Accessibility links

Mikrosoft şirkətində Azərbaycanla bağlı tədbir keçirildi [Video]


"Azərbaycanın Texnologiya Sənayesi” adlı tədbiri Mikrosoft və ABŞ-Azərbaycan Ticarət Palatası birgə təşkil edib

Bu gün, iyulun 30-da texnologiya nəhəngi Mikrosoftun paytaxt Vaşinqtondakı ofisində keçirilən “Azərbaycanın Texnologiya Sənayesi – Bilik iqtisadiyyatının yaradılması” adlı konfrans keçirilib. Mikrosoft və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkil etdiyi tədbirin əsas məruzəçiləri konfransa Skype vasitəsilə qoşulub.

Məruzəçilərdən öncə qısa təqdimat verən Ticarət Palatasının icraçı direktoru Süsən Sadığova bildirib ki, Azərbaycanın məqsədi iqtisadiyyatın enerjidən asılılığını azaldılmaqdır, ona görə də ölkədə texnologiya sahəsinin inkişafına böyük diqqət var.

Daha sonra söz konfransa Bakıdan qoşulan məruzəçilərə verilib. Kommunikasiyalar və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, İnternet və Kommunikasiya Texnologiyalarının inkişafı iqtisadi artıma səbəb olur. O, bu istiqamətdə Azərbaycanda bir çox layihənin həyata keçirildiyini vurğulayıb. Nazir müavinin sözlərinə görə, Yüksək Texnologiyalar Parkı, Trans Avrasiya İnformasiya Super Magistralı (TASİM), İKT-nin İnkişafı Dövlət Fondu və AzərKosmos ən böyük layihələrdəndir.

Yüksək Texnologiyalar Parkının icraçı direktoru Seymur Ağayev təmsil etdiyi layihə barədə ətraflı məlumat verərək deyib ki, park yüksək texnologiyaların hazırlanması məqsədilə elmi tədqiqatların aparılması üçün zəruri infrastrukturu olan bir ərazidir.

Daha sonra İKT-nin İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov fondun fəaliyyət istiqamətlərinə nəzər salıb.

Ruslan Əliyev isə təmsil etdiyi AzərKosmosun son illərdə həyata keçirdiyi layihələrdən danışıb.

Trans Avrasiya İnformasiya Super Magistralının direktoru Zaur Həsənov (TASİM) layihəsinin vacib regional təşəbbüs olduğunu və məqsədinin Avrasiyanı əhatə edən transmilli fiber-optik xəttin çəkilməsi olduğunu bildirib.

Konfransdan sonra Amerikanın Səsinə açıqlama verən ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Süsən Sadığova bildirib ki, texnologiya sahəsi investisiya məbləğinə və diqqətə görə ölkədə ikinci yerdədir: “Bizim məqsədimiz də bu imkanları geniş Amerika auditoriyasına çatdırmaqdır. Auditoriyadakılar Amerikanın texnologiya şirkətlərinin nümayəndələri idi və bu gün mühüm layihələrin rəhbərləri Bakıdan ölkədəki imkanlar haqqında danışdılar. Tədbirin Mikrosoft şirkətində keçirilməsi, şirkət tərəfindən Ticarət Palatası ilə birgə təşkil olunması onu göstərir ki, Amerikanın İT sahəsində ən aparıcı şirkəti Azərbaycana maraq göstərir. Mikrosoft şirkəti artıq neçə ildir Azərbaycandadır və şirkət bu gün Azərbaycandakı təcrübəsini də birbaşa öz həmkarları ilə bölüşdü”.

İcraçı direktor tədbirin əsas məqsədinin auditoriyaya mesaj çatdırılması olduğunu deyir. “Əsas mesaj odur ki, Azərbaycanda dövlət səviyyəsində investisiya, dəstək var. Bu o deməkdir ki, Azərbaycan tərəfi Amerika şirkətləri ilə işləməyə hazırdır”, deyə o vurğuladı.

Sonda Süsən Sadığova Ticarət Palatasının belə tədbirləri davam etdicəyini bildirdi.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG