Accessibility links

Metyu Brayzanın ABŞ-ın Azərbaycanda səfiri vəzifəsinə namizədliyi ölkədə müsbət qarşılanıb


Metyu Brayzanın ABŞ-ın Azərbaycanda səfiri vəzifəsinə namizədliyi ölkədə müsbət qarşılanıb

Metyu Brayzanın ABŞ-ın Azərbaycanda səfiri vəzifəsinə namizədliyi ölkədə müsbət qarşılanıb

Metyu Bryzanın namizədliyi Senat tərəfindən təsdiq olunmalıdır

Prezident Barak Obama Amerikanın Azərbaycandakı səfiri vəzifəsinə Metyu Brayzanın namizədliyini irəli sürüb. Səfir təyin edilə bilməsi üçün Cənab Bryzanın namizedliyi Senat tərəfindən təstiq olunmalıdır.

Cənab Brayza 2006-2009-cu illərdə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədi ilə təşkil edilmiş ATƏT-in Minsk qrupunun amerikalı həmsədri olub. Bundan öncə isə, o 2005-ci ildən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini vəzifəsində fəaliyyət göstərib. O bundan əvvəl də Ağ Evdə Milli Təhlükəsizlik Şurasının Avropa və Avrasya məsələləri üzrə direktoru olub.

Metyu Brayzanın namizədliyi Azərbaycanda birmənalı müsbət qarşılanıb. Çünki o, Azərbaycanın hazırkı rəhbərləri, iqtidar və müxalifət partiyalarının liderləri, hüquq müdafiəçiləri ilə dəfələrlə görüşlər keçirib.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Media Forum” saytına bildirib ki, rəsmi Bakı cənab Brayzanın namizədliyini çox müsbət qarşılayır. “Əvvəla, Metyu Brayza Azərbaycanı yaxşı tanıyır. O, Corc Buş admnistrasiyasında Azərbaycanla bağlı proseslərlə məşğul olub. Cənubi Qafqaza yaxşı bələddir, Azərbaycan, Ermənistan, Gürcüstanın bölgədəki mövqelərini, ictimai-siyasi vəziyyəti, daxili-xarici siyasəti, bölgənin geosiyasəti və bu kimi prosesləri bilir. Uzun müddət bir diplomat kimi ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olub. Dağlıq Qarabağ problemini, Madrid prinsiplərini, prinsiplər ətrafında aparılan danışıqları, Azərbaycan və Ermənistan prezidentlərinin məsələyə yanaşmasını, hər iki dövlətin mövqelərini yaxşı bilir. Düşünürük ki, Metyu Brayzanın Azərbaycanda səfirliyi dövründə Azərbaycanla ABŞ arasında münasibətlər daha da yaxşılaşacaq, mövcud problemlər aradan qalxacaq, indiyədək xalqlarımızı birləşdirən, strateji tərəfdaşlıq istiqamətinə yönələn münasibətlər inkişaf etdiriləcək”, - deyə o qeyd edib.

Müxalifətdə olan siyasi partiyalar cənab Brayzanın Azərbaycanla münasibətlərdə irəliləyişlərə nail olacağına inanır. “Müsavat” partiyasının başqanı İsa Qəmbər onunla dəfələrlə görüşdüyünü və təcrübəli diplomat kimi tanıdığını deyir.

İqtidarda olan “Yeni Azərbaycan” partiyasının icra katibinin müavini Mübariz Qurbanlı cənab Brayzanın namizədliyini daha yaxşı variant kimi xarakterizə edir.

Müstəqil politoloqlar prezident Barak Obamanın Metyu Brayzanın səfirliyə namizədliyini irəli sürməsini xeyirli niyyət kimi qiymətləndirir. Politoloq Eldar Namazov hesab edir ki, cənab Brayza Amerika-Azərbaycan münasibətlərini yeni mərhələyə qaldıracaq.

Hüquq müdafiəçiləri də cənab Brayzanın bu sahədə nailiyyətlərə imza atacağına inanır. Reportyorların Azadlığı və Təhlükəsizliyi institutunun direktoru Emin Hüseynli onun səfirliyi dövründə insan hüquq və azadlıqları sahəsində ABŞ adminstrasiyasının Azərbaycanla münasibətlərində ciddi dəyişikliklər olacağına ümid edir.

XS
SM
MD
LG