Accessibility links

“21 Azər Hərəkatının 70 illiyi qeyd edilməlidir”


21 Azər Hərəkatı tədbiri

21 Azər Hərəkatı tədbiri

Dünya Azərbaycanlıları Konqresi (DAK) 1945-ci ildə “21 Azər” (12 dekabr) Hərəkatı nəticəsində Azərbaycan Xalq Respublikası (AXR) yaranmasının 69-cu ildönümü ilə bağlıdinləmələr keçirib.

DAK sədri Sabir Rüstəmxanlı 10 dekabrın bütün Beynəlxalq İnsan Haqları Günü kimi qeyd edildiyini və 35 milyonluq Güney Azərbaycan türklərinin haqları ilə bağlı tədbirin də bu gün keçirilməsinin təsadüf olmadığını xatırladıb.

DAK sədri son vaxtlar rəsmi Bakı-İran münasibətlərinin “istiləşdi”yini bildirib.

“Bu münasibətlərdən sonra hətta DAK-ın bağlanması istiqamətində səylər də var”.

DAK sədri bəzi deputatların “Bütöv Azərbaycan” ideyasını reallıqdan uzaq saydıqlarını bildirib.

“Vaxtı ilə SSRİ-nin dağılmasını da reallıqdan uzaq sayırdılar. Amma hamı bu dağılmanı gördü. 1945-ci il hərəkatının Azərbaycan Xalq Respubilkası yaranması ilə başa çatması Güney Azərbaycan türklərinin qələbəsidir. Cəmi bir ildən sonra bu dövlət Pəhləvi rejimi tərəfindən silah gücünə dağıdıldı. O zamandan etibarən Güney Azərbaycan türkləri adi insani haqlarından milli dəyərlərə kimi çoxsaylı maddi-mənəvi sərvətlərdən məhrum olundu. Bu gün Güney Azərbaycan türklərinin apardığı mübarizə dələbə ilə başa çatacaq”, o qeyd edib

DAK Daimi Şurasının sədri Əjdər Tağızadə İran prezidenti Həsən Ruhaninin bu yaxınlarda Azərbaycana səfəri zamanı verdikləri bəyanata mənfi münasibət bildirib. Bəyanatda “millətçiliyə, radikallığa qarşı mübarizə” ifadəsinin birbaşa Güney Azərbaycan türklərinə qaşrı yönəldiyi iddia edilib.

“Bununla da Azərbaycan faktiki Güney Azərbaycan türklərini Tehran rejimilə mübarizədə arxasız qoydu. 1946-cı ildə Pişəvəri hökumətinin və AXR-in yıxılmasına da səbəb beynəlxalq güclərin AXR-i arxasız qoyması oldu”.

O, Azərbaycanın təkcə şimali Azərbaycandan ibarət olmadığını qeyd edib, ona görə də Güney Azərbaycana sahib çıxılmasında israr edib.

Digər natiqlər də çıxışlarında Güney Azərbaycan türklərinin milli-azadlıq mübarizəsi aparmasına diqqət çəkib, bu məsələdə bütün dünya azərbaycanlılarının hərəkata dəstək çıxmasının şərt olduğunu vurğulayıb.

Müsavat Partiyası sədri Arif Hacılı 2015-ci ili AXR ili elan etmək və onun 70 illiyini daha geniş miqyasda qeyd etmək təklifi ilə çıxış edib.

Güney Azərbaycan tarixini və hərəkatlarını öyrənmək baxımından belə tədbirlərin mütəmadi keçirilməsi məqsədəuyğun sayılıb.

Azərbaycan Milli Hökuməti (AMH) və ya 21 Azər Hərəkatı -1945-ci il dekabrın 12-dən 1946-cı ilin dekabrınadək İran Azərbaycanında fəaliyyət göstərən muxtar sosialist hökümətdir. AMH-nin paytaxtı Təbriz şəhəri olub. Hökumətə Seyid Cəfər Pişəvəri rəhbərlik edib.

Azərbaycan Milli Höküməti xalqın dəstəyi ilə dövlətin bir sıra mühüm işlərini həyata keçirib.Təbriz Dövlət Universitetinin və Azərbaycan dilində çoxlu sayda orta məktəblərin açılması, milli teatrın və mili filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi və s. kimi işlər görüb. Milli Hökumət eyni zamanada aşağıdakıları həyata keçirib.

- Azərbaycan Milli Höküməti torpaq islahatını həyata keçirdi;

- Hökümət iri bankları milliləşdirdi;

- Dövlət məmurlarının rüşvət almasını əngəlləyən ciddi qanunlar qəbul olundu;

- Şəhərlərlə yanaşı, kəndlərdə xidmət göstərən səyyar xəstəxanalar və sağlamlıq klinikaları yaradıldı

- Əsas malların qiymətlərinə ciddi şəkildə nəzarət edilirdi. Ərzaq məhsullarının gizlədilməsinə görə ağır cəza verilirdi;

- Sosial proqramın həyata keçirilməsinə başlanıldı, işsizlər işlə təmin olundu;

- Güney Azərbaycan Milli Ordusu yaradıldı.

Nəhayət ki, sosial-iqtisadi islahatların surətli bir şəkildə həyata keçirildiyi bir dövrdə Milli Hökümət Tehran rejiminin əli ilə 12 dekabr 1946-cı ildə süquta uğrayıb.

Azərbaycan Milli hökümətinin qurucuları Seyid Cəfər Pişəvəri başda olmaqla böyük işgəncələrə məruz qalıb. S.C.Pişəvəri 1947-ci ilin iyul ayının 11-də Azərbaycan Respublikasının Yevlax şəhəri (Bakıdan 295 kilometr qərb) yaxınlığında müəmmalı şəkildə maşın qəzasında həlak olub.Hökümətin baş prokuroru Firudin İbrahimi Təbrizdə edam olunub, maarif naziri Məhəmməd Biriya sovet siyasi - rejimi tərəfindən 22 ildən artıq həbsdə saxlanılıb.Milli Hökümətin digər qurucları da həbs və sürgünlərə göndərilib, ağır mühacirət həyatı yaşamağa məcbur olub.

XS
SM
MD
LG