Accessibility links

Milli Şura Bakıda «Talana son!» şüarları ilə mitinq keçirdi [Video] &[Fotoqalereya]


Milli Şura Bakıda «Talana son!» şüarları ilə mitinq keçirib

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuraya mitinqlə bağlı xəbərdarlıq edib

Milli Şuranın aprelin 8-də Bakıda «Talana son!», «Monarxiyaya yox!», «Siyasi məhbuslara azadlıq!» şüarları ilə mitinq keçirib. Mitinq qətnamə oxunuşu ilə başa çatıb.

C.Həsənlinin çıxışından sonra mitinqin qətnaməsi oxunub.

Qətnamədə Azərbaycan hakimiyyətinin siyasəti sərt tənqid edilib.

“Hökumət Azərbaycanı fəlakətə sürükləyir. Avtoritar idarəçilik ən pis hal alıb. Hakimiyyət tamamilə bir ailənin əlində cəmləşdirilir. Ölkə başçısı 2016-cı ildə keçirilmiş saxta referendumdan yararlanaraq, ailə üzvlərini yüksək dövlət vəzifələrinə gətirir. İlham Əliyev həyat yoldaşını birinci vitse-prezident təyin etməklə, cumhuriyyətin 100 illiyini qeyd edəcək azərbayanlılara həqarət edib. Müasir dünyadakı ən qatı diktatorları, kral və şahları belə öz həyat yoldaşlarını özlərinə rəsmən müavin təyin etməyiblər”, qətnamədə deyilir.

Sənəddə azad mediaya basqılar pislənilir, polis rejiminin hökm sürdüyü vurğulanır.

“Bütün bunların bir məqsədi var - ölkəni talamağa davam etmək”, sənəddə deyilir.

Milli Şura hökumətdən tələb edir ki, talançı siyasət durdurulsun, korrupsiya və monopoliyaya ilə təcili sərt tədbirlər görülsün.

Qətnamədə vurğulanır ki, əhalinin ağır sosial durumdan xilas edilməsindən ötrü təcili addımlar atılmalı, müavinət və sosial ödənişlər artırılmalı, medianın azad fəaliyyəti təmin olunmalı, Avrointeqrasiya kursu gücləndirilməlidir.

Milli Şuranın sədri Cəmil Həsənli öz çıxışında hökumətin əksər sahələrdəki siyasətini sərt tənqid edib. O, ölkədə korrupsiyanın, monopoliyanın tüğyan etdiyini, bunun başında isə şəxsən prezident İlham Əliyevin dayandığını bildirib.

“Ölkə korrupsiyaya bataqlığına dönüb. Bunla mübarizə görüntüsü yaradılar. Müxtəlif tədbirlərin görüldüyünü bildirirlər. Faydası yoxdur. Çünki bu korrupsiyanın başında prezident İlham Əliyevin özü dayanır. Ölkədə monopoliya qurulub. Hər şeyə, ixraca, idxala, bütün qiymətlərə özləri nəzarət edirlər. Monopoliyaya ilə tədbirlər görüntüsü yaradırlar. Guya, hansısa tədbirlər görürlər. Ancaq heç bir faydası yoxdur. Çünki monopoliyanın başında da İlham Əliyevin özü dayanır”, C. Həsənli bildirib.

Milli Şura sədri sonra da deyib:

“ Konstitusiyanı hər 3-5 ildən bir dəyişdirdilər. Bu dəyişiklər demokratiyanı genişləndirməyə xidmət etdimi? Hamısının məqsədi Əliyevlər xanədanının hüquqlarını daha da genişləndirmək, hakimiyyətin bir ailənin əlində toplanmasına hüquqi əsalar yaratmaq idi. Hələ onu da deyirlər ki, “biz idarəçilik sahəsində dünyaya nümunə veririk”. XXI əsrdə bir prezident sərəncam verib, öz həyat yoldaşını vitse-prezident təyin edirsə, bu dünyaya hansı nümunədir”, deyə Cəmil Həsənli sual edib.

