Accessibility links

Azərbaycan parlamentində ABŞ-la bağlı dinləmələr keçirilib


Fevralın 14-də Azərbaycan Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində “Azərbaycan-ABŞ münasibətləri insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində” mövzusunda dinləmələr keçirilib. Bu dinləmələr ABŞ Konqresində 12 fevral tarixli eyni mövzuda keçirilən dinləmələrdən sonra təşkil edilib.

Dinləmələrdə Milli Məclisin deputatları, bir sıra siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ekspertlər iştirak edib.

Parlamentin xarici əlaqələr komitəsinin sədri Səməd Seyidov iki ölkə arasında münasibətləri “strateji tərəfdaşlıq” səviyyəsində olduğunu bildirib. Daha sonra o, Azərbaycanın Vaşinqtona göstərdiyi dəstəkdən və ABŞ-ın bütün bunlara qiymət verməməsindən danışıb.

Azərbaycan və ABŞ beynəlxalq terrorizmə qarşı mübarizədə sıx əməkdaşlıq edir, Əfqanıstandakı koalisiya qüvvələri üçün tranzit Azərbaycandan keçir, koalisiya tərkibindəki Azərbaycan hərbiçiləri Kabul aeroportunun təhlükəsizliyini təmin edir. Bundan başqa, Azərbaycan qərb ölkələrinin enerji təhlükəsizliyini təmin edir.

“Buna görə biz ABŞ-dan obyektiv və adekvat münasibət gözləyirik, xüsusən Qarabağ münaqişəsi məsələsində”, Seyidov ABŞ-ın bu məsələdəki qeyri-obyektivliyinə işarə edib.

O, bunun səbəbini “Vaşinqtonun maraqları ilə hesablaşmayan” erməni lobbisinin fəal əməllərində görür.

Daha sonra Seyidov, alət kimi insan hüquqları mövzusunu qaldıran bəzi geosiyasi dairələri ittiham edib.

“İnsan hüquqları və kiçik dövlətlər oyuncaq və alət deyil”, o bildirib.

Azərbaycan parlamentində ABŞ-la bağlı dinləmə
Azərbaycan parlamentində ABŞ-la bağlı dinləmə

İqtisadçı Vüqar Bayramov da ABŞ-ı bütün sahələrdə Azərbaycana qarşı “obyektivlik” nümayiş etdirməyə çağırıb. Onun sözlərinə görə, “ikili standartlar” siyasəti ABŞ-ın Cənubi Qafqaz regionundakı maraqlarına ciddi zərbə olacaq. Bu zaman o, bu ikili standartların özünü nədə göstərdiyini açıqlamayıb.

Digər hökumətyönümlü ekspertlər və deputatlar ABŞ-ı Dağlıq Qarabağ separatçılarına maliyyə dəstəyi göstərməkdə və bir sıra ştatları Qarabağ rejimini tanımaqda ittiham ediblər.

“Vəziyyət dəyişməsə Bakı və Vaşinqtonun münasibətlərini ciddi sınaq gözləyir”, icmalçı Elman Nəsirov bildirib.

Deputat Qüdrət Həsənquliyev də Vaşinqtonun təkcə Azərbaycana qarşı olmayan ikili standartlarından danışıb.

“Biz Vaşinqtonun Krımı itirən Ukraynaya heç bir dəstəyini görmürük. Vaşinqton Kiyevdən separatçılarla danışıqlara getməyi tələb edir və Ukraynaya silah göndərmir”, o qeyd edib.

Bu günlərdə ABŞ-da səfərdə olan Asim Mollazadə Azərbaycanın mövqeyinin möhkəmləndiyini, Vaşinqtonun mövqeyinin dəyişdiyini qeyd edib. O, ABŞ-da Azərbaycanın təbliği üzrə səylərin davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.

Deputat Zahid Oruc ABŞ-ın bir sıra dairələrinin Rusiya və İranla bağlı bəyanatlarını pisləyib.

“Biz niyə öz mövqeyimizi dəyişdirməli və qonşularla münasibətləri korlamalıyıq?”, deyən Oruc nəyi və kimi nəzərdə tutduğunu dəqiqləşdirməyib.

“Qərb Ukrayna məsələsində Azərbaycanın illərdir bəhs etdiyi addımları atır - təcavüzkar dövlətə qarşı təzyiq və sanksiyalar zərurəti”, Oruc qeyd edib.

Deputat Azay Quliyev Bakı və Vaşinqton arasında parlamentlərarası dialoqun sistemləşdirilməsinin tərəfdarı olduğunu bildirib.

“Biz göstərməliyik ki, dialoqa hazırıq. ABŞ nümayəndələrini, o cümlədən Riçard Kozlariç kimi keçmiş diplomatları müzakirələrə dəvət etmək lazımdır. Onda biz onların mövqeyinin subyektiv olduğunu sübut edəcəyik və hamı onların iddialarının mənasız olduğunu görəcək”, deputat bildirib.

Dinləmələr zamanı həmçinin qeyd edilib ki, bu gün demokratiya, insan hüquqlarından ayrı-ayrı ölkələrə təzyiq kimi istifadə olunması yolverilməzdir. İnsan hüquqları ümumbəşəri dəyərlərdir və Azərbaycan bu məsələdə və digər demokratik dəyərlərə görə dünya ölkələrinə nümunə ola bilər. ABŞ-ın Azərbaycana qarşı qərəzli münasibəti əlaqələrin inkişafına mənfi təsir göstərir. Buna görə də Birləşmiş Ştatların Azərbaycana qarşı münasibətdə dəyişiklik etməsi zəruridir. Azərbaycan indiyədək ABŞ ilə münasibətlərə zərər verə biləcək heç bir addım atmayıb. Rəsmi Vaşinqton da Azərbaycan ilə strateji əməkdaşlığa əsaslanan normal münasibətləri davam etdirməlidir. Bu, hər iki tərəfin mənafeyinə uyğundur.

Çıxış edənlər Azərbaycanın üzləşdiyi əsassız təzyiqlərin, ikili standartların və digər ədalətsizliklərin ölkə ictimaiyyətinin də haqlı narazılığına səbəb olduğunu bildiriblər. Azadlığa Dəstək Aktına 907-ci düzəlişin hələ də ləğv edilməməsinin, Konqresin qondarma “Dağlıq Qarabağ respublikası”na hər il maliyyə yardımı ayırmasının, işğalçı Ermənistana isə sanksiya tətbiq edilməməsinin bu cür ədalətsizliklərə bariz nümunə olduğu diqqətə çatdırılıb.

XS
SM
MD
LG