Accessibility links

Milli Şura demokratik düşərgəyə qarşı təzyiqləri pisləyir


Milli Şuranın sessiyası
Milli Şuranın sessiyası

Qurum qanunsuzluqlara son qoyulmasını, günahkarların məsuliyyətə cəlb edilməsini tələb edir

Avqustun 12-i Demokratik Qüvvələrin Milli Şurası növbəti sessiyası ölkədəki mövcud ictimai-siyasi durum, son zamanlar demokratik düşərgəyə qarşı olan basqılar və yol verilən təxribatlarla bağlı münasibət bildirilməsini vacib sayıb. Bu barədə Milli Şuranın İcra Aparatının mətbuat xidmətinin məlumatında deyilir.

Milli Şura Nəsimi Rayon Məhkəməsinin Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı barəsində 15 sutka inzibati həbs qərarı verməsini pisləyir. Bundan başqa Tural Abbaslının təcridxanada əli qandallı saxlanılması, yeməkdən məhrum edilməsi kobud qanun pozuntusu kimi dəyərləndirilir. Qanun pozuntularına son qoyulmasını, qanunu pozan şəxslərin cəzalandırılmasını tələb edir.

Milli Şura avqustun 9-da naməlum şəxslərin AXCP sədri Əli Kərimlinin mənzilinə daxil olmasına da münasibət bildirib.

Xüsusi xidmət orqanlarına bağlılığı şübhə doğurmayan şəxs və ya şəxslərin Əli Kərimlinin evinə girməsi AXCP sədrinə qarşı baş vermiş növbəti təxribat kimi dəyərləndirilərək, şəxsi həyata və siyasi fəaliyyətə açıq müdaxilə kimi qiymətləndirilir.

Milli Şura avqustun 6-da AXCP Ali Məclisinin üzvü, Milli Şuranın vahid namizədinin Ağstafa rayonu üzrə təşəbbüs qrupunun sədri Sövdagar Mursaquliyev yaşadığı Muğamlı kəndində saxlanılaraq polis bölməsinə aparılmasını pisləyir.

Milli Şura avqustun 13-də Nəsimi Rayon Məhkəməsində Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 3 ay uzadılmasını və “Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Rəşadət Axundovun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasının təmin edilməməsini hakimiyyətin son zamanlar yürütdüyü repressiya siyasətinin tərkib hissəsi sayır.

Milli Şura hesab edir ki, hər iki məhkəmə qərarı bir daha Azərbaycanda müstəqil məhkəmələrin olmadığını və məhkəmələrin siyasi sifarişlə hərəkət etdiyini göstərir.

Rəsmi hakimiyyət Milli Şuranın bəyanatına münasibət bildirməyib. Bununla yanaşı, rəsmi Bakı daim Azərbaycanda insan hüquqlarının yüksək səviyyədə təmin edildiyini, insanların siyasi fəaliyyətinə və şəxsi həyatına müdaxilə edilmədiyini bəyan edir.
XS
SM
MD
LG