Accessibility links

Milli Şura sentyabrın 24-də mitinq keçirməkdən imtina edib


Milli Şura mitinqi

Milli Şura mitinqi

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) Azərbaycan Konstitusiyasına düzəlişlər üzrə referenduma qarşı sentyabrın 24-nə təyin edilmiş mitinqi keçirməkdən imtina edib. Bu barədə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev bildirib.

Onun sözlərinə görə, aksiyanın keçirilməməsinə səbəb 17 sentyabr aksiyasının iştirakçılarının əsassız həbsləridir.

“Razılaşdırılmış mitinqlərin iştirakçılarını da saxlayırlarsa, zəmanət verilmiş azadlıq şərtləri haqqında danışmağa belə dəyməz. Təqsirsiz insanların həbsinə yol verməmək üçün mitinq ləğv olunub”, deyə o bildirib.

Öz növbəsində, Milli Şuranın bəyanatında qeyd edilir ki, “razılaşdırılmış dinc mitinqlərin iştirakçılarına qarşı qanunsuz və zorakı əməllər referendumun tamamilə qeyri-legitim olduğunu təsdiq edir”.

"Azərbaycan hakimiyyəti 11 və 17 sentyabr mitinqlərinin iştirakçılarına qarşı çoxsaylı qanunsuz əməllərə yol verib, artıq razılaşdırılmış aksiyaları dağıtmağa çalışıblar, onun iştirakçılarına maneələr yaradıblar.

17 sentyabr mitinqindən əvvəl ölkənin rayonlarında 86 AXCP fəalı saxlanılıb, Bakıya gedən yollar bağlanıb.

Bu maneələrə baxmayaraq, mitinqlər yüksək səviyyədə keçirilib.

Minlərlə insan güclü yağışa baxmayaraq, meydana yığışıb monarxiyanı qanuniləşdirmək planlarına “yox” deyib” ,bəyanatda bildirilir.

"Məhz bundan sonra polis və mülki geyimli şəxslər 17 sentyabr mitinqinin yekunlaşdıqdan sonra təxribatlara əl atıb və heç bir səbəb olmadan onlarla insanı döyüb və həbs ediblər. Bu, insanları qorxutmaq və yeni mitinqlərin keçirilməsinin qarşısını almaq məqsədilə edilib.

Hakimiyyət etiraf edib ki, Azərbaycanda toplaşmaq azadlığı yoxdur. Konstitusiyaya düzəlişlər edilməsi prosesi rəqabətin, müzakirələrin və etiraz üçün imkanların olmaması şəraitində həyata keçirilib. Bu göstərir ki, 26 sentyabr referendumu elementar hüquqların tapdanması şəraitində keçirilir.

“Konstitusiyaya zidd olduğuna görə bu referendum əvvəlcədən legitim ola bilməz, dinc razılaşdırılmış aksiyaların zorakılıq yolu ilə pozulması isə bunu bir daha təsdiq etdi”, deyə DQMŞ-nin bəyanatında qeyd edilir.

XS
SM
MD
LG