Accessibility links

Məhkəmə blogeri vaxtından əvvəl azadlığa buraxmayıb


Məhkəmə blogeri vaxtından əvvəl azadlığa buraxmayıb
Məhkəmə blogeri vaxtından əvvəl azadlığa buraxmayıb

Azərbaycan Cinayət Prosessual Məcəlləsinə görə, məhkum cəzasının yarısını çəkdikdən sonra cəzaçəkmə müəssisəsində tənbehi olmadıqda vaxtından əvvələ həbsdən azad edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər

Qaradağ rayon məhkəməsi bloger Adnan Hacizadənin vaxtından əvvəl həbsdən azad edilməsi ilə bağlı müraciətini təmin etməyib. Azərbaycan Cinayət Prosessual Məcəlləsinə görə, məhkum cəzasının yarısını çəkdikdən sonra cəzaçəkmə müəssisəsində tənbehi olmadıqda vaxtından əvvələ həbsdən azad edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. Gənc bloger ötən il iyulun 8-də bədənə az xəsarət yetirmə ittihamı ilə həbs edilib və noyabrın 11-də məhkəmənin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. O, həbsinin yarısını çəkdikdən sonra vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət edib.

Məhkəmə cənab Hacızadənin vaxtından əvvəl azadlığa buraxılmaması barədə qərarını cəzaçəkmə müəssisəsinin əməkdaşlarının mülahizələri ilə əsaslandırıb. Vəkil İsaxan Aşurov məhkəmənin qərarında qanunilik, əsaslılıq və ədalətlilik olmadığını deyir. “Cəzaçəkmə müəssisəsinin əməkdaşları blogerin tez-tez vəkil xidmətindən istifadə etməsini onun xarakterində ziddiyyət kimi xarakterizə etdi. Bu isə məhkəmənin Hacızadəni vaxtından əvvəl həbsdən buraxmaması üçün əsas kimi götürüldü”.

Onun sözlərinə görə, penitensiar xidmətin nümayəndəsi, eyni zamanda blogerin cəzaçəkmə müəssisəsində özünü nümunəvi apardığını da deyib. Vəkil blogerin cəzaçəkmə müəssisəsində hər hansı tənbehinin olmadığını bildirib.

Adnan Hacızadə də cəzaçəkmə müəssisəsində ictimai işlərdə fəal olduğunu deyib. Bloger abadlıq işlərində də fəallıq göstərdiyini məhkəmə heyətinin diqqətinə çatdırıb.

Blogerlər Adnan Hacızadə və Emin Millinin həbsi beynəlxalq ictimaiyyət tərəfindən etirazla qarşılanıb. Amerika Dövlət Departamenti, ATƏT, Avropa Şurası, beynəlxalq insan haqları və jurnalist təşkilatları blogerlərin həbsdən azad edilməsi tələbi ilə çoxsaylı bəyanatlarla çıxış edib. Məhkəmə prosesini monitorinq edən beynəlxalq təşkilatlar onların həbsini azad medianın susdurulması istiqamətində addım kimi qiymətləndirib. Amnesty İnternational Emin Milli və Adnan Hacizadəni vicdan məhbusu kimi tanıyıb. Təşkilat inanır ki hər iki gəncin həbsi Azərbaycanda etiraz səslərinə qarşı davam edən qadağaların bir hissəsidir. “Blogerlər törədə biləcəyi həqiqi cinayətin deyil, ifadə azadlığı hüququnun sülh yolu ilə həyata keçirilməsinin hədəfi olub”- deyə təşkilat qeyd edib.

Amerika Dövlət katibi Hillari Klinton da bu il iyulun 4-də Bakıya səfəri zamanı blogerlərin həbsdən azad edilməsi ilə bağlı məsələ qaldırdığını deyib. Dövlət katibi özünün və prezident Barak Obamanın blogerlər barədə çoxsaylı məktublar aldığını bildirib. “Mən onların tezliklə azadlığa buraxılacağına ümid edirəm”, - deyə xanım Klinton Bakıda gənclərlə görüşü zamanı qeyd edib.

“Media Hüququ” institutunun direktoru Rəşid Hacılı Qaradağ rayon məhkəməsinin qərarını beynəlxalq ictimaiyyətin etirazına cavab kimi qiymətləndirir. “Bu məhkəmə qərarı Azərbaycan hökumətinin beynəlxalq çağırışları nəzərə almayacağına işarədir”.

XS
SM
MD
LG