Accessibility links

Qurum mövcud ictimai-siyasi vəziyyət, siyasi həbslər, siyasi məhbusların durumu ilə bağlı müzakirə keçirib

“Azərbaycanda siyasi məhbus problemi İlham Əliyevlə bağlıdır. O özündə güc tapıb böyük tədbir qabağı (Avropa Oyunları-red) bu problemi həll etməldir”. Bu bəyanatla mayın 19-da Milli Şuranın Koordinasiya Mərkəzinin Beynəlxalq Mətbuat Mərkəzində mövcud ictimai-siyasi vəziyyət, siyasi həbslər, siyasi məhbusların durumu ilə bağlı keçirilən müzakirələr zamanı Milli Şuranın sədri Cəmil Həsənli çıxış edib.

Milli Şura dinləmələr keçirib

Milli Şura dinləmələr keçirib

Çoxsaylı insanın, məhbus ailələrinin qatıldığı müzakirələrdə ölkədə hazırda ictimai-siyasi durumun ağırlığı, 80 nəfər siyasi məhbusun olduğu, həbsxanalarda məhbuslara ağır işgəncələr verildiyi diqqətə çatdırılıb.

“Elşad Babayev 12 saylı cəzaçəkmə müəssisəsində döyülərək həyatını itirib. Qarabağı düşmən tapdağından azad edə bilməyənlər, Qarabağda şmon (axtarış-red) keçirə bilməyənlər həbsxanalarda şmon keçirirlər, insanlara işgəncə verirlər. Ötən əsrin 30-40-cı illərinin repressiyaları zamanı görünməyən işgəncələri dövlət adından çıxış edənlərin hərəkətlərində görürük”, Həsənli qeyd edib.

Milli Şura sədri siyasi məhbus kimi tanınan 80 nəfərlik siyahını auditoriyanın diqqətinə çatdırıb. Bu siyahıda siyasi liderlər, QHT rəhbərləri, din xadimləri, jurnalistlər, blogerlər və digərləri yer alıb.

Milli Şura dinləmələr keçirib

Milli Şura dinləmələr keçirib

“Azərbaycan bir tərəfdən qapılarını Avropaya açdığını bildirir, digər tərəfdən isə həbsxanalarının qapısını Avropa dəyərlərini müdafiə edənlər üçün açıb”, Həsənli ironiya ilə bildirib.

Həbslər yalnız siyasi məzmun kəsb etmir, artıq ümumxalq problemə çevrilib.

“Elşad Babayev siyasi deyildi, amma döyüb öldürdülər. Onun ölümü ciddi siqnaldır. Yenə siyasi məhbsuları, QHT liderlərini, jurnalistləri müdafiə edənlər var. Sadə vətəndaşları müdafiə edənlər də yoxdur”, deyə yaxınlarda əfvlə həbsdən azad edilmiş hüquqşünas Qurban Məmmədov bildirib.

O, Elşad Babayevin dünyasını dəyişən zamanı 12 saylı cəzaçəkmə müəssisəsində saxlanıldığını bildirib.

Müzakirələrdə Stalin rejimi metodlarının hazırda qüvvədə olduğu diqqətə çatdırılıb. Siyasi şəxslərin ailə üzvlərini, qohumlarını həbs edirlər, onlarla görüş imkanı vermirlər. Bu zaman Əli Kərimlinin qaynı, Cəmil Həsənlinin qızı, Fərəc və Sirac qardaşları, Leyla Yunusun həyat yoldaşı Arif Yunus, Oqtay Gülalıyevin oğlunun adları xüsusi vurğulanıb.

Siyasi məhbus kimi tanınan şəxslərin ailə üzvlərinin çıxışlarında daha çox işgəncələr yer alıb. AXCP fəalı, hazırda məhkməsi gedən Elvin Abdullayevin anası Zülfiyyə Abdullayeva deyib ki, oğlu ağır işgəncələrə məruz qalır.

Milli Şura dinləmələr keçirib

Milli Şura dinləmələr keçirib

“Oğlumu niyə döyürsünüz? 3 gün əllərini bağlayıb, 10 nəfər dubinka ilə döyüb. Ac saxlaıyblar, tualetə də buraxmayıblar. Paltarlarını götürdüm, cırıq-cırıq idi. Döyürlər ki, əqidəsindən dönsün. O, əqidəsindən dönməyəcək. Sifariş veriblər, narkotiklə tutublar. Nə narkotik, nə narkobaron? O, ikinci təhsilini alır, 3 dil bilrir. Mənim balamın yeri həbsxana deyil, təhsil partasıdır. İnsanlar fikrini azad ifadə etməlidir. Niyə manqurtlaşdırırsınız? 4 aydır oğlumla görüş vermirlər. “Azadlıq” qəzeti də vermirlər. “Azadlıq”dan qorxurlar”. Abdullayevanın bu kövrək və mübariz tonlu çıxışı salonda davamlı alqışlara səbəb olub.

