Accessibility links

Baş Prokurorluq isə mitinq barədə xəbərdarlıq yayıb

Demokratik Qüvvələrin Milli Şurasının yaydığı məlumata görə, sentyabrın 22-də, Bakı vaxtı ilə günorta saat 16:00-da prezidentliyə namizəd Cəmil Həsənlinin seçki təşviqat mitinqi olacaq. "Bəsdir" şüarı ilə keçiriləcək mitinqin Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırıldığı və icazəli olduğu bildirilib. Milli Şuradan bildirilib ki, mitinq İnşaatçılar metro stansiyasının yaxınlığında, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən ​Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin "Məhsul" stadionunda keçiriləcək. Bu gün İctimai Televiziyada çıxış edən Cəmil Həsənli mitinq zamanı seçki platformasının açıqlanacağını da bildirib.

Bu gün habelə Baş Prokurorluq Milli Şuranın icazəli mitinqi barədə xəbərdarlıq yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə daxil olan məlumatda deyilir ki, mitinq zamanı toplantının təşkilatçıları və iştirakçıları tərəfindən odlu və ya soyuq silah, habelə insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və əmlaka zərər vura bilən əşyalardan istifadə etmək qadağandır.


Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış ərazilərdə kütləvi aksiya keçirilməsinə cəhd göstəriləcəyi təqdirdə ictimai qaydanı pozmaqla və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqla ifadə olunan, əhalinin rahatlığını, idarə, müəssisə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı qanunvericiliklə müəyyən edilmiş qaydada alınacaq və kütləvi aksiyaların təşkilatçıları barədə müvafiq tədbirlər görüləcək.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG