Accessibility links

Metyu Rojanski: Duma seçkilərinin nəticəsi insanların siyasi durğunluqdan bezdiyini göstərir


Metyu Rojanski: Duma seçkilərinin nəticəsi insanların siyasi durğunluqdan bezdiyini göstərir
Metyu Rojanski: Duma seçkilərinin nəticəsi insanların siyasi durğunluqdan bezdiyini göstərir

Karnegi Beynəlxalq Sülh Fondunun eksperti Metyu Rojanski bu günlərdə Rusiyadan qayıdıb. Amerikanın Səsinin Azərbaycan xidmətinə müsahibədə cənab Rojanski Rusiyada parlament seçkilərindən aldığı təssüratları və həmin ölkədəki siyasi durum haqda mülahizələrini bölüşüb.

Sual: Rusiyada bu yaxınlarda parlament seçkiləri keçirildi. Bəzi gözləntilərin əleyhinə olaraq Vahid Rusiya partiyası ictimai dəstəyinin bir qismini itirdi. Hakim partiyaya dəstəyin qəfil düşməsi nə ilə əlaqədardır?

Cavab: Bu, qəfil deyildi - burasını qeyd etmək vacibdir. Nəticə maliyyə böhranından bəri cəmiyyətdə qərar tutmuş məqsədsizliyi, durğunluğu və qeyri-müəyyənliyi əks etdirirdi. Ötən onilliyin birinci yarısında Rusiyada həyat standartları qalxdı. Sadə rusların rifah halı yaxşlaşdı, imkanları genişləndi. Hakimiyyətdə olan Putin və onun komandası bundan bəhrələndilər. Onilliyin ikinci hissəsində, ələlxüsus 2008, 09, 10-cu illərdə isə ruslarda sistemə inam sarsıldı. Bu, o demək deyil ki, ruslar hər şeyi devirməyə hazırdırlar. Yadda saxlamaq lazımdır ki, inqilablar Rusiyaya adətən yaxşı şey gətirməyib. İnsanlar dramatik siyasi dəyişikliklərdən əziyyət çəkirlər. Eyni zamanda seçki saxtakarlılqarını çıxmaq şərti ilə də əksəriyyətin hakim partiyaya dəstəyi azalıb. Bu, aydın şəkildə seçicilərin hakimiyyətə mesajı idi. İnsanların gələcəyə etimadı sarsılıb, özlərini o qədər də təhlükəsiz hiss etmirlər. Onlar indi plan, liderlik görmürlər. Onlar rəhbərlikdə yeni üzlər, yeni adamlar görmək istəyirlər ki, onlara inana bilsinlər.


Sual: Rusiya müxalifətinin durumu haqda nə düşünürsüz? Belə görünür ki, hələlik Kommunistlər ən güclü siyasi blok olaraq qalırlar. Amma son aylarda sanki Demokratların da gücləndiyi müşahidə olunur.

Cavab: Əgər müxalifət dedikdə parlament və ya prezident seçkilərinə iştirak edəcək qrupları nəzərdə tutursunuzsa, onda Kommunistlər 20 faiz toplamaqla uğur qazanıblar. Sadə, orta yaşlı, zəhmətkeş sinfə daxil olan rus üçün Kommunistlər həmişə ikinci təbbi seçimdirlər. Əgər Vahid Rusiya olmasa, onda seçim Kommunistlərdir. Lakin zənnimcə ən iri siyasi blok səs verməyənlərdir. Seçkilərə gələn adamların sayı 50 faizdən də az idi. Yerli rəhbərlyin hakim partiyaya ictimai dəstək səfərbər etdiyi Şimali Qafqaz, Sibir və ya başqa periferal bölgələri çıxsaz, görərsiz ki, seçkilərə qatılan insanların sayı 50 faizdən aşağı idi. Bu, güclü siqnaldır. Çünki dəstəyin ən azı 10 faiz azaldığını göstərir. Demək istədiyim odur ki, heç bir müxalifət partiyası ictimaiyyəti hökumətə qarşı səfərbər edə bilmədi. İnsanlar əsəbidirlər, amma onlar səs vermək üçün motiv görmürlər. Çoxları hesab etmir ki, onların səs verməsi ilə müsbətə doğru nəsə dəyişəcək.


Sual: Belə bir təəssürat var ki, ruslar siyasətə o qədər də maraq göstərmirlər. Rusiyada xalqın siyasətə etinasızlığı nədən irəli gəlir?

Cavab: Məsələ insanların siyasətə maraq göstərməməsində deyil. Onlar siyasətdə iştirak üçün bir əsas görmürlər. İnsanlar siyasətə seyrçi mövqeyindən baxırlar. Siyasi fəallar şüarlar səsləndirir, nümayişə qatılırlar. Amma əksər ruslar belə deyil. Hətta Moskvada da. Götürək gənc nəslin nümayəndələrini. Normalda bu Facebook nəsli guya aktiv olmalıdır. Amma Rusiyada gənclərin çoxu siyasi instinktlərini udaraq özləri üçün həyatda cığır açmağa çalışırlar. Əgər sən hökumətdə yaxud sistemdə işləmək istəyirsənsə onda hakim partiyaya daxil olursan. Bunun bir məntiqi var. Bir qism adam da var ki, onlar siyasi baxışlarını evdə, mətbəx stolu arxasında dostları və ailələri qarşısında ifadə edirlər. Amma bu çıxışlar siyasi müstəvidə olunmur. Siyasət nədir? Bu, insanların həyatını, iş tapmasını, maariflənməsini əhatə edir. Rusların çoxu bu məqsədlərə siyasi müstəvidən kənarda nail olmağa çalışır. Kimisi özünə biznes açır, kimisi xaricə üz tutur. Insanlar öz ambisiyalarına siyasi sistemdən kənarda çatırlar.


Sual: Qarşıdan gələn prezident seçkiləri üçün gözləntilər nədir? Əgər Putin qalib gələrsə, onun hakimiyyəti dönəmində Rusiya necə görünəcək?

Cavab: Zənnimcə, indi ilə prezident seçkiləri arasındakı vaxt çərçivəsi çox dardır. Yeni ilədək ruslar Duma seçkilərini həzm etməyə çalışacaqlar. Bundan sonra bayram mövsümü başlanacaq. Yanvarın axırından başlayaraq siyasi fəallaşma müşahidə oluna bilər. Güman edirəm ki, Putinin komandası aqressiv siyasi kampaniyaya başlayacaq. Modernizasiya, korrupsiyaya qarşı mübarizə və cəmiyyətdə başqa populyar şüarlarla xalqın könlünü almağa çalışacaq. May ayında andiçmə mərasimindən sonra Putin müəyyən dəyişikliklər etməyə başlaya bilər. Məsələn mümkündür ki, Vahid Rusiya partiyasının son göstəricilərindən sonra o, Dmtiri Medvedevi razılaşdırıldığı kimi baş nazir təyin etməsin, yaxud da təyin edib, sonradan böhran düşən kimi çıxarsın. Bəzi nazirləri də əvəzləyə bilər. Mümkündür ki, bu dəyişikliklər Rusiya cəmiyyətiin müəyyən kəsimini razı salsın. Amma Putin ölkənin oliqarxlarla balans mahiyyəti daşıyan siyasi düzənində fundamental dəyişiklik edə bilməz. Əgər Putin bu sistemi yaşadan adamlara toxunmağa başlasa onda onlar alternativ axtarışına çıxacaqlar. Putin buna imkan verə bilməz. Ona görə də ciddi dəyişikliklərin baş verəcəyini ehtimal etmirəm.

XS
SM
MD
LG