdiyim məsələlərdə çox mühüm rol oynayır”.

O suallara cavabda prezident İlham Əliyevlə görüşündə Azərbaycanda terror təhlükəsi ehtimalı barədə məsləyə də toxunulduğunu deyib. “Görüşümüz dostluq və səmimiyyət şəraitində keçdi. Biz çox açıq və müsbət şəraitdə fikir mübadiləsi apardıq. Biz iki dost ölkə çətinlikləri ortaq qarşılayır və çətinliklərə qarşı ortaq mübarizə aparır. Terror məsələsinə gəlincə, biz bu məsələləri əsassız şəkildə elan etmirik. Biz terror ehtimalı ilə bağlı məlumat verən mənbəni açıqlamırıq. Amma, əgər terror təhlükəsi ilə bağlı ikinci dəfə xəbərdarlıq etmişiksə, bu o deməkdir ki, məsələ çox ciddidir. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan hökumətinin məsələ ilə bağlı bizə göstərdiyi dəstəkdən çox məmnunuq”.

Səfir bu il martın 5-də Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə növbəti görüşünün olacağını da deyib.

O həmçinin, hərbi əməkdaşlıq sahəsində məsləhətləşmələrin davam etdiriləcəyini bildirib. “Yaxın bir neçə gündə xarici işlər nazirliyində bununla bağlı danışıqlar aparacam. Çünki, bu hərbi-siyasi məsləhətləşmələrdir və xarici işlər nazirliklərinin iştiraklı ilə həyata keçirilir. Biz bu məsləhətləşmələri mühüm hesab edirik və ABŞ hökuməti məsləhətləşmələri davam etdirməyə hazırdır”, - deyə cənab Brayza qeyd edib.

XS
SM
MD
LG