Accessibility links

Milli Şura növbəti sessiyasını keçirib


Cəmil Həsənli, Milli Şuranın sədri
Cəmil Həsənli, Milli Şuranın sədri

Milli Şura iyunun 4-də özünün növbəti sessiyasını keçirib. Sessiyanın gündəliyinə ictimai-siyasi vəziyyətin müzakirəsi, təşkilati və cari məsələlər daxil olub.

Azadlıq.info bildirir ki, sessiyanı açıq elan edən Milli Şura sədri Cəmil Həsənli bu gün 4 iyun qiyamından 23 il keçdiyini xatırladıb və həmin hadisələrdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Cəmil Həsənli daha sonra həbsdən azad olmuş Milli Şura üzvləri Leyla Yunusu və Tofiq Yaqublunu bu münasibətlə təbrik edib, onlara göstərdikləri fədəkarlığa görə Milli Şura adından təşəkkürünü çatdırıb.

Gündəlikdə duran məsələlərin baxılmasına təşkilati işlərdən başlanıb. Quruma yeni üzvlər qəbul olunub. İradə Nəriman və İlham Hüseynin Milli Şuranın üzvülüyünə namizədliyi irəli sürülüb. Hər iki şəxs səsvermə yolu ilə Milli Şuranın üzvü seçilib.

Bundan sonra Milli Şuraya sədr seçkisi və Şuranın Koordinasiya Mərkəzinin yenidən formalaşması müzakirəyə çıxarılıb. AXCP sədri Əli Kərimli Milli Şuranın sədrliyinə Cəmil Həsənlinin namizədliyini irəli sürüb. Əli Kərimlinin təklifini Milli Şuranın başqa üzvləri də dəstəkləyib. Gültəkin Hacıbəyli bildirib ki, Cəmil Həsənli bütövlükdə Azərbaycan xalqının ümid yerinə çevrilmiş bir xadimdir, onun Milli Şuraya sədr seçilməsini dəstəkləyir. Hacı Əmirulla, Rövşən Əhmədov və başqaları da Cəmil Həsənlinin namizədliyini müdafiə ediblər. Sonda təklif səsə qoyulub və Cəmil Həsənli yekdilliklə Milli Şuranın yenidən sədri seçilib.

Cəmil Həsənli Milli Şura üzvlərinə yenidən ona etimad göstərdikləri üçün təşəkkür edib: “Təşəkkür edirəm, dostlar. Sədr olsam da, olmasam da bu yolu getməliyik. Lakin bu sədlik mənim üzərimə əlavə məsuliyyət qoyur. Müxalif düşərgədə olmaq çox çətindir. Lakin bütün hallarda millətin iradəsini ifadə etmək lazımdır. Bu mübarizə davam edəcək. Rejimin amansızlığına baxmayaraq insanlar məhbəsdə də sınmır, mübarizələrini davam etdirir. Biz də bu yolu getməliyik, başqa yolumuz yoxdur”.

Sədr seçkisindən sonra Şuranın Koordinasiya Mərkəzinin yeni tərkibi seçilib. Rüstəm İbrahimbəyov, Kamil Vəli Nərimanoğlu, Leyla Yunus, Vahid Məhərrəmli, Rövşən Əhmədli, Tofiq Yaqublu, Eldəniz Quliyev, Əli Kərimli, Gözəl Bayramlı, Vidadi Mİrkamal, Nurədddin Mustafayev, Gültəkin Hacıbəyli, Şahvələd Çobanoğlu, Oqtay Güləliyev, Mehman Əliyev, Fuad Ağayev, Namizəd Səfərov, Rafiq Manaflı, İbrahim İbrahimli və Rahim Hacıyev yeni Koordinasiya Şurasna üzv seçiliblər.

“Ölkəni uçurumun qarşısına gətiriblər”

Bununla da təşkilati işlər başa çatıb və ölkədəki ictimai-siyasi vəziyyətin müzakirəsinə başlanıb.

Milli Şura sədri Cəmil Həsənli deyib ki, ölkədə vəziyyət çox pisdir. İllərdir davam edən yarıtmaz siyasət ölkəni uçurumun qarşısında gətirib.

“Xüsusən də rayonlarda insanlar həyatın bütün ağırlıqları ilə üz-üzə dayanıb. İş yerlərinin ixtisarı, gəlirlərin azalması kütləvi sosial narazılığı qaçılmaz edib. Səhiyyə sahəsi elə bir vəziyyətə düşüb ki, hamı ölkədən kənara qaçır. Qarabağla bağlı aprel ayında baş verənlər Azərbaycan xalqının və ordusunun ruh yüksəkliyini göstərsə də, diplomatik sahədə bunu görə bilmədik. Xüsusən də Vyana danışıqlarında”, – deyə Cəmil Həsənli qeyd edib.

Milli Şura sədri bildirib ki, siyasi məhbuslarla bağlı həm beynəlxalq aləmlə, həm yerli ictimayyətlə xeyli iş görülüb. Artıq nəticələr də var.

Cəmil Həsənli ölkədə hüquq-mühafizə orqanlarının, məhkəmələrin siyasi hakimiyyətin əlində alətə çevrilməsini tənqid edib. “İlham Əliyev məhkəmə sistemini karikaturya döndərib. İnsanlar həm tutulanda, həm də azadlığa buraxılanda qanunsuzluqla üzləşir. Ölkədə polis rejimi yaranıb”, -deyə o bildirib.

“Xalqı sındıra bilmədilər”

Cəmil Həsənlidən sonra Koordinasiya Mərkəzini üzvü, AXCP sədri Əli Kərimli çıxış edib. O da çıxışına bu gün Azərbaycanda demokratik hökumətin qiyamla deviliyi gün olduğunu xatırlatmaqla başlayıb: “Bu gün tarixi bir gündür. Milli hakimiyyətin qiyam yolu ilə devrildiyi gündür. Bu 23 il ərzində Azərbaycanın siyasi sistemi dağıdıldı, sərvətləri talandı. Lakin bu işğal Azərbaycan xalqını sındıra bilmədi. Azərbaycan xalqı yenə də ayaqdadır”.

Əli Kərimli daha sonra aprelin əvvəllərində Qarbağda yaşanan döyüşlərə toxunub: “Qarabağ döyüşlərində məlum oldu ki, Azərbaycan rəhbərliyinin torpaqları azad etməyə siyasi gücü yoxdur. Bizi rejim nə qədər zəiflətsə də, yenə də Azərbaycan əsgərinin şücayəti önəmlidi. Döyüşlər zamanı aydın oldu ki, əsgərlərimizin əzmi, şücaəti yerindədir. Biz inşallah bu torpaqları azad edəcəyik. Problemin indi həll olunmaması isə daha çox onunla bağlıdır ki, gərginliyin qalması həm hər iki tərəfin rejimlərini, həm də Rusiyanı qane edir”.

Müzakirələr Milli Şuranın digər üzvlərinin çıxışları ilə davam edib.

XS
SM
MD
LG