Siyasi məhbus kimi tanınmış Səid Dadaşbəylinin anası İradə Dadaşbəyli oğlunun yüksək təhsilli olduğunu və əqidəsindən dönmədiyinə görə 2007-ci ildə dövlət çevrilişi ittihamı ilə həbs edildiyini deyib.

“İttiham aktına yazıblar ki, dövlət çevrilişi olub. Mən 2007-ci ildən sual edirəm ki, axı hakimiyyətdə olanlar devirilməyib. Bu süalıma cavab verən tapmıram. Oğlum və onunla həbs edilənlər ağır məhrumiyyətlərə məruz qalıb”, ana qeyd edib.

“Siyasi Məhbuslarsız Azərbaycan” Alyansının koordinatoru Oqtay Güləliyev son 22 ildə Azərbaycanda 2200 nəfərin siyasi fəaliyyətinə görə həbs edildiyini bildirib.

Milli Şura dinləmələr keçirib

Milli Şura dinləmələr keçirib

“Bu şəxslərdən 1500 nəfəri yerli və beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınıb. Maraqlıdır ki, həmin şəxslərin yarıdan çoxunun adını ilk dəfə Leyla xanım təqdim edib və onun köməkliyi ilə həmin insanlar siyasi məhbus kimi tanınıb. Leyla Yunusun tərtib etdiyi 2 siyahıda (716 nəfərlik və 134 nəfərlik) ölkədə son 22 ildəki siyasi məhbusların yarıdan çoxu yer alıb”, o qeyd edib.

Güləliyevin sözlərinə görə, son 22 ildə Azərbaycanın siyasi leksikonuna siyasi məhbuslarla bağlı yeni terminlər də daxil olub.

“4 iyun Gəncə işi” məhbusları, “OMON” məhbusları, “Şahmərdan Cəfərovun işi” üzrə məhbuslar, “Saxta dövlət çevrilişi işi” məhbusları, “Seçki” məhbusları, “ 2 aprel” məhbusları, “Vicdan” məhbusları, “Kür” məhbusları, “İsmayıllı” məhbusları, “Binə” məhbusları, “Hicab” məhbusları, “NİDA-çı” məhbuslar, “Eurovision” məhbusları, “Like” məhbusları, “QHT” məhbusları, “Facebook” məhbusları və sair”, hüquq müdafiəçisi qeyd edib.

Çıxışlarda hakimiyyətin Leyla Yunusun və Xədicə İsmayılın, İntiqam Əliyevin timsalında vicdanlı insanlardan qisas aldığı dəfələrlə təkrarlanıb.

“Biz həbsaxanaya şapka ilə girdik, şapka ilə də çıxdıq. Əqidə qeyrətdir, o satılmır”, deyə siyasi məhbus kimi həbsdə olmuş hüquq müdafiəçisi Vidadi İsgəndərli deyib və əlavə edib ki, həbsxanada onun venasına 40 iynə vurublar. Hüquq müdafəçisi ağır cərrahi əməliyyat olunacağını da diqqətə çatdırıb.

İnanclı insanların həbsindən danışılarkən dindarların narkotiklə həbsi kəskin etirazla qarşılanıb. “İslamı saxta narkotik ittihamı ilə ləkələmək olmaz”, -deyə etiraz bildirilib.

Qarabağ Uğrunda İslam Müqavimət Hərəkatının sədri, Milli Şuranın üzvü Rövşən Əhmədli deyib ki, həbslər mübarizəyə görə verilir. İnanclı insanlar, Milli Şuranın üzvü Hacı Tale Bağırov həbsdədir.

“Biz Qarabağda döyüşlərdə olmuşuq, amma əsirlərə, yaralılara humanist yanaşmışıq. Onlara işgəncə verməmişik və bu yola əl atılmasına da imkan verməmişik. Bu gün Yəməni bombarduman edib şeyxləri, dinc müsəlmanları öldürən konstitusiyasız kral hakimiyyəti ilə həbsxanalarda dindarlara işgəncələr verən Azərbaycan hakimiyyətinin fərqi yoxdur. Bu hərəkətlər hakimiyyət üçün yaxşı gələcək vəd etmir. Ölüm qorxusu belə bizi demokratiya uğrunda mübarizədən çəkindirə bilməz”, Əhmədli deyib.

"O zamanlar siyasi mülahizələrlə həbs olunanlar əli silahlılar idi. İndi həbs olunanlar əli kitablılardır". Gültəkin Hacıbəyli

Mərhum prezident Heydər Əliyev Avropa ilə qarşıdurmaya getməyərək siyasi məhbusları azad edib. İnidiki hakimiyyət görünür Heydər Əliyevdən çox bilir, Avropa ilə qarşıdurmaya gedir. Bu sözlərə xitabən Milli Məclisin Avropa Şurasında daimi nümayəndə heyətinin keçmiş üzvü Gültəkin Hacıbəyli deyib ki, təcili olaraq təxirəsalınmadan xəstə, işgəncəyə məruz qalmış Leyla Yunus, Xədicə İsmayılova, İntiqam Əliyev və digərləri azad edilməlidir.

“O zamanlar siyasi mülahizələrlə həbs olunanlar əli silahlılar idi. İndi həbs olunanlar əli kitablılardır. Fərq budur. İndi həbsdə olanlar dünyanın ən nüfuzlu mükafatlarının laureatlarıdır, dünyada hər bir şəxsin hörmət etdiyi ziyalılardır”, deyən Gültəkin Hacıbəyli əlavə edib ki, “həbsdə işgəncələr Azərbaycana baş ucalığı gətirmir” .

AXCP sədri Əli Kərimli Azərbaycanda "qarşıdurma olarsa iqtidardakıların itirəcəklərini" deyib.

“Siz cəmiyyəti qarşıdurmaya sürükləyirsiniz. Bu ölkədə milyardlarla mülkləriniz var. İndi ofşorlardakı pullarınızı da Azərbaycana gətirmək istəyirsiniz. Əslində qarşıdurmanın olmamasında siz maraqlı olmaslısınız”, deyə o, iqtidara mesaj göndərib.

AXCP sədri hakimiyyətin Avropa idmançılarının Azərbaycan barədə yaxşı düşünmələri üçün bütün imkanlardan istifadə etdiyini deyib.

“Amma, Avropa Parlamenti oyunları boykot edir. Niyə siz, idmançılara yaxşı, siyasətçilərə, paralamentarlara pis görünmək istəyirsiniz?”, sual edib.

Kərimli hakimiyyəti tutduğu yoldan daşınmağa, digər diktatorların yolunu getməməyə çağırıb.

“Diktatorların sonluğunu bilirsiniz. Görün, kim deyə biləcək ki, işgəncə doğrudur. Kim deyə bilər ki, xanımları, dindarları həbs etməyiniz yaxşıdır. Kim deyə bilər ki, həbsxanada Elşad Babayevi öldürməyiniz yaxşıdır. Siz azadlıqlara qəddarlıq etdikcə dəstəyiniz azalacaq”.

"O diktatorlar şanslıdır ki, onlar demokratik seçki keçirib uduzublar". Əli Kərimli

​AXCP sədri iqtidara bütün repressiyalara baxmayaraq güclü müxalifətin olduğunu xatırladıb.

“Diktatorlara baxın. Xalq qalxarsa sizi xalqın məhkməsindən xilas edib hüquq məhkəməsinə təqdim edəcək müxalifət var. İlham Əliyevə müraciət edirəm, yaranmış vəziyyətdən istifadə edib dayanın. O diktatorlar şanslıdır ki, onlar demokratik seçki keçirib uduzublar. Bu şansınız hələ var”, Kərimli qeyd edib.

Müzakirələrin sonu olaraq Milli Şuranın Koordinasiya Mərkəzi bəyanat qəbul edib.

Sənəddə deyilir ki, yaranmış vəziyyətdən doğa biləcək bütün hadisələr və faciələrə görə məsuliyyət indiki rejim sahiblərinin üzərinə düşür.

“Xalqımız öz dövlətinə, milli sərvətinə və övladlarının gələcəyinə sahib çıxmalı, bu hakimiyyətin antixalq, genosid siyasətinə son vermək üçün öz iradəsini ortaya qoymalıdır. Hakimiyyət qısa müddətdə öz antimilli siyasətinə son qoymayacağı, 2015-ci il parlament seçkilərini qanuni keçirmək üçün ciddi siyasi, hüquqi islahatlar aparmayacağı halda ölkədə baş verə biləcək bütün siyasi-iqtisadi problemlərin məsuliyyətini daşıyacaq”, bəyanatda qeyd edilir.

Öz növbəsində, iqtidar ölkədə bütün fundamental azadlıqların təmin edildiyini, insanların əqidəsinə görə həbs edilmədiyini dəfələrlə bildirib.

Yüksək rəsmilər Azərbaycanda siyasi və iqtisadi azadlıqların, mətbuat və internet azadlığının tam təmin edildiyini bəyan edib. “Azərbaycanda siyasi məhbus yoxdur”, prezident İlham Əliyev bildirib.

Bununla yanaşı beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycanı siyasi məhbusları azad etməyə çağıran çoxsaylı bəyanatlarla çıxış etməkdədir. Beynəlxalq təşkilatlar həmçinin hakimiyyəti iyunun 12-də Azərbaycanda başlayacaq ilk Avropa Oyunları öncəsi siyasi məhbusları azad etməyə çağırır.

Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı Azərbaycanda otuzdan çox insanı “vicdan məhbusu” elan edib.

Show comments

XS
SM
MD
LG