Accessibility links

Milli Məclis keçmiş prezidentin təminatı haqqında qanun qəbul edib


Milli Məclis keçmiş prezidentin təminatı haqqında qanun qəbul edib
Milli Məclis keçmiş prezidentin təminatı haqqında qanun qəbul edib

Sənədə görə, keçmiş prezidentlər hər ay fəaliyyətdə olan prezidentin əmək haqqının 50%-ni alacaq.

Milli Məclis “Keçmiş prezidentin və onun ailə üzvlərinin təminatı haqqında” qanun layihəsini 110 səs lehinə, 3 səs əleyhinə, 1 səs bitərəf olmaqla birinci oxunuşda qəbul edib.

Sənədə görə, keçmiş prezidentlər hər ay fəaliyyətdə olan prezidentin əmək haqqının 50%-ni alacaq. Lakin prezidentin impiçmenti zamanı bu, belə olmayacaq. Prezidentin ailə üzvlərinə gəlincə, onlar da 50% həcmində müavinət alacaq. Keçmiş prezident və onun ailəsi pensiyadan vergi ödənişindən azad edilir. Eks-prezident və onun həyat yoldaşı ömürlük diplomatik pasporta malik olacaq. Keçmiş prezidentlər toxunulmaz şəxslər hesab olunur, inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilməzlər. Bundan əlavə, eks-prezident üç cangüdən, avtomobil və sürücü ilə təmin olunacaq. O həmçinin əvvəlkitək tam şəkildə tibbi xidmətdən istifadə edəcək.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib ki, qanun qüvvəyə mindikdə həm Ayaz Mütəllibova, həm də Əbülfəz Elçibəyə şamil ediləcək.

Lakin, müzakirələr zamanı deputat Zahid Oruc bildirib ki, qanun Ayaz Mütəllibova şamil edilməməlidir. Belə ki, onun barəsində cinayət işi hələ bağlanmayıb.

Deputat Əli Əhmədov hesab edir ki, Ayaz Mütəllibovun məsələsi konkretləşdirilib. Belə ki, o, vəzifəsindən öz istəyi ilə gedib, sonradan hakimiyyətə qayıdıb, lakin istefa verməyə məcbur olub. Cənab Əhmədovun fikrincə, bunu Konstitusiyanın 104-cü (hakimiyyətdən öz xahişi ilə getmək) və ya 107-ci (impiçment) maddələri ilə tövsif etmək olar. Odur ki, bu məsələyə Konstitusiya Məhkəməsində baxılmalıdır.

Deputat İqbal Ağazadə təkid edib ki, qanun layihəsi hər üç eks-prezidentə şamil olunsun. “Bu, cəmiyyətin barışığına xidmət edər”.

Deputatların suallarını cavablandıran cənab Hüseynov deyib ki, Azərbaycan prezidentlərinin heç birinə qarşı impiçment olmayıb və qanun onların hamısına şamil ediləcək.

Bu qanun layihəsi konstitusiya qanunu olduğundan iki oxunuşda qəbul olunur. İkinci səsvermə 6 aydan sonra keçiriləcək.

XS
SM
MD
LG