Accessibility links

Məhkəmə həbsdə olan jurnalisti təkrarən həbs edib


Məhkəmə həbsdə olan jurnalisti təkrarən həbs edib

Məhkəmə həbsdə olan jurnalisti təkrarən həbs edib

Vəkil məhkəmənin qərarını Avropa İnsan Haqları məhkəməsinin qərarını icra etməmək üçün bəhanə sayır

Bakı Apelyasiya məhkəməsi həbsdə olan jurnalist Eynulla Fətullayev barəsində yenidən həbs qəti imkan tədbiri seçib. Məhkəmənin qərarı müdafiəçilər və jurnalist tərəfindən təəccüblə qarşılanıb. Çünki, jurnalist Qaradağ Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti vermişdi.

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev 2007-ci ildə terrorçuluqla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınma ittihamı ilə 8 il yarım azadlıqdan məhrum edilib. 2009-cu il dekabrın 29-da həbsxanada Eynulla Fətullayevin paltarından narkotik tapılıb və həmin ittihamla bu ilin yayında Qaradağ məhkəməsi ona daha 2 il yarım azadlıqdan məhrumetmə cəzası verib. Lakin jurnalist həbsdə olduğundan məhkəmə onun barəsində ikinci dəfə həbs qəti imkan tədbiri seçilməsi barədə qərar verməyib. Avropa İnsan Haqları Məhkəməsi bu ilin aprelində jurnalistin dərhal həbsdən azad edilməsi ilə bağlı qərar çıxarıb. Noyabrın 11-də isə Ali Məhkəmənin plenumu Avropa Məhkəməsinin qərarını müzakirə edəcək.

Amma jurnalistin həbsdən azad edilməsi üçün Avropa məhkəməsinin qərarı bəs etməyəcək. Bu gün Bakı Apelyasiya məhkəməsinin yenidən onun barəsində həbs qəti imkan tədbiri seçməsi bunu bir daha təsdiq edir. Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə başlayan kimi təqsirləndirilən şəxs və onun vəkili prosesin keçirilməsi barədə onlara əvvəlcədən məlumat verilmədiyini deyib və prosesin başqa vaxtda keçirilməsini xahiş edib. Elə bu zaman dövlət ittihamçısı məhkəmədən jurnalist barədə həbs qəti imkan tədbiri seçməsini xahiş edib və məhkəmə prokurorun xahişini təmin edib.

Cənab Fətullayev məhkəmənin qərarını gülməli siyasi sifariş adlandırıb. “Necə, yəni həbs etmək? Mən küçədə gəzmirəm ki, həbsxanada saxlanıram”, - deyə o etiraz edib.

Vəkil İsaxan Aşurov məhkəmənin qərarını hüquqa zidd adlandırıb. “Hakim qəti imkan tədbiri seçməsi ilə bağlı qərarını əsaslandırmayıb və əsaslandıra da bilməz”.

Jurnalistin atası məhkəmənin qərarını ailəsinə ağır zərbə kimi qiymətləndirib. “Narkotik ittihamı Avropa məhkəməsinin qərarının icra edilməməsi üçün ortaya atılıb”.

“Jurnalistin həbsdən azad edilməməsi ölkədə söz azadlığına qarşı yönəldilib. Eynulla Fətullayevin həbsi tənqidi mətbuatı qorxu altında saxlamaq məqsədi daşıyır”. Bu sözləri isə ”Amerikanın səsi” radiosuna “Gündəlik Azərbaycan” qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu deyib.

XS
SM
MD
LG