O, Milli Şuranın təşkil etdiyi etiraz aksiyalarının məqsədlərinə toxunaraq deyib ki, niyyətləri milləti azad dünya içində görmək, xalqın azad və firavan yaşamasını təmin etməkdir.

“Bizimlə eyni coğrafiyada olan bir çox ölkələr, artıq Avropaya inteqrasiya ediblər. Halbuki, Azərbaycan öz imkanlarına, sərvətlərinə görə, həmin ölkələrdən daha tez qabaqcıl dünyaya inteqrasiya olunmalı idi. Ancaq, ölkəmizin başında duranlar xalqın sərvətini talayıb buna imkan vermədilər. Bunun bədəlini də xalq ödəməli oldu. Xalqın hansı sərgərdan durumda olduğu hamımıza bəllidir. Sağlamlığını, əməyini öz ölkəsinə qurban vermiş insanları hökumət 100 manat verməklə dəyərsiz hala salıb”, deyən C. Həsənli qeyd edib ki, xalqın əzmi, iradəsi ortalıqda olmadıqca, bu durum dəyişməyəcək.

O, “siyasi məhbus” problemi haqda da danışıb, 100-dən artıq günahsız insanın mövqeyinə görə, həbs edildiyini bildirib.

C. Həsənli Milli Şura adından hökumətdən bütün siyasi məhbus sayılan şəxslərin azad olunmasını tələb edib.

Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli də çıxışında hökuməti tənqid edib.

“Heç kim azadlığa, demokratiyaya mübarizəsiz nail olmayıb. Heç bir topluma azadlığı, demokratiyanı ovuc içində vermirlər. Azadlıqları heç kimə vermirlər, azadlıqlar alınır. Həm də bu şərəf, ləyaqət məsələsidir”, deyən G.Hacıbəyli bəzən onların təşkil etdikləri aksiyalara, mübarizəyə rişxənd edildiyini bildirib.

“Doğrudur, biz bu gün Azərbaycanda bərqərar olan rejimi dəyişə bilmirik. Ancaq belə düşünənlər bilsinlər ki, hökumətin Azərbaycanı Özbəkistana, Türkmənistana çevirməsinə imkan verməmişik”.

O, normal cəmiyyət istədiklərini vurğulayıb.

Gürcüstanın, Ukraynanın bütün Avropaya vizasız gediş imkanı qazandığını, Azərbaycanda isə rayon avtomobillərinin Bakıya buraxılmadığını qeyd edən Gültəkin Hacıbəyli əsas hədəfin Avropaya inteqrasiya etmək olduğunu bildirib.

AXCP sədrinin müavini Nurəddin Məmmədli çıxışında ölkədə aparılan pensiya islahatlarına toxunub. Hökumətin xalqı taladığını, hətta yaşlı, ahıl insanların haqlarına sayğı göstərmədiyini ifadə edib:

“2.5 milyon soydaşımız kredit girovuna çevriliblər. Bu hökumətin bizə verdiyi budur”.

Milli Şuranın Bakıda «Talana son!» şüarları ilə mitinqi

Milli Şuranın Bakıda «Talana son!» şüarları ilə mitinqi

N. Məmmədli deyib ki, mübarizəyə Azərbaycanın xoşbəxtliyi naminə çıxıblar:

“150 milyardlıq neft pulunu mənimsədilər. Ölkəni korrupsiya bataqlığına saldılar. Ləyaqətli oğulları həbsxanalara doldurdular. Biz xalqın bu duruma düşürülməsinə heç vaxt biganə qalmadıq, qalmayacağıq.”

AXCP sədri Əli Kərimli çıxış edərkən "İstefa" şüarları səslənib və bu zaman elektrik enerjisi kəsilib. Amma Əli Kərimli deyib ki, elektrik enerjisini kəsməklə bizi dayandıra bilməyəcəksiz və biz mitinqimizi davam etdirəcəyik. Bir neçə dəqiqə sonra meydana elektrik enerjisinin verilməsi bərpa edilib.

