Accessibility links

Mişel Obama inaqurasiyada eleqant stil və yeni imic nümayiş etdirir [Fotoqalereya]



Prezident Obama ikinci inaqurasiya mərasiminin əsas fiquru olsa da, amerikalılar olduqca populyar birinci xanım Mişel Obama və onun məhz bu çox mühüm gündə geyim stilinə xüsusi diqqət verirlər.

Xanım Obama bu dəfə də inaqurasiya mərasimində eleqant stilini saxlayaraq, amerikalıların çoxunun və xüsusilə də modasevərlərin zövqünü oxşaya bilib. İnaqurasiya mərasimindən öncə səhər Ağ Ev yaxınlığında yerləşən kilsəyə qızları və anası ilə birlikdə gələn Mişel Obama dəyişik saç düzümü ilə dörd il əvvəllə müqayisədə yeni imicdə görünürdü.

Mişel Obama ikinci inaqurasiya üçün amerikalı dizayner Thom Brounun dizayn etdiyi boz rəngli don və paltodan ibarət dəst seçib. Palto və donun parçası ipək kişi qalstukunun parçası əsasında hazırlanıb. Bİrinci xanım JCrew moda evinə məxsus ayaqqabılar geyib. Obamaların böyük qızı Maliyanın da geyim dəsti JCrew brendinə məxsus olub. Mişel və Barak Obamanın kiçik qızı Saşa isə Amerika dizayneri Keyt Speydin (Kate Spade) hazırladığı don və palto geyib.

JCrew Amerikanın birinci xanımının sevdiyi brendlərdən biridir. Əslinə qalsa, bu moda evinin ən tanınmış müştərisi elə Mişel Obamadır. Amerikanın birinci xanımı yüksək moda və kütüryelərdən daha çox gənc dizaynerlərin kolleksiyalarından geyimlərə üstünlük verir. Bununla xanım Mişel Obama gənc dizaynerlərə həm dəstək bildirir, həm də öz zövqü və stilini nümayiş etdirə bilir.

Onun 2009-cu ildə prezident Obamanın tarixi inaqurasiyası üçün geydiyi palto və dondan ibarət dəst o zaman moda dünyasında böyük ad qazanmamış Kuba mənşəli Amerika dizayneri İsabel Toledo tərəfindən hazırlanmışdı. Moda ekpertlərinin ciddi diqqətinə səbəb isə Mişel Obamanın inaqurasiyadan sonra axşam ziyafətə geydiyi Çin mənşəli gənc Amerika dizayneri Ceyson Vu (Jason Wu) tərəfindən hazırlanan don olmuşdu. Amerikanın ilk qaradərili birinci xanımının qlamur görünüşünə və zövqünə yüksək qiymət verilmiş və Mişel Obama beləliklə stilli birinci xanımlar siyahısına düşmüşdür.

Moda ekspertləri onun özünəməxsus, eleqant və klassik, lakin eyni zamanda sadə geyim üslubunu qeyd edir. Bu, müasir, özünə güvənən qadının stili hesab edilir. Mişel Obamanın stilini nümayiş etdirən əsas geyim nümunələri kimi JCrew brendinə məxsus klassik, yaxası düyməli jaket və düz biçimli ətək, ya da qolu qısa klassik don göstərilir.

Prezident Obamanın ikinci inaqurasiya mərasimi bitəndən sonra Mişel Obamanın geydiyi don və palto dəsti ABŞ-ın Milli Arxivinə veriləcək. Amerikanın Milli Tarix muzeyində birinci xanımların geyimlərinə həsr olunmuş xüsusi sərgi var. Burada son 100 ildə Amerikanın birinci xanımlarının ziyafət geyimləri nümayiş etdirilir. Mişel Obamanın 2009-cu ildə inaqurasiya ziyafətinə geydiyi məşhur don da onların arasındadır.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG