Accessibility links

Demokratik Qüvvələrin Milli Şurası ölkə iqtisadiyyatını neftdən asılı vəziyyətə salaraq faktiki olaraq ölkəni iqtisadi böhrana gətirib çıxarmış hakimiyyətin yarıtmaz siyasətinə, talançı əməllərinə, işsizliyə və bahalaşmaya etiraz edən xalqın haqlı tələblərini dəstəklədiyini bəyan edir. Bu barədə Milli Şuranın bəyanatında deyilir.

Milli Şura hökuməti böhranın qarşısını almaq, insanların ağır sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırır. Ilk növbədə bu tədbirlərin tərkib hissəsi kimi un və taxıl məhsullarının, yanacağın qiymətinin aşağı salınmasını tələb edir.

“Milli Şura hakimiyyəti xalqın konstitusion hüquqlarına hörmətlə yanaşmağı, vətəndaşların sərbəst toplaşmaq azadlığının həyata keçirilməsinə şərait yaratmağı, zorakılığa yol verməməyi, həbs olunanların azadlığa buraxılmasını tələb edir” sənəddə qeyd edilir.

Demokratik Qüvvələrin Milli Şurası həmçinin hakimiyyətin öz haqqını tələb, ağır sosial-iqtisadi durumdan narazılıq edən xalqa qarşı zorakı addımlar atmasından narahatlığını bildirir, son hadisələr zamanı həbs olunanların dərhal azadlığa buraxılmasını tələb edir.

Sənəddə deyilir ki, Siyəzəndə keçirilən etiraz aksiyası zamanı vətəndaşlara qarşı zorakılığa yol verilib, rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə olunub. Yerli sakinlərdən 55 nəfər saxlanılaraq polis bölməsinə aparılıb. Saxlanılmış şəxslərdən bir neçəsi haqqında cinayət işi qaldırılıb, bəzi şəxslər inzibati məsuliyyətə cəlb edilib.

Lənkəranda keçirilən aksiyaya görə AXCP rayon şöbəsinin sədri Nazim Həsənov və Müsavat Partiyasının yerli təşkilatının sədri Imanverdi Əliyevə Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 1 ay inzibati həbs cəzası verilib.

XS
SM
MD
LG