Accessibility links

Amerikalı ekspert: “Liviyada hərbi rəsmilər partizanların tərəfinə keçməlidir” (VİDEO)


Amerikalı ekspert: “Liviyada hərbi rəsmilər partizanların tərəfinə keçməlidir” (VİDEO)

Amerikalı ekspert: “Liviyada hərbi rəsmilər partizanların tərəfinə keçməlidir” (VİDEO)

Liviyada üsyaçılarla ölkə lideri Müəmmar Qəzzafiyə sadiq qüvvələr arasında toqquşmalar davam etdiyi bir vaxt, ABŞ və digər Qərb dövlətləri ölkədəki vəziyyətdən çıxış yollarını müzakirə edir. Fransa artıq Liviya müxalifət idarəçiliyini rəsmən tanıyıb. Amerika Xarici Siyasət Şurasının elmi-tədqiqatçısı Mikah Levinsonun Amerikanın səsinə verdiyi müsahibə başlıca sualın “ABŞ bu üsyançıların Qəzzafini devirməsini istəyirmi?” olduğunu bildirib. Onun sözlərinə görə, hələ də bu üsyançıların kim olduğu məlum deyil.


Sual:
Liviyadakı inqilabi proseslə Misir və Tunisdəki inqilabi hərəkatlar arasında oxşar və fərqli cəhətlər hansılardır?

Cavab: Misir və Tunisdə demək olar ki, bütün ali hərbi idarəçilik çox tez xalqın tərəfinə keçdi. Liviyada isə bu keçid yarımçıq oldu. İnqilabi qrupun qələbə qazanması üçün partizan ordusuna ehtiyac var. Əgər partizan qrup olmasa, rejimi devirmək üçün gərək hərbi rəsmilər onların tərəfinə keçsin. Misirdə hərbi rəsmilər tam olaraq xalqın tərəfinə keçdi və çox tez rejim devrildi. Liviyada isə Qəzzafiyə sadiq qüvvələrlə müxalif qüvvələr arasında qarşıdurma nəticəsində vətəndaş müharibəsi başlayıb.

Sual: Birləşmiş Ştatlar cənab Qəzzafiyə sadiq qüvvələrə qarşı döyüşən liviyalılara necə kömək edə bilər? Misal üçün ABŞ 1980-ci illərin əvvəllərində Əfqanıstanda Sovet ittifaqına qarşı döyüşən insanlara etdiyi kimi silah, təlim və s. yardım edə bilərmi?

Cavab: Əlbəttə, Birləşmiş Ştatlar belə bir addım ata bilər və hətta gələn xəbərlərə görə, ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanından xahiş edə bilər ki, Liviyadakı üsyançılara təlim və ya silah yardımı etsin və biz artıq misirlilərin bunu etdiyini bilirik. ABŞ da üsyançılara silah sata bilər. Yegənə sual ondan ibarətdir ki, biz bu üsyançıların Qəzzafini devirməsini istəyirikmi? Hələ də bu üsyançıların kim olduğu məlum deyil.

Sual: Media məlumatları göstərir ki, Liviyada humanitar böhran yarana bilər. Belə olan halda NATO və ya digər qurumlar böhranın qarşısını almaq üçün oraya hərbi qüvvələr yeridə bilərmi?

Cavab: Bu da mümkündür. Böyük Britaniyanın baş naziri Deyvid Kameron hərbi müdaxiləyə daha maraqlı görünürdü. ABŞ hazırda elə bil biraz geri çəkilir. NATO-ya daxil olan digər ölkələrin liderləri isə deyir ki, əgər BMT Təhlükəsizlik Şurası bunu qəbul etsə, hərbi müdaxiləyə razılıq verərlər. Ancaq Rusiya birmənalı olaraq bildirib ki, Şurada belə bir qərarın təsdiq olunmasına yol verməyəcək. Ona görə də, NATO-nun qrup şəklində individual ölkələrə müdaxilə etməsi şansı gündən-günə azalır.

Sual: Liviyanın gələcək taleyi necə olacaq? Əgər Qəzzafi müxalifət üzərində qələbə çalsa, ABŞ və Qərb dövlətlərinin Liviya ilə münasibətləri necə olacaq?

Cavab: Biz 1991-ci ildə Səddam Hüseyn hökumətinə nəzər sala bilərik. Körfəz müharibəsindən sonra birinci prezident Buş şiələri üsyan qaldırmağa və Səddam Hüseyni devirməyə çağırmışdı. Buna baxmayaraq, biz sözdə dəstək göstərsək də, hərbi yardım etmədik. Belə ki, Respublika Qvardiyaları üsyanları yatırandan sonra biz şiələr arasında etibarımızı itirdik. Son illər Qəzzafi hökuməti daha çox Qərbyönümlü siyasət yürüdürdü. O, Şimali Afrikada sabitliyin mənbəyi kimi xidmət edirdi.

Sual: Fransa artıq rəsmi olaraq Liviya müxalifətinin hakimiyyətini tanıyıb. Bunun ardınca, ABŞ və digər Qərb ölkələrinin də Liviyanın müxalifətini tanıya biləcəyinə inanırsınızmı?

Cavab: Hazırda belə görünür ki, Liviyadakı üsyançılar geri çəkilir. Xarici müdaxilə olmadan onların Qəzzafini devirməsi şansı günbəgün azalır. ABŞ hərbi öhdəlik götürməsə, inanmıram ki, hansısa digər dövlətin müxalifətin idarəçiliyini tanıması mümkün olacaq.

Sual: Bu hərəkatlar post-Sovet ölkələri kimi oxşar şərtlərlə üzləşən regionlara da yayıla bilərmi?

Cavab: Şimali Afrikada inqilabların bir çoxu ərzaq, çörək qiymətlərinə qarşı üsyanlarla başlayıb. Son aylar ərzaq qiymətləri drammatik şəkildə yüksəlib. Kasıb və azgəlirli ölkələrdə yüksək ərzaq qiymətləri insanların rifahını pisləşdirir. Bunun bəzi post-Sovet ölkələrinə təsiri də qaçılmazdır. Onlar da inqilabi vəziyyətlə üzləşə bilərlər. İmkanları yüksək olan körfəz ölkələrində isə inliqablar əsasən dini təriqətlərdən qaynaqlanır. İnqilablara yol açan bu iki müxtəlif faktoru vurğulamaq vacibdir.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG