Accessibility links

Milli Şura “Talana son!” şüarı ilə mitinq keçirəcək


Milli Şura "Talana son!" şüarı ilə mitinq keçirib

Milli Şura "Talana son!" şüarı ilə mitinq keçirib

Milli Şura mayın 17-də "Məhsul" stadionunda "Talana son!" tələbi ilə mitinq keçirəcək.

Bu barədə qurumun Koordinasiya Mərkəzinin bu günkü iclasında qərar qəbul edilib. Milli Şura mitinqin keçirilməsi ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinə müraciət edəcək.

Milli Şuranın Koordinasiya Mərkəzi həmçinin ölkədəki ictimai-siyasi vəziyyət və qarşıda duran vəzifələri müzakirə edib.Müzakirələr zamanı Milli Şuranın mayın 3-də saat 15.00-da "Məhsul" stadionunda mitinq keçirmək istəyinə Bakı şəhər İcra Hakimiyyətinin qanuna zidd şəkildə razılıq verməməsi bir daha pislənilib. Həmçinin bununla əlaqədar məhkəməyə müraciət etməklə yanaşı, Milli Şura adından açıqlama da yayılıb.

“Demokratik Qüvvələrin Milli Şurası bir daha vətəndaşların fəaliyyət imkanlarının məhdudlaşdırılması, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun tələblərinin pozulmasını qətiyyətlə pisləyir, hakimiyyətdən bu kimi halların qarşısının alınması, ictimai-siyasi qurumların ifadə azadlığının təmin olunması, müxtəlif etiraz aksiyalarının keçirilməsinə şərait yaradılmasını tələb edir", açıqlamada deyilir.

Koordinasiya Mərkəzinin toplantısında araşdırmaçı jurnalist, "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılın həbsində "zərərçəkən" kimi tanınan Tural Mustafayevin yaydığı video-müraciətə də toxunulub. Tural Mustafayevin sözügedən video-müraciətdə səmimi etiraflarda bulunması təqdir edilsə də, onun hüquq mühafizə orqanlarının, bəzi vəzifəli şəxslərin təhriki və təhdidi ilə məcburi şəkildə şikayətçi olması, hakimiyyətin dövlətin resursları ilə böhtan ataraq öz vətəndaşını şərləyib həbs etməsi, başqa insanları şantaj altında bu məsələdə vasitəçiyə çevirməsi kəskin pislənilib.

İclasda həmçinin AXCP fəalı Fuad Əhmədlinin naməlum şəkildə oğurlanması və 9 gündür ki, girov saxlanması, eyni zamanda, Müsavat partiyası başqanının müavini Fərəc Kərimliyə siyasi sifarişlə 6 il yarım həbs cəzası verilməsi pislənilib.

Koordinasiya Mərkəzinin toplantısında siyasi məhbusların hüquqlarının müdafiəsi işinin gücləndirilməsi və Azərbaycanda siyasi məhbus probleminə dair ictimai dinləmənin keçirilməsiqərara alınıb.

XS
SM
MD
LG