Əli Kərimli xatırladıb ki, bloger Mehman Hüseynov həbsdədir:

“O, bizə, ləyaqətli insanlara güvənib ədalətsizlikləri çəkib göstərirdi.

Siyasətçi İlqar Məmmədov illərdir ki, həbsdədir. Fuad Qəhrəmanlı, Məmməd İbrahim bu mitinqləri təşkil etdiklərinə görə, həbsdədir. Biz onlara necə azadlıq tələb edə bilməzdik?”...

Milli Şuranın Bakıda «Talana son!» şüarları ilə mitinqində üzərində "İlqar Məmmədova Azadlıq" yazılmış plakat

Milli Şuranın Bakıda «Talana son!» şüarları ilə mitinqində üzərində "İlqar Məmmədova Azadlıq" yazılmış plakat

Əli Kərimli deyib ki, hökuməti ifşa edən, onun iç üzünü açan Seymur Həzi həbsdədir:

“Əsgər ölümlərinə yox deyən İlkin Rüstəmzadə, qardaşına görə girov götürülən Murad Adilov, heykələ etiraz şüarı yazan iki gənc həbsdədir. Taleh Bağırov başda olmaqla onlarla ləyaqətli inanclı insanımız şərlənərək həbsə atılıb. Hacı Mövsüm, Hacı Sərdar, Hacı Abgül və onlarla başqa dindar qardaşımız ədalət istədiklərinə görə həbsdədir. Biz ona necə azadlıq tələb edə bilməzdik? ”.

O, əlavə edib ki, kimsə həbsdəki Qarabağ müharibəsi veieranı Asif Yusiflini unutmayıb.

“O, Qarabag qazisi Bakıda intihar edərkən buna görə etiraz aksiyası təşkil etmişdi. Biz onu necə darda qoya bilərik? ”.

Əli Kərimlinin deməsinə görə, seçki sistemini, azad medianı məhv ediblər ki, bir ailənin hakimiyyətinə etiraz etməsinlər:

“Ancaq biz burdayıq, buna yox deyirik. Bu meydana korrupsiyaya yox demək üçün gəlmişik. Onların mənimsədiyi milyardlar sizindir, bu xalqındır. Neft gəlirlərini talan etdilər, indi də ölkəni borc bataqlığına sürükləyirlər”

Əli Kərimli deyib ki, ölkəni korrupsiya bataqlığına salanlardan məsuliyyət tələb etməyin vaxtıdır.

Mitinqin aparıcısı AXCP Gənclər Komitəsinin rəhbəri İlham Hüseyn açılış zamanı ölkədəki ictimai siyasi duruma toxunub.

“Biz uzun müddətdir “Talana yox”, “Yalana yox” tələbləri ilə etiraz aksiyaları keçiririk. Ancaq problemlərin həlli istiqamətində gərəkli addımlar atılmır. Əvəzində şüarlarımıza “Monarxiyaya yox” şüarı da əlavə olunub”, o deyib.

O, ölkə iqtisadiyyatının tənəzzüldə olduğunu bildirib.

“Ölkəyə böyük neft pulları gəlib. Ancaq inkişaf bizdə yox, Gürcüstanda baş verib. Neft pulları Azərbaycana gəlib, əməkhaqları Ermənistanda artır”

Milli Şuranın Bakıda «Talana son!» şüarları ilə mitinqi

Milli Şuranın Bakıda «Talana son!» şüarları ilə mitinqi

​Bakı Şəhər İcra Hakimiyyəti isə mitinqin aprelin 8-də Yasamal İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul” stadionu) keçirilməsini tövsiyə edib.

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuraya mitinqlə bağlı xəbərdarlıq edib.

İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-ya açıqlamasında bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər-hansı təxribata imkan verilməyəcək.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG