Accessibility links

Aksiyada Talana son!, Siyasi məhbuslara azadlıq! şüarları qaldır;lacaq, insanların yanğında həlak olmasının günahkarlarının cəzalandırılması tələb ediləcək

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) mayın 30-da “Məhsul” stadionunda mitinq keçirəcək. Aksiya saat 15.00-dan 17.00-a qədər keçiriləcək. Bu barədə Amerikanın Səsinə DQMŞ-nin Mitinq Komitəsinin üzvü, AXCP sədr müavini Fuad Qəhrəmanlı bildirib.

Mitinqdə mart-aprel ayında keçirilmiş aksiyalarda olduğu kimi – “Talana son!”, “Siyasi məhbuslara azadlıq!”, “Seçkilərə azadlıq!” şüarları ilə yanaşı, mayın 19-da yanğın nəticəsində insanların kütləvi şəkildə həlak olmasında təqsirli olanların cəzalandırılması tələb ediləcək.

AXCP sədri Əli Kərimli Facebook səhifəsində yazıb:

“Elə zamanlar olur ki, artıq susmaq mümkün olmur, sadəcə yazıb tənqid etmək kifayət etmir. İndi o zamandır. Səsimizi qaldırıb, “Bu xalqla bu qədər saymazyana, acımasız davrana bilməzsiniz” demək zamanıdır.

- Yandırılaraq, boğularaq öldürülmüş soydaşlarımızın, körpə balalarımızın qanının batırılmasına;

- Əsl cinayətkarların hələ də iş başında qalıb meydan sulamasına;

- Büdcə vəsaitlərinin talan edilməsinə, mənasız israfçılığa;
- Manatın devalvasiyasının bütün ağır nəticələrinin sadə xalqın çiyninə qoyulmasına;
- Dəhşətli kredit faizlərinə, dollarla krediti olan vətəndaşlarımızın ikiqat soyulmasına;
- Korrupsiyaya, monopoliyaya, hüquqsuzluğa;
- Əsgər ölümlərinə;
- Qarabağ qazilərinin özlərini öldürmə həddinə çatdırılmasına;
- Siyasi məhbusların azad edilməməsinə etiraz etmək üçün, xalqımıza azadlıq, ədalət və hüquq tələb etmək üçün meydanda olacağıq. Siz də gəlin! Meydanlara çıxmaq, şərə etiraz etmək zamanıdır. Bədbəxtliyin hər birimizin qapısını döyməsini gözləyə bilmərik!”, o qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl DQMŞ mitinqi mayın 31-də keçirməyi planlaşdırırdı. Lakin Bakı şəhər icra hakimiyyəti aksiyanı mayın 30-da keçirməyi təklif edib. DQMŞ təklifi qəbul edib.

XS
SM
MD
LG