Accessibility links

Contact.az-ın bildirdiyinə görə, bu gün Milli Şura (MŞ) üzvü Asəf Quliyev qurumun 18 avqust aksiyası ilə bağlı Açıq Cəmiyyət Partiyasının ofisində mətbuat konfransı keçirib.


Aksiyanın keçirilməsi MŞ-nin təbliği və seçkilərə hazırlığı baxımından əhəmiyyətli sayılıb. Elektron KİV-lərin iqtidarın nəzarətində olduğu üçün Milli Şura bu vasitələrlə özünü təbliğ edə bilmir. Buna görə də aksiyaya çağırış üç istiqamət üzrə həyata keçirilib. Sosial şəbəkələr, müxalifətə dəstək verən çap KİV-lər və MŞ-yə daxil olan partiyalar birbaşa cəmiyyətə aksiyada iştiraka çağırıb. Sosial şəbəkələrdə 60 minə qədər istifadəçi mitinqə qatılacağını təsdiqləyib.


Aksiya təşkilatçıları iqtidar süni maneələr törətmədiyi halda aksiyaya qatılanların sayının 20 min nəfərdən çox olacağını bildiriblər. Bununla bağlı avqustun 16-da Bakı meriyasında aksiya təşkilatçıları ilə Bakı şəhər rəhbərliyi və hüquq-mühafizə orqanlarının nümayəndələrinin görüşü olub. Görüşdə hüquq-mühafizə orqanları aksiyanın təhlükəsizliyinin təmin olunacağını vəd ediblər. Aksiyaya qatılmaq istəyənlərə nəqliyyat probleminin yaradılmayacağı bildirilib. Nəqliyyatla bağlı problem olarsa aksiyaya qatılmaq istəyənlərin Neftçilər prospektindən dinc yürüşlə aksiya yerinə getmələrinə maneçilik olmayacağı söylənilib. Bundan əlavə, aksiya təşkilatçıları beynəlxalq qurumlara və ölkədə akkreditə edilmiş səfirliklərə aksiyanı müşahidə etmək və pozuntuları qeydə almaq üçün müraciət edib.


A.Quliyev MŞ aksiya keçirəcəyini açıqladığı son həftə ərzində rayonlarda və Bakıda müxalifətçilərə təzyiqlərin başladığını nəzərə çatdırıb. Bu müddətdə 11 nəfərdən çox müxalif siyasi fəal ya saxlanılıb, ya da barələrində 5 sutkadan 15 sutkaya qədər inzibati cəza qərarı çıxarılıb. “Belə faktları iqtidarın demokratik seçki keçirmək niyyətinin olmaması kimi dəyərləndiririk”, - A.Quliyev qeyd edib.


Aksiya azad seçkilər, siyasi məhbuslar və sosial probelmlərə bağlı şüarlar altında keçiriləcək.
XS
SM
MD
LG