Accessibility links

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik iyunun 5-də Füzuli, Ağdam və Tərtər rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar haqqında hesabat təqdim edib.

Agentliyin mətbuat xidməti bildirib ki, Tərtər rayonunun Şıxarx kəndində iki ev və həyətyanı sahəyə, iki otlaq sahəsinə baxış keçirilib. İki partlamamış hərbi sursat aşkar edilərək götürülüb. Agentliyin bildirdiyinə görə, bunlar 37 və 122 millimetrlik top mərmiləri olub.

Bundan başqa, Tərtər rayonunun Cəmilli kəndindən iki, Ağdam rayonunun Qaradağlı kəndində də bir partlamamış sursatın aşkarlandığı bildirilir. Onların isə «Qrad» qurğusunun hissələri olduğu qeyd edilir.

Agentlik bildirir ki, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində, Qar-Qar çayının sahilində də bir TM-62M tank əleyhinə mina aşkar olunub. Minanın daşınması mümkün olmadığından onun bu gün partladılması nəzərdə tutulur.

Agentliyin verdiyi məlumata görə, aprelin 7-dən iyunun 5-dək 498 hərbi sursat, 11 piyada əleyhinə mina (PMN), 3 piyada əleyhinə POMZ-2 və 7 tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

XS
SM
MD
LG