Accessibility links

Milli Şuranın 9 aprel tarixinə planlaşdırmış mitinqinin Təşkilat Komitəsinin üzü Eldəniz Qulyev Amerikanın Səsinə müsahibəsində keçmiş mitinqlərdə səsləndirilən şüarlar haqqında sosial şəbəkələrdə gedən müzakirələrə münasibət bildirib.

Amerikanın Səsi: Bir neçə gün öncə Milli Şura mitinq keçirmək qərarı haqqında məlumat verdi. Mitinqin başlıca tələbləri və şüarları nə olacaq?

Eldəniz Quliyev: Biz, 9 aprel, saat 15:00-da mitinq keçirmək qərarı ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Mitinqin əsas tələbləri və şüarları “Monarixayaya son! Korrupsiyaya və talançılığa yox deyirik”dir. Eləcə də, siyasi məhbusların azadlığını tələb edirik.

Amerikanın Səsi: 9 aprel mitinqi əvvəlkilərdən nə ilə fərqlənəcəyini deyə bilərsinizmi?

Eldəniz Quliyev: Sentyabr [2016] mitinqinə qədər olan Azərbaycan bugünkü Azərbaycandan qat-qat fərqlənir. Çox hadisələr oldu. Bir neçə dəfə devalvasiya oldu, siyasi məhbusların sayı artdı, vitse-prezident təyin olundu. İnsanların sosial-iqtisadi vəziyyəti ağırlaşdı. Çox hadisələr baş verib ki, təbii ki, mitinqdə qaldırılacaq. O cümlədən, dövlət quruluşu üstüörtülü şəkildə monarxiyaya çevrilir. Mitinq təşkilatçıları buna da öz münasibətlərini bildirəcək.

Amerikanın Səsi: Sosial şəbəkələrdə əvvəlki mitinqlərdə dini şüarların səsləndiyi haqqında müzakirələr oldu. Təşkilat komitəsinin dini şüarlarla bağlı mövqeyi nədir?

Eldəniz Quliyev: Son günlərdə bu mövzuda bir çox statuslar yazılıb. Onun da səbəbkarı, hörmətli Xədicə İsmayılın postu oldu. Mən sözün doğrusu bunu anlamıram və mənim kimi anlamayanlar çoxluq təşkil edir. Əgər Azərbaycanda 160-dan artıq siyasi məhbus varsa, və onların, səhv etmirəmsə, 104-ü inanclı kəsim, dindarlardırsa, necə ola bilər ki, onların şəkli qaldırılmasın və yaxud şüarlar səslənməsin? Bu nonsens olardı. Çünki, o 104 nəfərin ailəsi ora gəlir, hərəsi öz məhbusunun şəklini qaldırır. Kimisə belə şey narahat edirsə, bu onun öz problemidir.

Mən orada [Sentyabr 2016 mitinqində] idim. Qapıda dayanmışdım. Sonda polis hətta məni yaxamdan tutub, kənara itələdi ki, qarışmayım bu işə. İçəri gətirilən plakatları buraxmırdılar. O cümlədən, siyasi məhbusların plakatları. Siyasi məhbusların plakatları içində dini kəsim çoxluq təşkil etdiyinə görə, hörmətli Xədicə xanım, yumşaq desək, düzgün məlumat verməyib. Digər şüarları da, dünyəvi tələblər olan şüarları da içəri buraxmamağa səy göstərildi, amma, gördüyünüz kimi, içəridə kifayət qədər o mövzuda şüarlar var idi. Sadəcə, araşdırmaçı xanım bu dəfə təəssüf ki, hədəfini düz seçmədi və eksentrik münasibət bildirdi bu işə.

Amerikanın Səsi: Mitinqdə səslənən şüarlar, qaldırılan plakatlar Təşkilat Komitəsi ilə razılaşdırılırmı?

Eldəniz Quliyev: Təbii ki, razılaşdırılır. Amma, ora gələn minlərlə insan var ki, onların qaldırdıqları plakatlar təşkilat komitəsi ilə razılaşdırılmır. Məsələn, keçən mitinqdə polis bəzi şüarları buraxmırdı ki, bizim onlara göndərdiyimiz məktubda elə şüar yoxdur. Hətta içəri ağ kağızla girib, şüarlar yazanlar da olur. Minlərlə insanın iştirak etdiyi kütləvi aksiyalarda hər şeyi nəzarətdə saxlamaq praktiki mümkün deyil.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG