Accessibility links

Salar Turinin həbsinin səbəbləri dəqiq məlum deyil

İranda tanınmış azərbaycanlı fəal həbs edilib.

APA agentliyinin məlumatına görə, Salar (Mikayıl) Turi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən mayın 4-də Üskü rayonunda öz iş yerində tutulub.

Məmurlar azərbaycanlı fəala həbsə alınmasının səbəbini barəsindəki məhkəmə qərarı ilə izah ediblər. Ancaq bununla belə, S.Turinin həbsinin dəqiq səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, bu ilin fevralında Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsi S.Turiyə İran İslam Cəza Qanununun 500-cü maddəsini əsas götürərək 4 ay həbs cəzası verib. Azərbaycanlı fəal hakimiyyət əleyhinə təbliğat aparmaqda günahlandırılıb.

S.Turi ötən ilin fevralında ETTELAAT əməkdaşlarının Təbrizin Qolşəhr məhəlləsində yerləşən “Yanar” çay evinə basqını zamanı 45 nəfərlə birlikdə saxlanılıb. Həbs 2013-cü il fevralın 26-da Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Təbrizin “Səhənd” stadionunda yerli “Traktor” komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Cəzirə” klubu arasında keçiriləcək qarşılaşma və 109 nəfər azərbaycanlı fəalın İranın Şərqi Azərbaycan vilayətinin Ermənistanla əlaqələrini genişləndirməsinə etiraz olaraq imzaladığı müraciətlə bağlı olub. Onlardan 40 nəfəri sorğu-sual edildikdən və bir gün ETTELAAT-ın Təbrizdəki təcridxanasında saxlanıldıqdan sonra fevralın 25-də səhər saatlarında azadlığa buraxılıb. Digər 5 azərbaycanlı fəal iki gün təcridxanada saxlanıldıqdan sonra fevralın 26-da axşam saatlarında zəmanətlə sərbəst buraxılıb.

Lakin Təbriz Məhkəməsinin 19-cu şöbəsində keçirilən məhkəmə prosesində hakimiyyət əleyhinə təbliğat aparmaqda və qanunsuz toplantılara qatılmaqla ölkənin milli təhlükəsizliyini pozmaqda günahlandırılan azərbaycanlı fəallar barəsində həbs-qətimkan tədbiri seçilərək Təbriz həbsxanasına göndəriliblər. Martın 7-də onların məhkəmə prosesi keçirilib və Təbriz Məhkəməsinin 19-cu şöbəsinin hakimi azərbaycanlı fəalların azadlığa buraxılması üçün 100 milyon tümən dəyərində mülk girovu təyin edib. Martın 12-də axşam saatlarında S.Turi M.Əmiri, M.Xətibi, Ə.Sirnak və A.Xəndanla birgə 100 milyon tümən zəmanətlə sərbəst buraxılıb.

S.Turi ötən il sentyabrın 16-da yenidən həbs edilib və 34 günlük həbs həyatından sonra oktyabrın 20-də 50 milyon zəmanətlə Təbriz şəhərinin mərkəzi həbsxanasından sərbəst buraxılıb. Bu il fevralın 9-da Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsində 5 azərbaycanlı fəalın sonuncu məhkəmə prosesi keçirilib. Onları məhkəmədə vəkillər Cəfər Əfşarniya, Fatimə Səttari və Sima Bağban müdafiə ediblər. Məhkəmə azərbaycanlı fəallara bütün ittihamlardan bəraət verib.

Ancaq İranın Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsinin 8-ci şöbəsi Təbriz şəhər prokuroru müavininin etirazını nəzərə alaraq S.Turi barəsindəki bəraət qərarını pozaraq ona 4 ay həbs cəzası verib.
XS
SM
MD
LG