Accessibility links

Milli Şura əlavə vahid namizəd seçəcək [Video]


Hazırda Milli Şuranın davam edən sessiyasında başlıca müzakirə bu sual ətrafındadır

Milli Şura əlavə vahid namizədin irəli sürülməsi ilə bağlı qərar qəbul edib. Bu barədə Milli Şuranın sessiyasından sonra keçirilən mətbuat konfransında MŞ-nin İcra Aparatının rəhbəri Eldar Namazov bildirib.

Cənab Namazovun sözlərinə görə, iki təklif səsverməyə qoyulub.

"Bunlardan biri əlavə vahid namizədin irəli sürülməsi, ikincisi isə Milli Şurada təmsil olunan siyasi partiyaların öz namizədlərini irəli sürməsi olub. Qərar 1 səs çoxluğu ilə (birinci təklif 43, ikinci təklif 42 səs toplayıb) qəbul edilib " - deyə Eldar Namazov bildirib.

E.Namazov yaxın günlərdə əlavə ehtiyat vahid namizədin kimliyinin müəyyən edilməsi ilə bağlı müzakirələr keçiriləcəyini deyib. Əlavə namizəd kimi Bakı Dövlət Universitetinin doktoru Cəmil Həsənli və Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin adı hallanır.

Bununla yanaşı Rüstəm İbrahimbəyovun namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınarsa, onun namizədliyi sonadək müdafiə ediləcək. Əlavə vahid namizəd variantı cənab İbrahimbəyovun namizədliyi qeydə alınmayacağı təqdirdə qüvvəyə minəcək.

-------------------------------------------------------------------------------------------------------------------------
Milli Şuranın sessiyası bağlı qapılar arxasında keçirilir

Milli Şuranın sessiyası bağlı qapılar arxasında keçirilir

Milli Şura (MŞ) bu gün prezidentliyə namizədin irəli sürülməsi metodları ilə bağlı müzakirələr aparıb. Yerli vaxtla saat 15:00-da Müsavat Partiyasının qərargahında başlayan müzakirələr hələ də davam edir.

Toplantının gündəmində 3 formanın müzakirəsi yer alır: 1) Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun vahid namizədliyini sonadək müdafiə etmək; 2) Əlavə vahid namizədin müəyyən edilməsi; 3) Hər partiya öz namizədini irəli sürür və seçkilər zamanı daha çox uğur qazanmış namizədin xeyrinə digərləri öz namizədliyini geri götürür.

Əlavə vahid namizədin müəyyən edilməsi məsələsində əlavə namizəd kimi daha çox tarix elmləri doktoru Cəmil Həsənli və Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin adı hallandırılır. Milli Şuradakı mənbələrdən Amerikanın Səsinə daxil olan məlumata görə, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası daha çox ikinci metodu müdafiə edib və hətta Müsavat Partiyası bildirib ki, bu metod tətbiq edilsə, partiya başqanı İsa Qəmbər öz namizədliyini əlavə vahid namizədin xeyrinə geri götürə bilər. Ancaq MŞ-yə daxil olan digər partiyaların bu metoda ciddi dəstək göstərmədiyi bildirilir. Onların böyük əksəriyyəti 3-cü metod, yəni hər partiyanın öz namizədini irəli sürməsini istəyir.

Hazırda Moskvada olan Milli Şuranın sədri Rüstəm İbrahimbəyov toplantıya telefonla qoşularaq bildirib ki, onun vahid namizədliyi müdafiə olunsun və bununla yanaşı, əlavə vahid namizəd də müəyyən edilsin. MŞ sədri deyib ki, əgər Mərkəzi Seçki Komissiyası onun namizədliyini qeydə almasa, o özü əlavə vahid namizədə tam şəkildə dəstək verəcək.

Bakıya gəlməsi məsələsinə də toxunan cənab İbrahimbəyovun sözlərinə görə, xalqın böyük dəstəyi olsa, o, indiki anda Bakıya gələ bilər.

Müsavat Partiyasının qərargahının qarşısında olan Amerikanın Səsinin əməkdaşı Tapdıq Fərhadoğlunun bildirdiyinə görə, sessiyada o qədər gərgin müzakirələr gedir ki, bu, toplantının keçirildiyi binanın önündə gözləyən tərəfdarlar arasında da kəskin mübahisələrə səbəb olub.

Milli Şura sessiyanın saat 18:00-da başa çatacağını elan etsə də, bu vaxtdan 2 saat keçəmsinə baxmayaraq sessiya hələ də davam edir.
XS
SM
MD
LG